Rabitəbank ASC 30 iyun 2012-ci il tarixində yaranmasının 19 ilini qeyd edəcək. 1993-cü ildə ixtisaslaşdırılmış bank kimi fəaliyyətə başlayan Rabitəbank, tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilmişdir. Hazırda Rabitəbankın müştəriləri istehsalat, tikinti, kənd təssərüfatı, nəqliyyat, ticarət, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələr və fərdi sahibkarlardır. Eyni zamanda, bank fiziki şəxslərə də bütün növ maliyyə xidmətləri göstərir.
Fəaliyyət göstərdiyi 19 il ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 18 filial, 2 şöbə və 1 nümayəndəlikdən ibarət filial şəbəkəsini yaradaraq, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Ağcəbədi, Qax və Kürdəmir daxil olmaqla ölkənin 14 regionunda təmsil olunmuşdur. Rabitəbankın Baş İdarəsi və filiallarında calışan 400-dən cox əməkdaş bankın 46 minədək müştərisinə xidmət olunmasını təmin edir.
Beynəlxalq maliyyə strukturları ilə uğurlu əməkdaşlığı Rabitəbankın şəffaflığının və beynəlxalq standartlara uyğunluğunun bariz göstəricisidir. 1997-ci ildən Beynəlxalq Maliyyə Korporasiya (İFC) ilə başlayan əməkdaşlıq hazırda həmçinin İslam İnkişaf Bankı (ICD), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə davam etdirilir. İnkişaf maliyyə fondları ilə yanaşı, Rabitəbank əlavə maliyyə vəsaitləri cəlb etmək məqsədilə ABŞ və Avropanın investisiya fondları və iri bankları ilə əməkdaşlıq edir. Beynəlxalq maliyyə institutları ilə uğurlu əməkdaşlığın nəticəsi olaraq Standard & Poor’s reytinq şirkəti tərəfindən 2010-cu ildə aparılmış araşdırmanın nəticələrinə əsasən Rabitəbank Azərbaycanın 5 ən şəffaf bankları siyahısına daxil edilmişdir.
2011-ci ilin 1-ci rübünün yekunlarına görə, bankın aktivlərinin həcmi 141 mln. manat, balans kapitalı 23 mln. manat, kredit portfelinin həcmi 102 mln. manat, müştəri depozitləri 80 mln. manat təşkil edir.
19 il ərzində toplanmış təcrübə, Azərbaycanın müxtəlif reqionlarını təmsil edən müştərilərə muasir bank xidmətlərinin təqdim olunması, peşəkar işci kollektivi, geniş xidmət infrastrukturu və beynəlxalq maliyyə institutları ilə işgüzar əməkdaşlıq Rabitəbankın gələcəkdə də uğurlu inkişafı üçün möhkəm bünövrə yaratmışdır.