İnternetdən uzaq qalmaq hazırki dövrdə çox çətindir. Lakin ehtiyacımızdan daha artıq istifadə asılılığa gətirib çıxarır. 2001-ci ildən etibarən internet istifadəçilərinin sayı 1000% artmışdır. Hazırda dünya əhalisinin 62%-i internetdən istifadə edir. Və internetlə həll edə biləcəyimiz işlərimiz çoxaldıqca, onlayn olduğumuz müddət də getdikcə artır. Ortalama internet istifadəçisi gündə 6 saat internetdən istifadə edir. Sosial media internetdən istifadənin ən əsas səbəbidir. Və sürətli artım göstərir. Dünya üzrə hər saniyə 11 insan sosial mediadan istifadə etməyə başlayır və istifadəçilərin sayı illik olaraq 90% artır.
- İnternetdən istifadənin cihazlara görə bölgüsü;
- Mobil telefon - 52%;
- Dizüstü və stolüstü kompüter - 43%;
- Tablet - 4%;
- Başqa vasitələr - 0.14%;
Tədqiqatçılar tərəfindən diaqnostik kriteriyalar təqdim olunsa da, bununla bağlı bir çox araşdırmalar aparılsa da, internet asılılığı hələ də rəsmi olaraq psixoloji problem olaraq tanınmır. Hazırda mobil cihazlar və sosial mediada asılılıqla bağlı araşdırmalar getdikcə artmaqdadır. İnternet asılılığı ilə bağlı hazırki araşdırmaların çoxu internet istifadəçilərinin 50%-nin yaşadığı Asiyada həyata keçirilir. Dünya üzrə internet asılılığı 1.5-8% olduğu qeyd olunur. İnternet asılılığın formalaşmasında ən təhlükəli yaş qrupu 12-20 yaş aralığıdır. Xüsusilə bu yaşlarda internet istifadəsi internet asılılığına çevrilə bilər. Hətta internetdən asılılıq Cənubi Koreyada milli sağlamlıq problemi olaraq elan edilib.
- İnternet asılılığı olan insanlar;
- Planlaşdırdıqları müddətdən daha uzun vaxt ərzində onlayn olurlar;
- Onlayn olduqları vaxtı azaltmağa cəhd göstərirlər və uğursuzluqla nəticələnirlər;
- Başqalarından onlayn olduqları müddəti gizlətməyə çalışırlar;
- Kompüter qabağında çox oturmaqdan və yuxusuzluqdan adətən halsız olurlar;
- Kompüterdə daha çox vaxt keçirmə ehtiyacı, kompüter qarşısında keçirilən vaxtın artırılma ehtiyacı hiss edirlər;
- Ətrafındakılar onların uzun müddət onlayn olmağından şikayətçi olurlar;
- Bütün enerjilərini internetdən istifadəyə yönəldirlər və əlavə məsələlərə çox az enerjiləri qalır;
- İnternetdən uzaq olduqda gərgin, əsəbi və həvəssiz olurlar;
- İnternetdən istifadə etməyə başladıqda isə özlərini daha enerjili hiss etməyə başlayırlar;
İnternet asılılığı olan insanlarda müşahidə edilən psixoloji pozuntuların faiz nisbəti;
- Diqqət əskikliyi hiperaktivlik pozuntusu-14%
- Hipomaniya-7%
- Borderline şəxsiyyət pozuntusu-14%
- Qidalanma pozuntusu-2%
- Obsessiv kompulsiv pozuntu-7%
- Sosial aksiyete pozuntusu-15%
Bu pozuntular internet asılılığının səbəbi və ya nəticəsi də ola bilər.
Yaponiyada internet, sosial adaptasiya problemi yaşayan gənclərin daha da cəmiyyətdən uzaqlaşmasına gətirib çıxarmışdır. Bu gənclər demək olar ki, oyaq olduqları müddəti sadəcə öz kompüterlərinin qarşısında oturaraq keçirirlər. Və hətta ailə üzvləri ilə belə ünsiyyət qurmurlar. Virtual aləmə həbs olmuş formada həyatlarına davam eliyirlər. Lakin Yaponiya Səhiyyə Nazirliyi tərəfindən bu vəziyyət xəstəlik olaraq qeydə alınmır, daha da sosial izolyasiyaya məruz qalan gənclərin hər daim olduğunu və hətta internetin onların sosial aləmdə də olsa ünsiyyət qurmalarını təmin etdiyi üçün müsbət olaraq dəyərləndirilir.
Ümumi araşdırmalara, əsasən belə nəticəyə gəlmək olar ki, internetdən asılılığın xəstəlik olub-olmaması məsələsi açıq sual olaraq qalır. Bəs, siz nə fikirdəsiniz? Rəylərinizi bizimlə şərh bölməsində paylaşın.