YouTube, Azərbaycanda statcounter saytına, əsasən təxminən 18% əhali tərəfindən izlənilir. İzlənmə faizinin bu qədər olmasında təbii ki, pandemiya dövrünün də öz təsiri var. Belə ki, fevral ayında statistikaya, əsasən YouTube izləyən əhali 8% idi. Lakin COVID-19 səbəbi ilə evdə keçirilən vaxtlar YouTube-da izləyicilərin də sayını artırdı. Bəs Azərbaycan əhalisi YouTube-da daha çox nələrə baxır, hansı tip videolar izləyir? Gəlin birlikdə YouTube trend videolarını araşdıraq. Öncəliklə YouTube-da videonun trend olması nə deməkdir, hansı amillər videonun trendlərdə olmasını təmin edir? kimi sualları cavablandıraq.


YouTube-da videonun trend olması videonuzun inanılmaz böyük bir kütlə tərəfindən maraq gördüyü və bəyənildiyi mənasına gəlir. Trendlər ölkədən ölkəyə fərqlilik göstərir. YouTube trendləri müəyyən prinsiplərə əsasən formalaşır. Trendlərin müəyyənləşdirilməsində ən böyük rol oynayan məsələlər aşağıdakılardır;


Video yüklənildiyi anda böyük bir kütlə tərəfindən izlənilməsi


Yayımladığınız videonun görüntülənmə müddəti; Məsələn, 10 dəqiqəlik videonuz varsa və istifadəçilərin böyük qismi videonuzun 10 dəqiqəyə yaxın bölümünü izləmişsə trendlərə girmə şansınız artır.


Digər virtual şəbəkələrdə videonuzun paylaşılması; Əgər videonuz başqa platformalarda paylaşılırsa YouTube üçün önəm ərz edirsiniz deməkdir, bu da trendlərdə daha asan bir şəkildə yer almağınızı təmin edir.


Abunələrinizin istiqrarlığı; videonuzu izləyən insanlar eyni gün və ya həftə içərisində təkrar geridönüş edib videonuzu izləyirsə trendlərə girmə şansınız artır.


İndi isə keçək trenddə olan videolara, Azərbaycan YouTube trend videolarının 28%-ni əyləncəli və gülməli videolar, 20%-ni mahnılar və 18%-ni də türk serial və fraqmanları təşkil edir. YouTube-un istifadəçiləri isə daha çox 18-24 yaş aralığındadır və onlara bu tipli videoların heç bir fayda qatmayacağını qeyd edə bilərik. Düşünürük ki, onlar bu yaşlarını daha çox maariflənməklə keçirməlidirlər.



Başlayaq əyləncəli videolardan, əyləncəli videoların daha çox izlənməsi normal haldır. Lakin insanları əyləndirən zaman düşündürmək və onlara faydalı şeylər qatmaq da lazımdır. O tipli videolar sadəcə vaxtın boş keçməsini təmin etməməlidir. Həmçinin, insanların üzündə satirik gülüş də yaratmalıdır.


Türkiyə YouTube trendlərində ilk sırada serial fraqmanı yer alır və onların trend videolarının 22%-ni serial və fraqmanlar təşkil edir. Lakin hazırki seriallar 2-3 saat aralığında çəkilir və 30 dəqiqəyə sığışa biləcək bölüm məzmunu hər həftə gənclərimizin ömründən 2-3 saatını alır. Hətta cavan bir insanın baxdığı serialların çox olduğunu düşünsək, onlar istəsələr də özlərini inkişaf etdirmək üçün vaxt tapa bilməzlər. Mahnıların çoxsu isə eyni tiplidir. Trenddə olan videolar da daha çox tövsiyə olunur və nəticədə daha çox insanların izləməsinə səbəb olur. Belə mahnılara qulaq asıldıqca musiqi zövqü korlanmağa davam edəcək və yeni yazılacaq mahnılar da video izlənilsin deyə bu formada yazılacaq.


Trendlərdə digər diqqət çəkən məqam isə videoların sadəcə 4-ü azərbaycanlı youtuber-ların çəkdiyi videolardır və 32%-i də türk dilli videolardan formalaşmaqdadır. Digər ölkələrin Youtube trendlərində isə öz youtuber-larının hazırladığı videolar çoxluq təşkil edir. Əslində gənclərimizin çəkdiyi çox faydalı, önəmli videolar youtube-da çoxluq təşkil edir. Lakin trendlərdəki videolar qədər izlənilmir. Video məzmun yeni trend olmaya bilər, lakin sosial media sahəsində vacib ünsür olaraq qalmaqdadır. Ona görə də, belə bir mühüm platformada ümid edək ki, azərbaycanlı gənclərimizin Youtube-da fəaliyyəti getdikcə artar və böyük uğurlara imza atarlar.



Son olaraq, Danny Goodwin tərəfindən hazırlanan ‟2020-ci ilin sosial media trendləri” kitabından video məzmunun önəmi ilə bağlı məsələlərə diqqət yetirək. Müxtəxəssislərin fikrincə, indi müştərilər işləmək istədikləri markalardan video məzmun gözləyirlər. Qeyd olunur ki, rəqabətcil arenada ayaqda qala bilmək üçün indidən başlasanız yaxşı olar.


Kitabda video məzmunun önəmindən SEO-PR-ın prezidenti və qurucusu Greg Jarboe bəhs edir. O bildirir ki, 2019-cu ildə sosial media trendlərindən ən önəmlisi ‟video, video, video” idi. 2020-ci ildə də ağıllı marka və şirkətlər daha çox uğur əldə etmək üçün aparıcı sosial media hesabı olan YouTube-a daha çox diqqət yetirməlidirlər.


Alexa-nın statistikalarına, əsasən Youtube Google-dan sonra ikinci axtarış motorudur. Həmçinin son 3 ildə 1 milyondan artıq izlənmələrə malik olan kanallar əvvəlki illərə nisbətən 5 dəfə artmışdır. Həmçinin, satışla əlaqəli videolar son 2 ildə 5 dəfədən artıq artmışdır. Greg Jarboe qeyd edir ki, bütün bunları nəzərə alaraq video məzmunların məhsulun satışına müsbət təsir göstərdiyini statistikalardan görmək olar və buna görə də şirkətlər daha böyük sosial media uğuru əldə etmək istəyirlərsə YouTube-u nəzərdən qaçırmamalıdırlar.


Müəllif: Y.A.