Amerikalı məktəbli – 15 yaşlı Cek Andraka “Google” axtarış sistemindən istifadə edərək xərçəng xəstəliyinin aşkar edilməsi üçün yeni test hazırlayıb. Onun icadı xəstəliyi hazırda tətbiq edilən vasitələrdən 168 dəfə daha tez aşkar etməyə imkan verir. Bu proses həm də daha ucuz başa gəlir.
Məktəblinin sözlərinə görə, yeni testin yaradılmasında ona “Google” axtarış sistemi kömək edib. Belə ki, o, İnternetdən elmi məqalələri axtararaq tədqiq edib, oradakı məlumatlardan öz işində istifadə edib.
Yeniyetmə öz icadını “Intel International Science and Engineering Fair” Beynəlxalq elmi-texniki sərgidə nümayiş etdirib və 75 min dollar məbləğində mükafata layiq görülüb. Hazırda o, tədqiqatlarını Baltimordakı Con Hopkins Universitetində davam etdirir.