Pandemiya film/animasiya sektorundan kənar keçmədiyi kimi, bu mövzu daxilində əziyyət çəkən anlayışlardan biri də festivallar oldu.


Kann Film Festivalı bu il keçirilmədi, Fəcr Film Festivalı isə 2021-ci ilin mayına qədər təxirə salındı. Sənətçilərin qiymətləndirilməsi üçün keçirilən mükafat tədbirləri də həmçinin pandemiyadan öz payını aldı və bir çoxu bir neçə ay sonra keçirilməsi üçün tədbir planını yenidən hazırladı.


Ancaq pis hadisələrdən danışmayaq. Şübhəsiz, bu dövrdə alternativ üsullarla öz izləyicisinə çatmaq istəyən festival təşkilatçıları da az olmadı. “Cannes Lions” bunlara misal göstərilə bilər, məsələn.


Bugünkü müsahibimiz isə festivalların pandemiya ilə yaranmış münasibətlərinə şərh verəcək, ANIMAFILM Beynəlxalq Animasiya Festivalının təsisçisi Rəşid Ağamaliyev oldu. Onunla birlikdə onlayn və oflayn festivalların fərqlərindən və təsirlərindən danışdıq.


- Kinematoqrafiya aləminin ən ikonik festivallarından biri sayılan Kann Festivalı bu il keçirilmədi, Fəcr Film Festivalı isə 2021-ci ilin mayına qədər təxirə salındı. Bu film festivallarının siyahısına çoxunu əlavə etmək mümkündür. Festivalların keçirilməməsi, yaxud təxirə salınması yaradıcı aləmə necə təsir göstərdi?


Rəşid bəy bildirib ki, film festivallarının keçirilməməsi, yaxud təxirə salınmasının yaradıcı aləmə təsiri var: “Filmin yaradıcı heyəti əsər üzərində bir neçə il çalışanda, təbii ki, istəyir, öz filmini böyük ekranda görsün. Bəzi prodüserlər “yaxşı vaxtlarını” gözləməyə qərar verir, öz filmlərini canlı premyera üçün saxlayır. Festivallar da böyük maddi və təşkilati çətinliklərlə üzləşirlər. Amma həyat davam edir və çoxlu festivallar onlayn və ya hibrid şəklində keçirilir. Təşkilatçılar festival mədəniyyətinin yeni formalarını axtarır. Bu, həqiqətən də, zəngin fantaziya və yaradıcılıq tələb edən işdir”



- Oflayn festivallarla onlayn festivallar arasındakı fərqi necə xüsusiləşdirərdiniz?


“Bu, bizim üçün yeni təcrübədir və hər hansısa yekun nəticələrimiz yoxdur. Təbii ki, onlayn və virtual tədbirlər heç vaxt canlı ünsiyyəti əvəz edə bilməyəcək. Digər tərəfdən isə pandemiyadan əvvəl sosial şəbəkələrin istifadəsi və onlayn “streaming” platformaların izlənməsi çox populyar idi. İndi isə sadəcə bu praktikaların gücləndirilməsi baş verir. Azərbaycana baxsaq, görəcəyik ki, bizdə o qədər də güclü festival mədəniyyəti yoxdur, amma sosial şəbəklərin istifadəsi praktikası isə çox güclüdür. Bu baxımdan, onlayn festivallar azərbaycanlılar üçün, ola bilsin ki, daha təbii gələcək, nəinki canlı festivallar. Bu, qəmli səslənsə də, doğru ola bilər. Dünya həqiqətən dəyişdi”.


- İyunda “Cannes Lions”adlı yaradıcılıq festivalı onlayn şəkildə keçirildi. “Onlayn festival” anlayışı festival mədəniyyətinə nə qazandırdı?


Fikrimcə, balaca və ya böyük bir festival onlayn keçirilirsə, qlobal bir xarakter alır. Necə ki, Facebook əvvəl bir yataqxanının tələbələri üçün əlaqə şəbəkəsi idi, sonradan isə qlobal bir fenomen çevrilib. Burada mən demokratik və qloballaşdırma prosesləri görürəm. Yerli festivallar balaca olsalar da, beynəlxalq hadisələrə çevrilə bilərlər.


- Reklam sahəsi də pandemiyadan əziyyət çəkənlər və bunu fürsətə çevirənlər olaraq iki yerə ayrıldı. Festivalların reklam və PR məsələləri pandemiya ərzində necə təşkil olunmalıdır ki, izləyicilərin diqqətini yenidən öz üzərinə çəkə bilsin?


Hər bir sənayə adından danışmaq istəmirəm, amma festivalımız adından deyə bilərəm ki, bizim PR strategiyamız o qədər də dəyişmədi. Pandemiyadan qabaq da sosial şəbəkələr və elektron nəşrlər PR baxımdan bizim üçün ən önəmli idi.



- Pandemiyanı fürsətə çevirənlərdən biri də ANİMAFİLM oldu. ANİMAFİLM məktəbi məhşur rejissorlarla ödənişsiz masterklasslar keçirir. İnsanların buna münasibəti necədir?


Bəli, hər zaman nikbin olmağa çalışırıq. Həqiqətən də, ANİMAFİLM məktəbi bizim üçün yeni bir nəfəs oldu, çünki onlayn dərslərimizə nəinki Bakıda, hətta ucqar kəndlərdə və xaricdə yaşayan uşaqlar və böyüklər qoşulur. Bu, çox sevindiricidir. Ödənişsiz təlimlərə yanaşı, ödənişli uzun müddətli animasiya kursları təşkil edirik.



- 3-cü ANIMAFILM Beynəlxalq Animasiya Festivalı 14-18 oktyabr 2020-ci il tarixlərində Bakıda keçiriləcək. Tədbirlərin oflayn, yoxsa onlayn olması nəzərdə tutulub?


Əslində, biz hələki rəsmi elan eləməmişik, amma sizə indi açıqlaya bilərəm ki, 3-cü ANİMAFİLM festivalı onlayn şəkildə təşkil olunacaq. Festivalı onlayn keçirmək heç də asan deyil və yeni çətinliklərlə üzləşirik, amma əminəm ki, izləyicilər üçün çox maraqlı olacaq. Hər kəsi bu animasiya bayramına dəvət edirəm!


Rəşid bəyə dəyərli cavabları üçün təşəkkür edir və festival sektorunda pandemiya ilə mübarizə aparan hər kəsə uğurlar arzu edirik!


Müəllif: Pəri Abbaslı