Dünya trendləri ilə ayaqlaşmağa çalışan zaman, gah büdrəyən, gah da yıxıldığı yerdən daha güvənli ayağa qalxan sektorlar pandemiya vaxtında nə yıxıldıqları yerdən qalxmağa can atdılar, nə də onlara uzadılan bir əl gördülər. Hər kəs "öz əlim, öz başım" deyərək işlərinə qoyuldu və karantin rejiminin tez bir vaxtda bitəcəyinə ümid etdi.


Bu çətin günlər geyim sektorundan, influenserlərin də həyatından yan keçmədi. Düzdür, pandemiya bəziləri üçün talesizlik olsa da, bəziləri üçün açılan yeni qapı oldu, amma hər nə oldusa da, getdikcə mülayimləşən karantin rejimi kiçik sahibkarlara da hava, su kimi kömək oldu.


Məhz bu səbəbdən kiçik sahibkarlar, yerli brend sahibləri bu dövrlərdə nə edir, müştərilərlə necə əlaqə saxlayır, özlərini necə motivə edirlər bu barədə bizə əsaslı məlumat verə biləcək bir müsahiblə - "Naveen Baku" geyim brendinin təsisçisi, dəb blogeri, influenser Nəzrin Ağarzayeva ilə söhbətləşdik. Olduqca geniş və əsaslı açıqlamalarla keçən söhbətimiz əsnasında əminəm ki, siz, həm yerli brendlərlə bağlı yeni düşüncələr mənimsəyəcək, həm də Nəzrinin simasında kiçik sahibkarların çətin də olsa, işlərinə olan sevgisini hiss edəcəksiniz. Odur ki, başlayaq:


- Sizi artıq brend təsisçisi kimi tanıyırıq. Gəlin, bu sualdan başlayaq, hər zaman yerli brend sahiblərinə bu işin müsbət tərəfləri haqda suallar verirlər, amma məlumdur ki, bu iş yalnız uğurlardan ibarət deyil. Siz özünüz yerli brend sahibi olaraq nələr qazanıb, nə fədakarlıqlar etmisiniz?


“Sahibkar” sözünün tərifi var: riskləri və xeyirləri öz üzərinə götürən adam. Bu baxımdan, öz brendimə vaxt, enerji, vəsait ayırmalı oldum. Bu işə 3-cü kursda olanda başlamışdım və o vaxtdan bilirdim ki, mən bu sahədə olmaq istəyirəm, ona görə də, ya bunu indi etməliyəm, ya da heç vaxt alınmayacaq. Orada 10 adamın işi var idisə, mən 10 adamın işini görürdüm. Bundan başqa, insanların sosial sahibkarlığı anlamaması da verdiyi mənfi enerji ilə insanı daha da yorurdu. İnsanlar başa düşmürdülər, yerli brend nədir. Biri xarici, biri yerli brend olmaqla qarşılarına iki geyim qoysan, yerli brend məhsulu daha keyfiyyətli olsa belə, opponent məhsul xarici brend olduğu üçün ona yenə də üstün veriləcək. Yerli brendə isə deyəcəklər ki, yox, sən bunu bu qiymətə yox, 1 manata satmalısan. Halbuki, onun maya dəyəri kütləvi bazarda satılan məhsulların maya qiymətindən qat-qat çoxdur.


- Qeyd etdiniz ki, bu brendi 3-cü kursda təhsil alarkən yaratmısınız. Bu, yəqin ki, 3-cü kursda oxuyan bir tələbə üçün reallaşdırıla biləcək ən yaxşı ideyalardan biridir. Və bir daha qeyd etdiniz ki, müştərilər “o vaxtı” yerli brendə çətinliklə etimad göstərirdilər. Bu illər ərzində proqress hiss etmisiniz?


“Showroom”u (qeyd: bundan sonra "şovrum" kimi) reallaşdırdıqda sonra, həqiqətən də, bu inkişafı görə bildim. Ora gələn insanlar məhsullara diqqətlə fikir verirlər və yerli dizaynerlərə şans vermək istəyirlər. Çünki görürlər ki, hətta xarici dizaynerlər də öz geyimlərində “polyester” materialdan istifadə edir, amma müştəri, həm də eyni materialdan tikilmiş, amma daha maraqlı dizayna sahib yerli brenddən ala bilər. Öz brendim baxımından onu deyə bilərəm ki, keyfiyyətə daha çox üstünlük verməyə başladığım son 2 ildə bu, özünü qiymətdə də göstərdi. Lakin görürəm ki, keyfiyyət axtaran insan o qiyməti də verməyə hazırdır. Çünki yenə də biz kütləvi bazar qiymətləri ilə “Naveen”in qiymətlərini müqayisə etsək, əslində, qiymətlərin eyni, keyfiyyətinsə “Naveen”in lehinə daha üstün olduğunu görəcəyik.



- Ümumiyyətlə, yerli brendlər arasında rəqabəti necə dəyərləndirirsiniz?


Sağlam rəqabət hər yerdə yaxşıdır, çünki sizə təkan verir. Bizdə isə rəqabət yavaş gedir. Şovrum kömək edir ki, dizaynerlər bir-birini görüb daha yaxşı işlər görməyə həvəslənsinlər. Amma rəqabətin güclü olması üçün daha böyük qurumlar bu işə cəlb olunub vəsait ayırsalar, yaxşı olar. Misal üçün qonşu Gürcüstandan danışa bilərik. Mən orada moda həftəsində olmuşdum. Dünyanın hər yerindən jurnallar gəlir: bunlardan bəziləri “Vogue”, “Elle” idi və mənim şəkillərim o jurnallarda çıxdı. Mən orada yalnız "Naveen"in geyimlərini geyinirdim. Onda başa düşdüm ki, mən doğru yoldayam bu yol isə sadəcə olaraq çətindir. Və bunu da başa düşürəm ki, müştərilər daha çox paltar tikdirməyi sevir, nəinki hazır geyimlər almağı, amma bu təcrübə - kolleksiya məhsulları almaq təcrübəsi daha da artsa, geyim brendləri arasında rəqabət də artar.


- Kolleksiya fikrinin yaranmağından alıcıya çatana qədər xam ideya hansı mərhələlərdən keçir?


Proses, əvvəlcə, ilham mənbəyini tapmaqla başlayır. Bu isə bir günün işi deyil - mən aylarla gördüyüm şəkillərdən, rəsm əsərlərindən, səyahətlərdən, oxuduğum kitablardan belə ilham alaraq kolleksiyalarımı yaradıram. Bir kitab var idi: “Azərbaycanın geyim mədəniyyəti”. O kitab heç yerdə tapılmırdı. Mən hansısa şəkildən onu gördüm, şəkildən yazıçını, yazıçı vasitəsilə isə nəşriyyat evini tapdım və onlarla əlaqə yaratdım. Qeyd etdilər ki, yalnız 1 nəşri qalıb və elə o nəşr də mənə nəsib oldu. Çalışıram kolleksiyalarıma Azərbaycandan da nəsə əlavə edim və bu “nəsə” buta və xalça deyil, sözsüz. Geyimlərim üçün spesifik olan sərt, kəskin xətlər elə ölkəmizin geyim mədəniyyətindən götürdüyüm nümunələrdir. Digər mərhələ geyimləri çəkməkdir. Bu mərhələdə həmişə çalışıram ki, məhsullar multifunksional olsun. Məsələn, əgər kostyumdursa, yalnız pencəyi, yaxud şalvarı almaq mümkün olur. Digər mərhələdə materiallar haqqında düşünmək lazım olur. Bu kolleksiya hansı aylar üçün, hansı fəsil üçün çıxacaq, bu mövsümə hansı parçalar uyğundur? Daha sonra texniki skeçlər çəkmək lazım olur. Bu, dərzilərlə danışıqda əsas məqamdır. Tikişlərin, düymələrin növünə qədər bir çox xırda detal həmin skeçlərdə öz əksini tapır. Daha sonra istehsal prosesi baş verir. Konstruksiyanı bilən insan olsam da, dərzilərlə görüşdə müzakirə zamanı bəzi detallar dəyişə bilir. Və istehsaldan sonra təhlil aparılır. Ondan sonra isə "moodboard"lar və fotoqraflarla, videoqraflarla danışıq, görüş, çəkilişlərin icra edilməsi. Bu il üçün də artıq bir yeniliyimiz var ki, sayt açmağı planlaşdırırıq. Alıcıya çatanda isə monitorinqi özüm edirəm, yoxlayıram. Bağlamalara qədər diqqət edirəm.



- Şovrum geyim sektoruna dair anlayışdır, buna görə də bir çoxumuz - geyim sektoruna kifayət qədər yaxın olmayanlar bu anlayışı dərindən bilmirik. İstəyirəm soruşum ki, ümumilikdə şovrum nədir və “Stock IN Stock OUT” layihəsi nəyi hədəfləyir?


Mağaza ilə şovrumun fərqi budur ki, biz mağazaya girib məhsullara baxıb, alıb çıxırıq. Butiklər də bu konseptə bənzəyir, lakin onlar daha kiçikdir. Şovruma “concept store” da deyirlər, fəqət bu, bir qədər fərqlidir. Yerli dizaynerlərin ayrıca mağaza açmağa vəsaiti olmadığı üçün şovrum anlayışı formalaşır, bu, bütün dünyada yayılmış bir təcrübədir. Və bizim də bir neçə dizaynerimiz bu barədə mənə müraciət etdilər, əvvəlcə, kiçik bir mənzil içində şovrum yaratsaq da, daha sonra bu işi böyütdük. Hətta şovrumu daha geniş mənzilə köçürəndə bir az tərəddüt hiss etsəm də, indi bunu etdiyimiz üçün çox sevinirəm. Həm də şovrumlarda dizaynerlər, kreativ təbəqədən olan insanlar gəlirlər, işlərini görürlər və sairə. Şovruma gələrək insanlar öz evləri kimi istifadə edə bilərlər.


Dünya şöhrətli dizaynerlərin də şəxsi şovrumları olur, buraya VIP müştərilər, kolleksiyanı digər ölkələrə ixrac edən satıcılar və digər dizaynerlər gəlib baxa bilir. Bir sözlə, şovrum mənzil konseptli səmimi mühitə sahib məkanlardır.


“Stock”un məqsədi və hədəfi isə yaxşı mühit yaratmaqdır. Şovrumda öz işlərini sərgiləyən dizaynerlər bir-birinə baxıb örnək götürə bilirlər, müştərilər bura gəlib bir kolleksiyaya baxırsa, digəri ilə də maraqlana bilir, dizaynerlər bir yerə yığılır və əlbəttə, yalnız dizaynerlər yox, həmçinin digər incəsənət adamları üçün də ilham mənbəyi olur.


- Pandemiya brendlərdən yan keçə bilməzdi. Bu dövrdə müştərilərlə kommunikasiya qurmağı necə bacardınız?


Naveen üçün kolleksiya gözləsək də, karantin rejimi buna imkan vermədi və buna görədir ki, Naveen stabilliyini qorudu, çünki yeni heç nə yox idi. "Stock"da isə karantin dövründə məhsul almaq istəyən müştərilərimizə kuryer vasitəsilə çatdırırdıq. Telegram, WhatsApp nömrələrimiz hər zaman müştərilər üçün aktiv idi.



- Son dövrlər gömrük haqqında olan qərarlar cəmiyyətdə müzakirələrə səbəb oldu. Kiçik sahibkarlar, biznes insanları bir kənara, elə sadə vətəndaşların özü də xaricdən tez-tez məhsullar sifariş verir. Bu işin içində olan biri kimi, sizin qərara olan münasibətiniz necədir?


Əlbəttə, mən də bunun mənfi təsirini görürəm. Bəzi insanlar düşünür ki, bu qərar rəqabətə görə, daxili bazarın inkişafı üçündür və sairə.


Hətta bəzi marketoloqlar da bu qərarın lehinə fikir bildirib.


O marketoloqların əsas hissəsi sahibkarlıq işi görməyən insanlar olduqlarına görə belə fikirlər səsləndirə bilərlər. Sahibkarlıqla məşğul olanlar isə bunu daha yaxşı başa düşə bilər - ölkədəki vəziyyəti görməzdən gəlib bu haqda lehinə danışmaq, məncə, çox da uyğun deyil.


Bir kiçik nümunə verim ki, keçən il mən Şəki ipək fabrikindən parça almaq üçün çox əziyyət çəkdim. Telefon nömrələri, saytları yoxdur və əlaqə qurmağa çalışdığım şəxslərdən də çox çətinliklə nömrə ala bildim. Zəng edib geyim istehsalçısı olduğumu və parça almaq istədiyimi qeyd etdim, dedilər ki, o parçalar geyimlər üçün deyil və rəng seçimi yoxdur, rəng aparatımız xarab olub. Sonradan öyrəndim, bizdə baramalar yetişir və başqa ölkələrə satılır, bizdə istehsal olunmur. Olunanlar isə yalnız kəlağayılar üçündür, o parça isə daha nazikdir və tez cırılır, geyim üçün uyğun deyil.


Bu cür situasiyada olan ölkə gömrüyə elə bir məhdudiyyət qoyanda biz nə xaricdən, nə də öz ölkəmizdən nəsə ala biləcəyik. Bura da mağazalar məhsulları xaricdən gətirirsə, demək qiymətlər qat-qat baha olacaq.


Şəki parçası tapa bilməyən mən Honkonq və Türkiyədən sifariş edirəm. Və əgər buna gömrük rüsumu tətbiq olunsa, onsuz da, yerli dizaynerlərdən almayan insanların sayı daha da çoxalacaq - qiymət fərqlərinə görə heç kim məhsul almayacaq. Həmçinin kiçik satış səhifələri idarə edən insanlar var. Onların arasında tələbələr, işləməyən, universiteti yeni bitirən insanlar var. O səhifələrin yaranma səbəbi də elə burada seçimlərin olmamasıdır.


- Və son olaraq, sizin oxuculara demək istədikləriniz nələrdir?


Uğursuzluqdan qorxmamaq, eqo və kompleksləri isə kənarda tutmaq lazımdır. Rəfiqəmin bir sözü var: özümüzdən razı olanda kreativlik ölür. Ona görə də heç bir halda özümdən razı ola bilmirəm. Həmçinin mükəmliyyətçilik gözəl olsa da, bunu mental sağlamlığımıza təsir etməyəcək şəkildə qurmaq lazımdır.


Bunu da əlavə edim ki, işə yeni başlayanda başqalarının işinə söz atmaq yeni bir tendensiyadır. Hamımız öz işimizi görməkdənsə, başqasının bostanına daş ataraq bir yerə çata bilmərik. İşimizə fokuslanaq, uğursuzluqdan qorxmayaq.


Müəllif: Pəri Abbaslı