Reklamda Müharibə mövzusuna ehtiyac varmı? facemark.az-ın bu sualını YelloAD-ın həmtəsisçisi, Azərbaycan Marketinq Peşəkarları Assosiasiyasının İdarə Heyətinin Sədri Namiq Bayramov şərh edib.


“Müharibə - insanların qorxusudur


Müharibə - insanlarım ümididir


Müharibə - insanların bəzən yeganə çıxış yoludur


Müharibə hər bir xalqın həyatında olub. Dünyada bunu görməyən xalq yoxdur. Dünyadakı xalqların bir çoxu hələ də müharibə içindədir. Amma elə xalqlar da var ki, 2-ci dünya müharibəsindən sonra müharibə görməyib. Bax onlara müharibəni anlatmaq çox çətindir. Belələri müharibəni, ya filmlərdə görür, ya da hansısa ölkədəki müharibə ilə bağlı xəbərdən eşidir...və unudur.


Müharibələrin hamısı özüylə birlikdə fəlakət gətirir. Qalib gələn də, məğlub olan da ciddi itkilər verir.


Bəşəriyyət müharibədən uzaq olmağa çalışır və çalışmalıdır da.


Amma əgər qarşı tərəf bu düşüncədə deyilsə, o zaman müharibə son çarədir. O zaman tək yol düşməni sülhə məcbur etməkdir.


İndi Azərbaycanın apardığı müharibə kimi...


İstənilən müharibə reklamla sıx əlaqəli şəkildə aparılır. Müharibə ilə bağlı reklam fəaliyyəti bir neçə istiqamətdə aparıla bilər:


1. Müharibəyə qarşı fəaliyyət. Bu, daha çox sosial reklam fəaliyyəti ilə əlaqədardır. Məqsəd insanları müharibədən çəkindirməkdir. Belə fəaliyyət daha çox müharibənin hələ başlamadığı və ya atəşkəs dövrlərində effekt verir. Müharibənin alovlandığı zaman isə bu reklamlar heç kimə lazım deyil. Çünki düşmən sülh istəmir.


2. Müharibə zamanı cəbhəyə dəstək fəaliyyəti. Bu zaman reklam PR-la çox ciddi şəkildə birləşir, bəzən onun tərkib hissəsinə çevrilir. Müharibə aparan tərəflər bütün gücləri səfərbər etmək, bir yumruq kimi birləşmək üçün reklamdan bu məqamda ciddi bir alət kimi istifadə edirlər. Hazırda ölkəmizdə bunu müşahidə edirik.


3. Müharibə zamanı düşmənə qarşı fəaliyyət. Burda marketinq kommunikasiyalarının bir çox alətləri (reklam, PR, WOMM kimi) alətləri çox önə çıxır. Qara PR və dezinformasiyalarla zəngin yanıldıcı və yönləndirici PR işləri də məhz belə hallarda geniş yayılır. Və bunu müharibə aparan tərəflərin hər biri edir. Müharibə zamanı aparılan fəaliyyəti aşağıdakı kimi qruplaşdıra bilərik:


- düşmənin PR fəaliyyətinin qarşısının alınmasına yönəlik fəaliyyət


- düşmənin əleyhinə informasiyaların yayılmasına istiqamətlənmiş fəaliyyət


- düşmənin mahiyyətini dünyaya göstərməklə onun neqativ obrazının aşkara çıxarması və ya yaradılması


Beləliklə, reklamda müharibə mövzusu ilə müharibə mövzulu reklam bir-biri ilə sıx əlaqədədir və bir-birini qidalandırır. Yəni, müharibə olmasa reklamda müharibə mövzusu da olmaz. Və ya müharibə mövzulu reklamlar çox vaxt müharibəyə stimul verir”.