Bir zamanlar əlçatmaz görünən xaricdə təqaüdlə təhsil artıq, Azərbaycanlı tələbələr üçün o qədər də əlçatmaz deyil. Bu dəfə təqaüdlə təhsil ala biləcəyiniz Avropa ölkələrindən danışacıyıq.


- Polşada təhsil və təqaüd proqramları


İlk dayanacağımız Polşadır. Çoxlarının da bildiyi kimi son dövrlərdə xüsusilə Azərbaycandan Polşaya təhsil almaq üçün gedənlərin sayı artmaqdadır. Bəs buna səbəb nədir? Digər Avropa ölkələriylə müqayisədə Polşada yaşam xərcləri daha aşağıdır. Yaşam xərcləriylə yanaşı, tələbələr üçün əsas amillərdən biri- universitetlərin illik ödənişləri də nisbətən aşağıdır. Polşada yaşayaraq Schengen vizası ilə bütün Avropada sərbəst səyahət etmək imkanınız olacaq. Təhsili burada bitirdikdən sonra iş imkanlarının genişliyi isə Polşanı təhsil almaq və yaşamaq üçün daha da cazibədar edir.


Burada University of Warsaw, University of Wroclow, Warsaw University of Technology, University of Lodz, University of Gdansk kimi bir çox yaxşı səviyyəli universitetlər var. Polşa universitetlərinə qəbul olmaq üçün TOEFL və yaxud da IELTS imtahanları tələb olunur. Həm magistr, həm də bakalavr üçün. Əgər dil sertifikatınız yoxdursa, o zaman bəzi hallarda ilk ili dil kursunda iştirak edir, növbəti ildən ənənəvi olaraq təhsilinizə davam edirsiniz. Polşa universitetlərində bakalavr təhsili almaq üçün 11-ci sinfi bitirib qəbul olmaq mümkündür.


Polşada təhsil almağınızı asanlaşdıran bir sıra təqaüd proqramları var. Bunlara “Gənc Alim Təqaüd Proqramı”, “Lane Kirkland Təqaüd Proqramı”, “Visegrad Təqaüd proqramı” (visegradfund.org) və s. daxildir.


Bu proqramlara nələrin daxil olduğunu öz rəsmi veb səhifələrindən daha ətraflı öyrənə bilərsiniz.


- Estoniya təqaüdlə təhsil


Estoniya rəqəmsal və texnologiya sahəsində öz sözünü demiş ölkələrdən biridir. Əgər Estoniyanın ən yaxşı 3 universitetini saysaq sıralama belə olar:


- Tartu Universiteti;


- Tallin Texnologiya Universiteti;


- Tallin Universiteti.


Estoniyada universitetlərə müraciət edərkən təhsil ingiliscə olduğu üçün ingilis dili biliklərinizin kifayət etdiyini göstərən hər-hansı beynəlxalq dil sertifikatı təqdim etməlisiniz. Burada aylıq yaşayış xərcləri təxmini 300-500 avro arası dəyişir. Təqaüd isə təxminən 350-400 avro arasıdır. Estoniyada tələbələr üçün iş imkanları da genişdir. Tallin şəhərində bu imkanlar nisbətən daha çoxdur. Burada tələbələrə həftəlik 20 saat işləmək icazəsi verilir.


Əgər siz magistr üzrə müraciət edirsinizsə, bu zaman qəbul olmaq üçün bakalavr təhsilində tələbənin əldə etdiyi ortalama və dil sertifikatı ilə yanaşı, seçdiyi ixtisasın bakalavr ixtisasına uyğunluq dərəcəsi də müəyyən rol oynayır.


Estoniyada təhsil imkanlarını araşdırmaq və ən uyğun magistr və ya bakalavr proqramını tapmaq üçün DreamApply platformasına daxil ola bilərsiniz. Burada təhsil almaq istədiyiniz dili seçərək uyğun tədris proqramını axtara bilərsiniz.


Keçək əsas məsələyə - təqaüd. Universitetdən qəbul aldıqdan sonra Dora təqaüd proqramına müraciət edirsiniz. Onu da qeyd edək ki, aylıq təqaüd üçün ödənişsiz və ya ödənişli əsaslarla universitetdən qəbul olmağınızdan asılı olmayaraq bu proqrama müraciət edə bilərsiniz. Bundan əlavə, siz Estoniya hökumətinin əcnəbi tələbələrə ayırdığı təqaüd, universitetlərin təqaüd proqramları, müxtəlif təşkilatların tələbələrə dəstək üçün ayırdığı təqaüdlər kimi müxtəlif fürsətlərlə də qarşılaşa bilərsiniz.


- Visby təqaüdü ilə İsveçdə təhsil


İsveç ən effektiv təhsil sisteminə malik olan ölkələrdən biri sayılır. Visby təqaüdü magistratura, doktorantura, doktorantura sonrası tədqiqat üzrə və ya mübadilə proqramı ilə bir və ya iki semestr İsveçdə təhsil almaq istəyənlər üçün nəzərdə tutulub. Əgər siz magistr üçün müraciət edirsinizsə, sizdən motivasiya məktubu (minimum 500 söz), Europass formatında hazırlanmış CV və tövsiyə məktubu tələb olunacaq. Müxtəlif təhsil səviyyələri üzrə tələblərlə proqramın rəsmi veb səhifəsindən tanış ola bilərsiniz. Bu proqram universitetin təhsil haqqını, tibbi sığortanızı, səyahət xərclərinizi qarşılayır və aylıq xərclər üçün təqüdlə təmin edir. Təhsil xərclərinə və aylıq təqaüdə əlavə olaraq, hər akademik il üçün 5000 isveç kronu (təxmini 860 AZN) məbləğində isə səyahət qrantı ayrılır.


İsveçdə təhsil və İsveçin təhsil sistemi, təqaüdün təhsil haqqı, aylıq yaşam xərcləri, tibbi sığortanı və müəyyən qədər səyahət xərclərini əhatə etməsinə görə, Visby təqaüd proqramına tələbat yüksəkdir. Qeyd etdiyimiz digər təqaüd proqramları ilə müqayisədə Visby proqramının, həm qəbul prosesi nisbətən çətindir, həm də bu təqaüd üçün mübarizə daha güclüdür. Visby proqramına seçilərkən, həm də sizin iş təcrübənizə də-buraya ödənişli, ödənişsiz, təcrübə proqramları və s. daxildir-diqqət yetirilir. Odur ki, CV-nizə, motivasiya məktubunuza xüsusi diqqət yetirməyiniz məsləhətdir.


Daha çox təqaüd proqramları növbəti məqalələrimizdə, görüşənədək!


Müəllif: Leyla Kərimova