Bəzən çox sadə sualların çətin cavabları olur. Elə buna görə də suallarımızı sadə tutmaqla, sektordakı mütəxəssislərə üz tutduq.


facemark.az-ın yerli şirkətlərin marketinq direktorlarına ünvanladığı müsahibə sualları:


Müsahib - Rəşad Nəzərli, Marketinq üzrə konsultant


- Rəşad bəy, firmalarda Marketinq direktorları nə iş görür?


Peşəkar fəaliyyətimdə bir çox şirkətlə, onların marketinq menecer və marketinq direktorları ilə birgə çalışıram. Marketinqdən başqa hər şey: IT, HR və s. ilə məşğul olanları istisna kimi çıxsaq, Marketinq müdirinin əsas vəzifəsi şirkətdə marketinq işinin təşkili və idarə edilməsidir. Marketinq işi dedikdə nə nəzərdə tuturam? 3 əsas istiqaməti:


1. Şirkətin qarşısında duran strateji hədəflərin təyin olunması;


2. Bu hədəflərə nail olmaq üçün marketinq kommunikasiya strategiyasının və planının hazırlanması;


3. Bu strategiyanın və planın hədəflər istiqamətində icra olunması və davamlı təkminləşdirilməsi
Başqa cür ifadə etsək şirkətdə marketinq bir prosesdir, Marketinq Müdir bu prosesi idarə edir.


- Marketinq menecer ilə marketinq direktoru arasında hansı fərqlər var?


Marketinq direktorun adətən departamentə rəhbərlik edir, bu departamentə şirkətdə marketinq fəaliyyətinin təşkili üçün tələb olunan şöbələr daxil olur. Şirkətin böyüklüyünə, fəaliyyət profilinə, cari ehtiyacına, korporativ siyasətinə görə bu şöbələr fərqlənə bilər. Misal üçün bəzi iri istehsalçıların, Azersun kimi, 30 dizaynerdən ibarət dizayn şöbəsi də ola bilər. Bir sıra şirkətlərin Digital Marketinq və SMM üçün ayrıca şöbələri də olur. Hətta təchizat şöbəsi də Marketinq Departamentinin daxilində ola bilər. Bu cür strukturu olan şirkətlərdə şöbələrə adətən marketinq menecerlər rəhbərlik edir.


Hansı şöbələrin in-house, yəni daxildə olmasına şirkətin rəhbərliyi qərar verir. Hansısa istiqaməti agentliklərə vermək daha sərfəli və daha effektivdirsə həmin iş daxildə görülmür. Daha kiçik şirkətlərdə isə yalnız 1 şöbə varsa və ya heç yoxdursa bütün marketinq işini bir marketinq menecer icra etməli olur.


- Ən uğurlu və uğursuz hesab etdiyiniz marketinq kampaniyanız hansı olub?


15 ilə yaxın müxtəlif şirkətlərdə marketinq menecer və marketinq departamentinin rəhbəri işləmişəm. Uğursuz kampaniyalarım da olub, uğurlu olanlar isə daha çox olub. Nə vaxtsa memuar yazası olsam hamısı barədə ətraflı bəhs edəcəyəm. Maraqlananlar gözləsin (gülür).


- Pandemiyadan sonra şikətlərin marketinqə ayırdığı büdcədə dəyişiklik olub mu?


Pandemiyadan sonra deməyə həll tezdir məncə, çünki hələ də davam edir (gülümsəyir). Bir məqam faktdır ki, yeni dövran şirkətlərin digitala (rəqəmsala) keçidini sürətləndirib. Bu istiqamət üzrə büdcələr kəskin artmağa başlayıb. Biz bəlkə hələ hiss etmirik, amma dalğa gəlir. Adətən büdcə artımı 2 halda baş verir:
1. Yeni yatırım
2. Gəlir artımı.


Bu 2 hal bizim bazarda hazırda demək olar ki müşahidə olunmur. Daha çox büdcə bölgüsü dəyişir: ənənəvi marketinqdən (daha çox çöl reklamlarından) pul digitala keçir.


- Hansı digital kanallara daha çox büdcə ayrılıb?


Ölçmədən demək çətindir, amma müşahidələrim göstərir ki, e-commerce hazırda trenddədir. Bununla bağlı olaraq da yaxın zamanda sosial media kanallara və displey reklamlara ayrılan büdcələr artacaq. Çox ümid edərdim ki, şirkətlər keyfiyyətli kontentə daha çox büdcə ayırmağa başlasın. Bunu artıq müşahidə etmək olar, ən son yayılan Milli Musiqi Günü ilə bağlı olan video kontent misalında.


- Necə düşünürsünüz marketoloqlar hansı təhsil, bacarıq, sertifikatlara sahib olmalıdırlar?


Bizim vaxtımızda marketinq üzrə ixtisas yox idi. Mən özüm Dövlət İdarəçiliyi məzunuyam. Marketinqə kopirayterlikdən başlamışam və daha sonra davamlı öyrənərək bilik və bacarıqlarımı artırmışam.


Amma bir mənalı olaraq deyərdim ki, yaxşı marketinq təhsili özünü marketinq müdir görmək istəyən üçün vacibdir. Bacarıqlara gəldikdə isə hər bir marketer (marketoloq deməyək) mütləq şəkildə “soft skills” dediyimiz bacarıqlara sahib olmalıdır, xüsusən kreativlik, qulaq asmaq bacarığı, araşdırma və analitika.


Digital bilik və bacarıqlar da artıq olmazsa olmaz şərtidir. Mən bunu tədris dediyim Code Academy-də Digital Marketinq ixtisasına kəskin artan maraqdan deyə bilərəm. Xüsusən 4-5 il təcrübəsi olan marketinq menecerlər tərəfindən.


- Yaxşı marketinq direktoru necə olmaq olar?


Yaxşı marketinq direktoru olmaq üçün bütün marketinq sahələri üzrə minimum bilik və bacarığa sahib olmaq lazımdır: promoter, kopirayter, dizayn, media planlama, tarqetinq, araşdırma və s. Ancaq bu geniş biliyə və bacarığa sahib olandan sonra “bir picture”, yəni bütün mənzərəni görüb işi keyfiyyətli idarə edə biləcəksiz.


Yaxşı marketinq direktor olmaq üçün bir daha deyək digital bacarıqlar şərtdir. Özünüzü bu sahədə əskik hiss edirsinizsə oxuyun, təkminləşin.


- Azərbaycanda marketinq direktorları yaxşı qazanır? Məsələn, reklam sənayesinin güclü inkişaf etdiyi ABŞ-da marketinq direktorlarının maaşı ən azı ilə ən azı 40 000 (aya təxminən 3500 dollar) dollardan başlayır.


Bu il marketinq direktorların maaşlarında hiss olunacaq qədər artım oldu. Əsas səbəb isə şirkət sahiblərinin və rəhbərliyinin marketinqin şirkət üçün nə qədər strateji sahə olduğunu dərk etməsi oldu. Bu işə daha peşəkarlar cəlb olunmağa başladı. Departamentlər və şöbələr böyüdü, büdcə artmağa başladı. Bu proses bütün marketinq sahəsi üzrə maaş artımına gətirib çıxartdı. Xüsusən SMM mütəxəssislərinin və kontent menecerlərinin (gülür). İndi əvvəlki kimi 500 manata SMM menecer işə götürmək çətin məsələdir. Hələ sən onu frilans olmaqdan çıxıb işə gəlməyə razı sala bilsən. 3.500 dollar olmasa da hazırda bazarda 3.000 manat maaşla marketinq direktoru vakansiyası heç də təəccüblü qarşılanmır. Bütün rəhbər vəzifələrdə olduğunu kimi marketinq direktor halında da maaşlar fərdi bacarıq və qarşısına qoyulan məqsədlərdən və vəzifələrdən asılı olaraq dəyişə bilər.


Sonda bir haşiyəyə də çıxım. Öz bloqumda bu mövzuya aid təcrübəmi bölüşdüyüm silsilə məqalələrim var, maraqlı olsa oxuya bilərsiz.


Marketinq şöbəsi sıfırdan: Niyyət


Marketinq şöbəsi sıfırdan: Fundament


Marketinq şöbəsi sıfırdan: İş Planı


Marketinq şöbəsi sıfırdan: Reklam agentlikləri ilə iş


Təşəkkür edirik!