İspaniyanın rabitə operatoru Telefonica şirkəti HTML5 veb-standartına əsaslanan Firefox OS əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonun prototipini nümayiş etdirib. 
Şirkət nümayəndələri iPhone və çoxsaylı Android-qurğuların olduğu halda bu platformadan istifadə etməyə qərara gəlmələrinin səbəbini izah ediblər. Firefox OS operatora Android əməliyyat sistemindən asılılığına son qoymaqla yanaşı, qurğuların funksionallığına xələl gətirmədən onun dəyərini aşağı salmağa imkan verəcək. 


Telefonica nümayəndələri ƏS-i xüsusilə inkişaf etməkdə olan ölkələrin smartfon bazarının artımında mühərrik rolu oynamasını düşünərək platformanın əvvəllər oxşar layihələrin düçar olduğu uğursuzluqlardan sığortalandığını hesab edirlər.


Smartfonun prototipi ABŞ-ın mobil qurğular üçün prosessor istehsalçısı Qualcomm şirkəti tərəfindən hazırlanıb. Telefonica nümayəndələri prototipi nümayiş etdirərkən onun çoxfunksionallığını, məlumat mübadiləsi funksiyasını, Facebook və oyunlara çıxış imkanını göstəriblər. Prototip sensor ekrana və dörd sensor düyməyə malikdir. Şirkət nümayəndələrinin sözlərinə görə, təqdim edilən bütün funksiyalar HTML5 standartı bazası əsasında yaradılıb. 
Bundan başqa, Telefonica nümayəndələri bildirirlər ki, Firefox OS əsasında əlavələrin yaradılması Android və iPhone üçün əlavələrin 75 faizinin məhz HTML5-in bazasında təşəkkül tapması, eləcə də güclü Mozilla birliyinin və brendin məşhurluğu sayəsində asan olacaq. 
Qiyməti 100 dollardan çox olmayan Firefox OS əməliyyat sistemli ilk smartfon satışa 2013-cü ilin birinci rübündə Braziliyada çıxarılacaq. 
Mozilla şirkəti tərəfindən smartfonlar üçün öz əməliyyat sisteminin hazırlanmasının planlaşdırılması barədə ilk dəfə 2011-ci ilin iyulunda məlum olub.