23-25 sentyabr tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Türkiyə Banklar Birliyinin (TBB) birgə təşkilatçılığı ilə ABA-nın “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” Ekspert Qrupunun Türkiyəyə səfəri baş tutub.


“Türkiyə Təcrübə Mübadiləsi Proqramı” adı altında keçirilən görüşlər çərçivəsində ABA-nın Ekspert Qrupu banklar, aidiyyatı dövlət qurumları və ödəniş sistemi şirkətləri ilə görüşlər keçirmişdir.


İlk olaraq TBB-nin ekspertləri tərəfindən bank sisteminin cari vəziyyəti, həyata keçirilən islahatlar, rəqəmsal ödənişlər və xarakterik xüsusiyyətləri, tətbiq edilən innovativ ödəniş həlləri istiqamətində təqdimatlar keçirilmişdir.


Davamında “Granti Bank” və “İş Bankası”nın, habelə Banklararası Kart Mərkəzinin ekspertləri tərəfindən rəqəmsal ödənişlər, blokçeyn texnologiyası, innovativ texnologiyalar, o cümlədən mobil həllər, habelə ödəniş kartları ilə aparılan əməliyyatlarda “interçeync” xidmət haqlarının tətbiqi mövzusunda mövcud təcrübə açıqlanaraq qarşılıqlı fikir mübadiləsi aparılmışdır.


Səfərin ikinci günü isə “Türkiyə Yapı Kredi Bank A.Ş”də keçirilən görüşdə bankın Kart Marketing İdarəetməsi departamenti tərəfindən rəqəmsal ödənişlərdə fəaliyyət strategiyası və son nailiyyətlərə dair ətraflı məlumat verilmişdir.


Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının və Mərkəzi Bankın nümayəndələrinin təmsil olunduğu Ekspert Qrupunun səfəri çərçivəsində Türkiyə Bankaçılıq Düzenleme və Denetleme Kurumunun nümayəndələri ilə keçirilən görüşü ödəniş ekosisteminin yeni iştirakçıları olan ödəniş təşkilatı və elektron pul təşkilatlarının fəaliyyətinin tənzimlənməsi, açıq bankçılıq texnologiyasının tətbiqi, banklarla fintexlərarasında qarşılıqlı əməkdaşlıq, ödəniş kartları ilə aparılan əməliyyatlarda banklar arasında xidmət haqlarının formalaşdırılması prinsiplərinin müzakirə edilməsi ilə yadda qalmışdır.


Səfərin son günündə isə ilk olaraq, “T.C. Ziraat Bank A.Ş” ilə görüş keçirilmiş, bankın ödəniş sistemlərindəki təcrübəsi öyrənilmişdir. Səfərin son görüşü isə Türkiyə Mərkəzi Bankının nümayəndələri ilə keçirilmişdir. Görüşdə ödəniş ekosistemi infrastrukturu və onun komponentləri, aparılan islahatlar, Mərkəzi Bankın bu sahədə rolu və vəzifələri ətrafında qarşılıqlı fikir mübadiləsi aparılmışdır.


Bu kimi səfərlərin ABA-nın digər Ekspert Qrupları üçün təşkil edilməsi də planlaşdırılır.