Aprelin 17-də İqtisad Universitetində (UNEC) “Azərbaycanda elmin populyarlaşdırılması modeli” adlı tədbir keçirilib.


Facemark.az xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin rəsmi saytında qeyd olunub.


Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, UNEC-in rektoru Ədalət Muradov, millət vəkilləri, ölkənin tanınmış elm, təhsil, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Giriş nitqi ilə çıxış edən UNEC-in rektoru Ədalət Muradov aparılacaq müzakirələrin gənc nəslin elmə marağının artırılmasına və elmə yeni mütəxəssislərin cəlb edilməsinə təkan verəcəyini bildirib. Eyni zamanda elmin populyarlaşdırılmasının cəmiyyətin ümumi məlumatlılıq səviyyəsini artıracağını deyib.


Elm və təhsil naziri Emin Əmrullayev elmin populyarlaşdırılması istiqamətində mövcud problemlər və həlli yollarından danışıb. Nazir elmə marağın orta məktəbdən formalaşdırılmasının, ölkədə ixtisaslaşmış institutların fəaliyyətində səmərəliliyin artırılmasının vacibliyini önə çəkib, cəmiyyətin elmə və alimə verdiyi dəyər, elmi etika, elmi adların verilməsi məsələlərinə toxunub.


AMEA-nın prezidenti İsa Həbibbəyli çıxışında mətbuat və sosial şəbəkələrin elmin populyarlaşdırılmasındakı rolundan söz açıb. Bu istiqamətdə mənfi tendensiyaların mövcudluğunu və elmlə bağlı maarifləndirmə işlərinin ürəkaçan olmadığını bildirən İsa Həbibbəyli Azərbaycan elminin dünya reytinqlərindəki mövqeyinə də toxunub.


Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov görkəmli alimlərin elm sahəsindəki rolundan söz açıb. Akademik populyar dərsliklərin çap olunmasının, xarici ölkələrdə yaşayan alimlərlə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.


Daha sonra Almaniyanın Münhen Texniki Universitetinin professoru Məsud Əfəndiyev Azərbaycanda elmin populyarlaşdırılması modeli mövzusunda təqdimatla çıxış edib.


Millət vəkili, UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri Etibar Əliyev isə mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verib.


Tədbirin bir sıra iştirakçıları da çıxış edərək elmin populyarlaşdırılması ilə bağlı fikirlərini bölüşüb, təkliflər səsləndiriblər. Müzakirələr zamanı elmi nəticələrin cəmiyyətə açıqlanılması, elmi jurnalistikanın yaradılması və Azərbaycan elminin dünyaya inteqrasiyasının əhəmiyyətindən söz açılıb, bu istiqamətdə mətbuatın rolu vurğulanıb.