facemark.az-ın FİL reklam agentliyinin dijital marketinq meneceri Nigar Qurbanzadə ilə olan müsahibəsini təqdim edirik.


- Nigar xanım, bu gün müştərilər ilə işdə sizin üçün prioritet nədir? Böhrandan əvvəl və sonra prioritetlərinizdə nələr dəyişib?


Ümumi şəkildə desəm, FİL reklam agentliyi olaraq bizim üçün ilkin prioritet müştəri məmnuniyyətini təmin etməkdir. Hazırki vəziyyət bir çox biznes sahibləri üçün böhran kimi görünə bilər, lakin bu böhran deyil, sadəcə fırtına öncəsi səssizlikdir. Yəni, fikrimi ümumiləşdirib desəm, hazırda bizim üçün prioritet, bizimlə birlikdə çalışan brendlərdə böhran sonrası müvəffəqiyyət fırtınası yaratmaqdır və buna doğru da çalışırıq.


- İstər rəhbərliklə, istərsə də müştərilər ilə görüşlər artıq onlayna keçib. Belə görüşlərə öncədən hazırlaşırsınız?


Bəli, bir çox mövzularda, həm rəhbərliklə, həm də müştərilərlə mütəmadi onlayn görüşlər edirik. Təbii olaraq, təkliflərimizi öncədən hazırlayıb, müzakirələr etdikdən sonra görüşlərimizi edirik ki, görüş zamanı fikir uyğunsuzluğu və yaxud əlavə vaxt itkisi yaşamayaq.


- Onlayna keçiddən sonra işin effektivliyində dəyişiklik hiss edirsinizmi?


Onlayn keçiddən sonra sanki işlərin həcmi artıb. Lakin effektivlik baxımından yanaşsaq, deyərdim ki, hazırda bütün dünya onlayn rejimə keçdiyi üçün sosial medianın effektivliyi istənilən biznes sahəsində özünü parlaq şəkildə bürüzə verir.


İşlərimizin bütün mərhələsində ideyanın hazırlanması, postun ideya üzərindən ərsəyə gəlməsi, paylaşıma uyğun ən maraqlı kontentin yazılması, daha sonra həmin paylaşımın reklam edilməsi, yəni bütün addımlar effektivlik dərəcəsi ölçülərək hər zaman icra olunur. Onun üçün istər ofis daxili, istərsə də onlayn rejimdə işlərimizin effektivlik dərəcəsi düşünürəm ki, eyni olaraq qalıb.


- Bu gün SMM sahəsi özünün “çiçəklənmə dövrünü” yaşayır. Çalışdığınız agentliyin performansını necə qiymətləndirərdiniz?

Sosial media elə bir sahədir ki, tək bu gün deyil, daim çiçəklənmə dövrünü yaşayır. Mən bu sahəyə ilk olaraq kompüter operator olaraq başlamışam və zaman keçdikcə artıq əmin oldum ki, gələcək kariyeram məhz bu sahə üzrə olacaq və hazırda dijital marketinq meneceri statusunu qazanmışam. İlk iş təcrübəm koorperativ şirkətdə olub və əsasən bir brend üzərində çalışmışam. Lakin agentlik olaraq ilk təcrübəmi məhz FİL reklam agentliyində başladım. Öncə tərəddüdlərim var idi. Lakin Aysel xanımla ilk müsahibəm zamanı anladım ki, düzgün seçim qarşısındayam. Ümumilikdə FİL reklam agentliyində çalışmaq, eyni məqsəd üzərindən irəliləmək, düşünürəm ki, “FİL” qüvvəsinə bələd olmaq, uğurlu karyeranın zirvəsinə gedən “yaşıl yoldur”.


- Hansı keyfiyyətlər Sizi FİL reklam agentliyində işləməyə sövq edir?


  • Komandanın daimi inkişaf yönümlü istiqamətləndirilməsi;
  • Dəyərli komanda üzvləri;
  • Hədəf olaraq ilklərdə olmağı seçən əzmli müştərilər;

Bu və digər saymaqla bitirə bilmədiyim keyfiyyətlər məni FİL reklam agentliyi ilə daimi əməkdaşlığa sövq edir.

- İşdə motivasiyanızı necə qoruyub saxlayırsınız?


Əgər müştəri tərəfindən edit gəldisə, komandamızın xüsusi bir musiqisi var və komanda liderimiz Aytən xanım o musiqi ilə bizi ruhlandırır. Həmçinin komanda üzvlərimizlə birlikdə keçirdiyimiz dialoqlar, pizza time-lar, çay-tort break-ləri ilə motivasiyamızı qoruyuruq.