Fərdi kompüter istehsalçıları 2012-ci ilin sonunadək Microsoft Windows 8 əməliyyat sisteminin idarəetməsi ilə işləyən və Intel Atom prosessorları (Clover Trail platforması) ilə təchiz edilən 20-yə yaxın planşet kompüter modelini bazara çıxarmağı planlaşdırırlar. Bu barədə Intel şirkətinin prezidenti və baş icraçı direktoru Pol Otellini bildirib.
Xatırladaq ki, Windows 8 əməliyyat sisteminin buraxılması 2012-ci ilin oktyabr ayına nəzərdə tutulur. Yeni əməliyyat sisteminin bazası əsasında işləyəcək ilk planşet kompüterlər bazara Windows 8 ilə eyni vaxtda çıxarılacaq. Intel-in tərəfdaşları Atom prosessorlu planşetlərə əlavə olaraq hazırda Windows 8-in bazasında Intel Core prosessorlu qurğuları da layihələşdirirlər.
Şirkətin tərəfdaşları Intel prosessorları ilə təchiz edilən Windows 8 əməliyyat sistemli planşetlərlə yanaşı, ultrabuklar da hazırlayırlar. P.Otellinin sözlərinə görə, indi 140-a yaxın nazik noutbuk modeli işlənib hazırlanır. Bunun 40 modeli sensor ekrana malik olacaq.
Yeni modellərin bir hissəsi payızda satışa çıxarılacaq. Şirkət prezidentinin sözlərinə görə, Intel və onun tərəfdaşları bəzi qurğuların başlanğıc qiymətlərinin 699 dollar olacağına ümid edir.