Onlayn multi-aktivlərin ticarəti və investisiya üzrə ekspert sayılan “Saxo Bank” Çində Şanxay Dünya Ticarət Mərkəzində yeni ofisinin açılışını elan edib. Şanxay ofisinin açılışı “Saxo Bank Group”un Asiya regionunda qlobal onlayn treydinq xidmətlərinin göstərilməsində yeni bir addımdır. Maliyyə texnologiyaları sahəsində pioner olan “Saxo Bank” fərdi və institusional investorlar üçün çoxsaylı mükafatlara layiq görülmüş multi-aktivlərin ticarəti üzrə onlayn platforma təqdim etmiş ilk Skandinaviya bankıdır.
Bir müddət öncə HTML5 dilində işlənmiş və yeni açıq tətbiq proqramı interfeysi (APİ) ilə hazırlanan “SaxoTraderGO” platformasını istifadəyə verməklə bank müştərilərə cihazlararası inteqrasiya vasitəsilə əməliyyatlar aparmağa imkan verib. “Saxo Bank”ın Çin ofisi Exo Zaonun rəhbərliyi altında fəaliyyət göstərir. O da öz növbəsində “Saxo Bank Group”un Asiya və Sakit okean regionu üzrə icraçı direktoru Adam Reynoldsa hesabat verir. Xanım Zao maliyyə xidmətləri sənayesinin veteranı olmaqla çoxillik təcrübəyə malikdir. Qeyd edək ki, o, öz karyerasına “Saxo Bank”ın Kopenhagen ofisində on il əvvəl başlayıb.
“Saxo Bank Group”un həmtəsisçiləri, həmçinin icraçı direktorları olan Kim Furne və Lars Seyer Kristensen birgə bəyanatlarında bildiriblər: “Şanxay azad ticarət zonasında ofisimizin açılması çox mühüm bir hadisədir. 9 il bundan öncə Asiya və Sakit okean regionu üzrə bankın baş qərargahını Sinqapurda təsis etmişik və o vaxtdan etibarən sözügedən regionda əməliyyatların həcmi və maliyyə xidmətlərinə olan tələb davamlı olaraq artır. Məhz buna görə Şanxay azad ticarət zonasında fəaliyyətimizi genişləndirməyə qərar verdik. Çin Xalq Respublikası (ÇXR) qlobal olaraq ən əhəmiyyətli bazara çevrilməkdədir. Çinin təşəbbüsü olan İpək Yolu layihəsi və layihənin dəniz marşrutu ekvivalenti regionda iqtisadi inkişafı stimullaşdırır, belə ki, bütün Avrasiya boyu yaradılacaq infrastruktur, tikinti işləri və dəmir yolları böyük həcmdə investisiya tələb edir. Bazarların genişlənməsi və iqtisadi inkişafın yeni mərhələsi dövründə şirkətlər və fiziki şəxslərin investisiyalarını müstəqil idarə etməyə maraq göstərməsi maliyyə xidmətlərinə marağı artırır. Onlar daha müasir texnologiya və geniş çeşidli multi-aktiv maliyyə məhsullarına ehtiyac duyurlar ki, “Saxo Bank” məhz bunları təklif edir.”
“Saxo Bank” investorlara 30 min maliyyə alətindən faydalanmaq fürsəti yaradır. Bunlara dünyanın 30-dan çox maliyyə bazarında qeydiyyatda olan səhmlər, 160 valyuta cütü, 8700 CFD (Qiymət Fərqinə dair Müqavilələr), 1500 ETF və ETC, fyuçers və digər aktivlər aiddir. “Saxo Bank”ın xidmətləri “Saxo Trader” platformalar qrupunda təqdim olunur.
“Saxo Bank” haqqında:
“Saxo Bank” özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edən və multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır. Onun TradingFloor.com maliyyə ictimai portalı multi-aktivlərin online ticarəti üçün ilk sosial platformadır. Avropada tam lisenziyaya malik olan ”Saxo Bank” müştərilərinə kompüter, planşet və smartfonlarda vahid akkauntla 20 dildə əlçatan olan və mükafata layiq görülmüş ” SaxoTrader” platforması vasitəsilə FX, CFDs, ETFs, ”Stocks”, ”Futures”, ”Options” və s. platformalarda ticarət aparmaq imkanını yaradır. Sözügedən platformanı dünya üzrə 100-dən çox maliyyə təşkilatı bəyənib. ”Saxo Bank” ənənəvi bank xidmətləri ilə yanaşı ”Saxo Privatbank” vasitəsilə peşəkar portfolio və pul vasitələri menecmentini də təklif edir. 1992-ci ildə təsis edilmiş “Saxo Bank”ın baş ofisi Kopenhagendə yerləşir. Bundan başqa, bankın Avropa, Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrika və Avstraliya da daxil olmaqla 26-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.