Oyun oynayanlara və oyun istehsal edən şirkətə tələbat gündən-günə artır və bundan ən çox xeyir götürən platformalar App Store, Play Store kimi onlayn mağazalar olduğu kimi, həm də YouTube, Twitch kimi video yayım tətbiqləridir. Bəs, bizim ölkədə video oyun istehsalı nə yerdədir? Gənclər oyun oynamağı sevir, bəs oyun yaratmağı necə?


Bütün bu suallarımıza cavab tapmaq üçün çox gənc oyun şirkətlərindən olan Deirvlon Texnologiya Şirkətinin yaradıcıları robototexnika üzrə mütəxəssis Kamran Qasımov və layihə meneceri Səməd Abbasovla söhbətləşdik. Müsahibə ərzində, həm siz onların gənc komandasının yetkin işləri ilə tanış olacaq, həm də Azərbaycanda bu sahəyə olan marağın necə səciyyələndiyini öyrənəcəksiniz.


- Oyun sahəsi və Azərbaycan. Bu iki sözün arasındakı məna, sizcə, bu gün kifayət qədər yaxındır? Azərbaycanda oyun proqramlaşdırması sahəsi hansı mərhələdədir?


Ümumiyyətlə, çox-çox istfadə etdiyimiz bir kəlmə var. "Coğrafiya taledir". Oyun sahəsi İnkişaf Etmiş Ölkələrdə (İEÖ) çox irəlidədi, çünki texnologiya inqilabı bu ölkələrdə daha tez baş verib. Həm bazarda, həm rəqabətdə bu ölkələr ixtisaslaşıb. Azərbaycanda istehsal olunan oyunla sərf olunan xərclər və gəlirlər arasında fərq çox böyükdür. Azərbaycanda hər hansı bir oyunu bazara çıxartmaq istəyirsinizsə, yüklü məbləğdə pul xərcləməlisiniz. Gəlir isə əksinədir. Azərbaycanda olan bazar rəqabəti və gəlir qabiliyyəti çox aşağıdır. Sizin burda istehsal edəcəyiniz oyun ilə Amerikada istehsal olunan oyun arasında böyük bir fərq olacaq. Məsələ keyfiyyət deyil, məsələ oyunun dəyər səviyyəsidir. Ona görə oyun sahəsi və Azərbaycan bir-birinə yaddır.


- Azərbaycanda oyun proqramlaşdırılması sektorunda rəqabət necədir?


Əslində, oyun sektorunda Azərbaycanda rəqabət yoxdur. Bu işlə məşğul olan çox az qrup var və bu qruplar arasında biz daxil olmaqla 2-3 qrup var ki, daima oyun yayımlayır. Bunlara misal olar "AzDimension"u qeyd edə bilərik.



- Gənclər arasında oyun sektoruna, proqramlaşdırmaya olan maraq nə yerdədir?


Gənclər arasında oyuna maraq var, yəni çox hissəsi keyfiyyətli oyun oynamağı istəyir. Amma oyun yaratmaq barəsində Azərbaycan gəncləri iki yerə bölünür: birici - ideyaları olan, ikinci - oyun quran. Oyun sektorunda olan gənclər həmişə ikinci qrupa aid olur. Oyun oynamış olan hər bir şəxsin ən azından ağlında bir oyun qurmaq xəyalı olur, amma bu işi bacaran azdır. Oyun qurmaq yalnız proqramlaşdırma deyil, oyun bir sənətdir.


- Deirvlon Texnologiya Şirkəti olaraq 5 oyun tətbiqinin yaradıcısınız. Azərbaycanlı istifadəçilər tərəfindən bu tətbiqlərə olan münasibəti necə qiymətləndirirsiniz?


Əslində, çox müsbət formada qarşılanır. Sadəcə işin mahiyyətini anlayan insan az olur. Həmçinin oyunun çox insan tərəfindən tanınmağı üçün çoxlu vəsait və dəstəyə ehtiyacımız var. Misal üçün sizin bizdən müsahibə götürməyiniz bizə dəstəkdir. Bu halı müsbət hal kimi qeyd etmək olar.



- Pandemiya dövründə oyun sektoru itirənlərdən yox, qazananlardan oldu. Bəs sizin şirkət bu dövrü necə keçdi?


Biz pandemiya dövrünü yeni oyunlarımız üzərində çalışmaq, daha böyük oyunlar hazırlamaq üçün istifadə etdik. Ümid edirik, yaxın günlərdə onlardan birini görəcəksiniz.


- “Digi Dash” oyununun yaradıcılar 15-16 yaşlı iki gəncdir. Əvvəlcə, komandanızda bu qədər gənc developerlərin olması, ikincisi isə onların oyun yaratmağa müvəffəq olması maraqlı məqamlardır. Sizdə bu qədər gənc şəxsləri cəlb etmək təcrübəsi necə yaranıb?


Gənc sözü bizim üçün yenilikdir, yeni nəfəsdir. Biz gənclərə şans tanıyırıq və öz təcrübələrimizi onlarla bölüşürük. Bizim gəncləri komandaya çağırmaqda qazancımız "sıfır tərəfli" qazanc deyil. Gəncləri cəlb etməkdə əsas məqsədimiz onlara yeni şeylər öyrətmək və xəyallarını həyata keçirməkdir. Nəzərə alsaq ki, biz də bu mərhələlərdən keçmişik. Amma biz bu yolu qət edərkən bizə heç kim kömək olmadı və bu proses bizim üçün çox çətin keçdi. Amma indi həvəsi və bacarığı olan gənclər üçün ağır mərhələləri daha da asanlaşdırmaq istəyirik.



- Proqramlaşdırdığınız oyunlara xarici ölkələrdən gələn maraq necədir?


Bir neçə oyunumuza maraq olub. Bu situasiya bizim üçün sevindirici haldır. Bizə göstərilən maraq bizi motivasiya edir. Əməkdaşlıq etdiyimiz bir neçə şirkət olub. Həmçinin digər ölkələrdən,Çin, Rusiya, İsrail və Fransadan təkliflər olub.


- Əgər Deirvlon Texnologiya Şirkəti Azərbaycanda deyil, xaricdə yaradılsaydı, bugünkü nəticələriniz və fəaliyyətləriniz eyni olardımı?


Çox yüksək dərəcədə fərqi hiss edə bilərdik. Amerika bazarında olmaqla Azərbaycan bazarında olmaq arasında dağlar qədər fərq var. Çünki Amerika bazarında dəyərlər çox yüksəkdir və oyunlara göstərilən təəssürat çox keyfiyyətlidir. Buna misal olaraq demək olar ki, Azərbaycanda oyunların çoxu "pirat" formada istifadə olunur, bu da o deməkdir ki, istehsalçılar həmin oyunlardan pul qazanmır. Bizdə oyuna pul vermək adəti olmadığı üçün Azərbaycanda bu işə maraq da azdır.



- Oyun sahəsinin gələcəyini Azərbaycanda necə görürsünüz?


Bunu təxmin etmək çətindir, amma qeyd etməliyəm ki, oyun sektoru durmadan inkişaf edir. Yeni nəsil proqressiv şeylər edəcək, köhnələr isə brend olacaq. Düşünürük ki, bir neçə il ərzində məşhur oyunlarda bizim loqomuzu görə biləcəksiniz.


- Gələcəkdə investorlarla əlaqələr qurmaq baxımından nə kimi planlarınız var?


Biz hər daim investisiyalara açıq olmuşuq. Nəzərə alsaq ki, biz təkcə oyun deyil, digər məhsullar da hazırlayırıq (elektronik qurğular, tətbiqetmələr, sistemlər və.s) investorlar bu sahələrdəki fəaliyyətimizə də öz investisyalarını edə bilərlər.


Müəllif: Pəri Abbaslı