PULQABINIZDA YER AYIRIN!
Cibimizdə nəğd pul daşımadan, nəğd pulun yerinə istifadə edilən plastik kartlar artıq həyatımızın bir parçası olmağa başladı. Artıq indiki vaxtda ''cibdə görünən zənginlik'' ifadəsi nəğd pul deyil, plastik kart sayı və bu kart içərisində olan istifadə limitimizdir. Ölkəmizdə də istifadəsi gün keçdikcə artan kredit kartının; istifadəsi, üstünlükləri, mənfi cəhətləri, iqtisadiyyata təsiri və Azərbaycanda kredit kartı istifadəsinin nə vəziyyətdə olduğunu Bank of Azerbaijan Müşahidə Şurasının üzvü Ahmet Haytaoğlu ilə danışdıq. Ahmet bəyin plastik kart haqqında verdiyi bilgilərdən əvvəl kredit kartının istifadə edilməsi barədə bir neçə müsbət cəhətdən bəhs etmək istəyirəm.
Həm istehlak, həm də yatırım tələbi baxımından, kredit kartlarının ölkədə əmək səviyyəsinin artmasında iştirak etməsi bir həqiqətdir. Kredit kartları lazımi xərclərin, mal və xidmət tərzinin artmasında vasitəçi olaraq, lazım gəldiyində banklara əlavə qaynaq təmin etməsi baxımından, investisiyalarda iştirak etdiyi nəzərə alındığında, əmək səviyyəsinə müsbət təsiri olan bir alver vasitəsi kimi qarşımıza çıxmaqdadır. Plastik kartlar bir tərəfdən mal və xidmət satın alınmasında istifadə edilərkən, digər tərəfdən də ATM'lərdən pul ayırarkən istifadə edilə bilən, bank daxilində xidmət göstərən personal sayının azalmasına təsiri var. Aparılan bir araşdırmaya görə ATM'dən edilən bir əməliyyatın xərci 25-30 sent tutarkən, bank personalının etdiyi əməliyyatın xərci 1.75 dollardır...
Əslində, plastik kart istifadəsinin sonsuz sayda üstünlükləri var. Amma biz, plastik kartların mənfi xüsusiyyətlərini nəzərdən keçirərək, Ahmet bəylə müsahibəmizə bu şəkildə başlayaq...
Ahmet bəy, Azərbaycanda bir çox bankın plastik kartdan daha çox istifadə edilməsi barədə layihələrinin olduğunu bilirik. Mən, şəxsən, kredit kartının həddindən artıq istifadəsinin bazarda çox tələb yaradıb inflyasiyanı yüksəldə biləcəyini düşünürəm. Sizcə, Azərbaycanda belə bir risk varmı?
"Belə bir örnəklə, bu vəziyyətə aydınlıq gətirək. Məsələn, bir işçi aylıq 1000 manat maaş alır. Bu maaşın 750 manatını xərcləyir və hər ay 250 manatı qırağa qoyur, il sonunda bu pul təqribən 2500-3000 manat olur. Bu pulla da Türkiyədə tətil etmək istəyir. Biz, o çalışana deyirik ki, hazır yığılmış pulu xərcləmə. Bizdən plastik kart al və 3000 manatı sənə biz verək və sən də bu pulu bizə 5 aylıq kreditlə geri ödə və sənin tətil üçün yığmış olduğun pul yenə əlində qalsın. İstəsən, o pulu gətir, biz faiz verək və yenə sən qazanmış ol. Yəni, bu pulu iqtisadiyyata qazandır. Kredit kart istifadəsi nə qədər artarsa artsın, xarici faktorlar olmadığı müddətcə inflyasiya yüksəlməz. İlk baxışda, tələb artacağı üçün inflyasiyanın yüksələcəyi görünməsinə baxmayaraq, uzun dövrdə xərcləri azaldan bir təsir yaradacağı üçün, açığı, mən belə bir risk görmürəm."
Yaxşı, bəs plastik kart istifadəsi, bir ölkənin iqtisadiyyatını və istifadəçisini nə kimi üstünlüklərlə təmin edir?
"Kredit kartlarının istifadə olunmsı dövlətin maliyyə sistemində böyük əhəmiyyət kəsb edir. Odur ki, nəğd əməliyatların azalmasına və elektron mübadiləşmənin artmasına gətirib çıxarır. Həmçinin, ödəniş hesabatlarında və əməliyatlarındakı şəffaflığa səbəb olar. Bir ölkədə kredit kartı nə qədər çox istifadə edilsə, iqtisadiyyatda qanunsuzluq bir o qədər azalar. Kredit kartı istifadəçisi üçün isə istifadə rahatlığı, vəsaitin təhlükəsizliyi, vaxta qənaət və şəxsi büdcəsinə nəzarət imkanı verir. Bundan başqa, insanların özləri ilə nağd pul daşıması bir riskdir. İtər və ya oğurlana bilər. Plastik kart istifadəsi bu riski də ortadan qaldırır. Amma təbii ki, plastik kartdan doğru istifadə etmək lazımdır. Bu vəziyyət buna oxşayır: Həkim sizə gündə bir dəfə qəbul etmək üçün dərman yazır, amma siz beş dəfə qəbul etsəniz ölə bilərsiniz. Həkimin sizi yaxşılaşdırmaq üçün verdiyi məsləhəti səhv istifadə etsəniz, bu, sizə zərər verə bilər. Yəni, plastik kart möcüzə bir şeydir, amma ondan səhv istifadə etməmək şərtiylə!"
Azərbaycanda kredit kartından istifadə edilmə nisbəti istədiyiniz səviyyədədirmi?
"Azərbaycanda hələlik, təxminən 4.5 milyon plastik kartdan istifadə olunur. Bunların 2.250.000-i təqaüd kartlarıdır ... Digər öndə gələn ölkələrlə müqayisədə, Azərbaycanda plastik kartlardan istifadə sayı o qədər də çox deyil. Amma ötən illərlə müqayisə edilə bilməyəcək şəkildə kredit kartından istifadənin artdığını görürük. İstifadəçilər istehlak kredilerini yeni nəğd kredit əldə etməkdənsə, plastik kart vasitəsi ilə onlara verilən kredit xəttindən istifadə etməsinə üstünlük verir."
Bankınızın kredit kartı vermə prosesi necədir?
"Əgər müraciət sahibi nizamlı olaraq bir yerdə çalışırsa, aldığı maaşı idarə edə bilirsə, maaşındaki qanuni vergiləri ödəyirsə, biz, bank olaraq ona kredit imkanı təmin edə bilərik. Məsələn, 500 manat maaş alan birinə 1000-1500 manat arası bir məbləğdə kredit təmin edə bilərik."
Kredit kartının daha çox adam tərəfindən istifadə edilməsi və təşviqi üçün Bankınızın layihələrindən bəhs edərsinizmi?
"Kredit kartını ümumiyyətlə, insanlar ATM-lərdən və bank şöbələrindəki post terminallardan pul çəkmək üçün istifadə edirdilər. Amma artıq pərakəndə əməliyyatlarda də istifadə edilməyə başlandığını görürük. Biz də “Bank Of Azərbaijan”olaraq, bu ilin əvvəlindən etibarən kredit kartlarımızın pərakəndə əməliyyatlarda də istifadəsini təşviq edirik. Ayrıca, Azərbaycanda ilk olaraq reallaşdırdığımız bir layihədə, kredit kartını müştərilərimiz xaricdə istifadə etdiklərində çox əhəmiyyətli üstünlüklərlə təmin olunurlar. Biz bu kampaniyanı ''Adama qalan gəzməkdir'' şüarıyla başladıq. Müəyyən bir rəqəmin üzərindəki xərclərinin 5 aylıq kreditlə və faizsiz olaraq geri ödəyə bilərlər. Bu layihədən çox əhəmiyyətli səmərə aldıq və almağa da davam edirik. Hətta bunu da rahatlıqla deyə bilərik ki, digər banklarda işləyən personalın çoxu bizim bu kartımızı alaraq xaricə çıxırlar. Çünki öz Bankında kredit alsa, bir ay sonra bu pulu ödəyəcək, amma krediti bizdən aldığında 5 aylıq kreditlə ödəmə imkanları var. Təbii olaraq, rəqib bank əməkdaşları da bankımızın bu xidmətinə görə bizi seçirlər."
Türkiyədə, ya da Avropada olduğu kimi müştəriləriniz, plastik kartla etdikləri xərclərini kreditlə ödəmə imkanına nə vaxt qovuşacaqlar?
İş yerləriylə razılaşdığımız təqdirdə, avqust və ya sentyabra kimi belə bir işə başlayacağıq. Postlarımızın olduğu yerlərdən müştərilərimiz kreditlə alış-veriş edə bilərlər, xərcləmələrinə də bonus verəcəyik. Bu sistem Türkiyədəkilərdən də, Avropadakılardan da daha inkişaf etmiş bir sistem olacaq. Çünki onlar illər əvvəl öz sistemlərini yaratmışlar və o şəkildə davam edirlər. Amma biz son texnologiyadan istifadə edərək bu sistemi həyata keçirəcəyik.
Bankınızın verdiyi plastik kartlardan ən çox hansı sektorlarda istifadə edilir?
"Kartlarımız, ölkədə ümumiyyətlə, alış-veriş və restoranlarda, xaricdə isə səyahət firmaları, otellər və avtomobil icarəsi firmalarında istifadə edilir."
Müasir dünyamızda plastik kart istifadəsi bir seçim məsələsi deyil, az qala bir zərurət halına gəlmişdir. Müasir dünyanın bir parçası olan, Azərbaycanda da kredit kart istifadəsi bank sektorunun inkişafına paralel olaraq, yaxın bir gələcəkdə dünya standartlarına çatacaq. Bu anda adam başına düşən plastik kart Avropa Birliyi ortalamasından 1 ədəddir. Amerikada isə bu nisbət 3.6-dır. Türkiyə isə, 0.9 nisbətiylə adam başına düşən kredit kartı sayıyla dünyada onuncu sıradadır. İqtisadi statistikalar göz qarşısında saxlanıldığında ölkəmizdə də, adam başına düşən kredit kartı sayı olan 1 ədəd ortalamasına bir neçə il sonra çatacağı təxmin edilməkdədir.