Bakıda 2-6 oktyabr 2023-cü il tarixlərində keçiriləcək “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda 74-cü Beynəlxalq Astronavtika Konqresinə bu il rekord sayda – 95 ölkədən elmi iş təqdim olunub.


Bakı konqresinə kosmos sahəsində fəaliyyət göstərən elm adamları və tədqiqatçılar tərəfindən kosmosa və bəşəriyyətin xeyrinə müsbət təsir göstərə biləcək 3532 elmi məqalə qeydiyyatdan keçib. Bu göstərici ilə Bakı konqresi Bremen (2018), Vaşinqton (2019) və Paris (2022) konqresləri ilə birgə indiyə kimi keçirilən bütün konqresləri geridə qoyub.


Facemark.az xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin rəsmi saytında qeyd olunub.


Bu il Azərbaycandan təqdim edilən elmi məqalələrin sayı da 214 olmaqla rekord həcmdədir. Azərbaycan elminin dünya elminə inteqrasiyası fonunda ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çindən sonra ilk beşlikdə yer alır.


Qeyd edək ki, Bakı konqresində bütün dünyadan, o cümlədən Azərbaycandan olan elm insanları və gənclər kosmosun imkanlarına həsr edilmiş 190 texniki sessiya və digər tədbirlərdə iştirak edə biləcəklər.


Dünya elminə inteqrasiya, elm-təhsil-innovasiya vəhdətinin yaradılması, gənc alimlərimizin beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından Beynəlxalq Astronavtika Konqresi geniş imkanlar yaradacaq.


Hazırda Beynəlxalq Astronavtika Federasiyasının Beynəlxalq Proqram Komitəsi tərəfindən qəbul olunan məqalələr qiymətləndirilir və iki formatda – texniki və ya interaktiv təqdimat sessiyalarında təqdim edilməsi üzərində işlər aparılır. Elmi məqalələrin tam qiymətləndirilməsi bu ilin aprel ayında yekunlaşacaq.