DəmirBank müştəri xidmətinin inkişafı üzrə davamlı olaraq müxtəlif işlər həyata keçirir. Bank ixtisaslaşmış treninq şirkəti cəlb edərək bütün filial əməkdaşları üçün müştəri xidməti keyfiyyəti mövzusunda treninq təşkil edib.


Treninq proqramı “Express Group” şirkəti tərəfindən həyata keçirilir. Təlim hər qrup üçün 5 gün davam edir və 5 moduldan ibarətdir: Müştəri xidmətinin qanunları, Müştəri ehtiyaclarının müəyyən edilməsi, Daxili müştərilərə xidmət, Narazı müştərilərlə iş və İşə pozitiv yanaşmanın sirləri. Proqram Amerikanın “Service Quality Institute” “Telephone Doctor” nüfuzlu təlim proqramlarının əsasında hazırlanıb və Azərbaycan tələblərinə adaptasiya edilib. Təlim proqramı nəzəriyyə ilə yanaşı, müxtəlif testlərdən, video çarxlardan, praktiki tapşırıqlardan və məşğələlərdən ibarətdir.


“DəmirBank müştəri xidməti sahəsində müxtəlif tədbirlər görür və bu sahədə treninqlərə də böyük önəm verir. 2012-ci ilin sonuna qədər davam edəcək treninq proqramı Bankın bütün filial əməkdaşlarını əhatə edəcək. Ümumilikdə hər həftə 1 qrup olmaqla, ilin sonuna qədər 20 qrup, digər sözlərlə isə 300-dən çox əməkdaş bu treninqi keçəcəklər. Bu layihə Bankda müştəri xidməti keyfiyyətinin yüksəldilməsinə yönəlib”, - deyə, DəmirBank-ın İdarə Heyəti Sədrinin müavini Yusif Cabbarov bildirib.


Ölkənin ilk banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.