“Mənim və həyat yoldaşımın bir vəzifəsi var, o da dünyanı daha yaxşı hala gətirməkdir” deyən və bu yolda sərvətinin 95%-ni xərcləməyə çəkinməyən Bill Qeyts son illərdə etdiyi xeyriyyəçilik işləri ilə hər zaman gündəmdədir.
Bu ilin araşdırmalarına görə o, xeyriyyəyə 50 milyard dollardan çox pul xərcləyib.
Forbes jurnalının məlumatına, əsasən, 2020-ci ilin iyun ayına qədər Qeytsin sərvəti 110 milyard dollardır.
Bildiyimiz kimi 2010-cu ildə Bill və Melinda Qeyts, milyarder, investor Uorren Baffet ilə birgə, digər milyarderləri öz həyatları boyunca və ya ölümlərindən sonra sərvətlərinin böyük bir hissəsini xeyriyyəçiliyə verməyə təşviq etmək üçün “The Giving Pledgeˮ (Söz vermək) kampaniyasına başladılar. Bundan başqa, Bill və həyat yoldaşı Melinda Qeyts 1994-cü ildə özlərinin xeyriyyə cəmiyyətini quraraq, “dünyanı daha yaxşı hala gətirməklə” məşğuldurlar.
Dostumuz və həmfikirimiz Uorren Baffet bir dəfə xeyriyyəçiliklə bağlı bizə çox yaxşı tövsiyələr verdi: “Yalnız təhlükəsiz layihələri həyata keçirməyinˮ dedi. “Həqiqətən çətin problemləri də öz üzərinizə götürün.ˮ
Pandemiya dövründə də Qeyts milyardlarla dolları virusa qarşı mübarizəyə xərcləyib.
Bu qədər donasiya və xeyriyyəçilik işlərindən onun sərvəti nəinki azalır, əksinə hər gün artır. 2000-2007-ci illərdə dünyanın ən varlı adamı olan milyarder daha sonra birinciliyi Ceff Bezosa uduzsa da, Forbes-in araşdırmasına görə, hazırda dünyanın 2-ci ən varlı adamıdır.
Müsahibələrinin birində o demişdi:
“Afrika mənim üçün hər zaman xüsusi yer olub. Melinda və mən 1993-cü ildə Afrikaya ilk səyahətimizi edərkən bu bizim yoxsulluqla ilk qarşılaşmamız idi və bu bizə çox təsir etdi. Bundan sonra biz onlara kömək etmək qərarına gəldik”
Gəlin, Qeytsin xeyriyyə işində hansı sahələri əsas götürdüyünə baxaq:
- Ümumdünya Səhiyyəsi
- Qlobal İnkişaf
- Qlobal Böyümə İmkanları
- Birləşmiş Ştatlar
- Qlobal Siyasət və Müdafiə
Bundan başqa, Qeytslər iki yeni prioritet sahə seçiblər: İqlim dəyişikliyi və gender bərabərliyi.
İqlim dəyişikliyi problemini Bill Qeyts koronavirusdan daha təhlükəli kimi qiymətləndirir. Onun sözlərinə görə, indi tədbirlərə başlanmasa bu, dünyanın sonunu gətirəcək.
Gender mövzusu ilə bağlı Melinda Qeyts ailə planlaması işinin genişləndirilməli olduğunu vurğulayır: “İnkişaf etməkdə olan ölkələrdə hamilə qalmaq istəməyən, lakin hamiləlik əleyhinə vasitələrdən istifadə etməyən 200 milyondan çox qadın var.”
2020-ci ilin mühüm məsələləri kimi bu sahələri seçən Qeytslər yaxın müddətdə qeyd olunan layihələrlə bağlı işə başlayacaqlar.
Artıq 20 ildir fəaliyyət göstərən Bill və Melinda Qeyts xeyriyyə cəmiyyətinin etdiyi işlərlə bağlı Qeyts 2020-ci ildə hesabat xarakterli məktub yazmışdı. O yazırdı: “Vəqfimizə başladıqdan iyirmi il sonra innovasiyanın gücünün insanlığı necə inkişafa aparmasını öz gözümüzlə gördüyümüz üçün daha optimistik.ˮ
“Vəqfimizin işinin əsasını hər bir insanın sağlam və məhsuldar bir həyat sürmə şansına layiq olduğu fikri təşkil edir.ˮ
Mənbələr:
- https://www.vox.com/future-perfect/2020/2/11/21133298/bill-gates-melinda-gates-money-foundation
- https://www.usatoday.com/story/news/factcheck/2020/06/11/fact-check-bill-gates-has-given-over-50-billion-charitable-causes/3169864001/
- https://www.gatesnotes.com/2020-Annual-Letter
- https://www.gatesfoundation.org/Who-We-Are/General-Information/Letter-from-Bill-and-Melinda-Gates
Müəllif: Humay Hüseynli