ABŞ-ın nəhəng House Networks, Cablevision, Comcast, Cox Communications və Time Warner Cable internet-provayder şirkətləri qarşılıqlı olaraq abunəçilərə yüksəksürətli internetdən pulsuz istifadə xidmətləri göstərmək üçün mövcud Wi-Fi şəbəkələrini birləşdirəcəklər.
Şəbəkədən yararlanmaq üçün istənilən beş provayderdən birinin xidmətlərinin abunəçisi olmaq kifayət edir. Əvvəlcə şəbəkə Nyu-York, Filadelfiya, Los-Anceles, eləcə də Florida ştatının bir hissəsinin 50 min çıxış nöqtəsini özündə birləşdirəcək, gələcəkdə isə şəbəkənin genişləndirilməsi planlaşdırılır, Digit yazır.
Bu qərar telekommunikasiya şirkətlərinin daha yüksək sürət və etibarlı bağlantı təklif etməklə simsiz şəbəkə abunəçilərinin sayını artırmağa səy göstərməsi ilə əlaqədar qəbul edilib.
Tədricən şəbəkəyə qoşulma avtomatik olacaq. Belə ki, bütün çıxış nöqtələri eyni “CableWifi” identifikatoru daşıyacaq.