Xüsusilə son dövrlərdə həyatımıza hər keçən gün daha çox daxil olan enerji içkiləri artıq dünya miqyasında sürətli bir şəkildə böyüyən sənaye halına gəlmişdir. Enerji içki sənayesinin 2024-cü ilə qədər 72 milyard dollar dəyərində olacağı düşünülür.


Hər nə qədər enerji içkilərinin idmançılar üçün nəzərdə tutulan xüsusi içkilərin bir növü olduğu düşünülsə də və tez-tez bu növ içkilərlə müqayisə olunsa da, enerji içkiləri tamamilə fərqli bir məhsuldur. İdmançılar üçün nəzərdə tutulan xüsusi içkilərin məqsədi, onları məşq zamanı itirilən mineral və elektrolitlərlə təmin etməkdir.


Enerji içkilərinin ilkin istehsal ili və ölkəsi baxımından müxtəlif fikirlər səslənsə də, ilk olaraq 1929-cu ildə İngiltərədə xəstəxanalarda Lucozade Energy adlı vasitənin xəstələrin müalicəsində kömək məqsədli istifadə olunduğu qeyd olunur. ABŞ-da isə ilk enerji içkisi 1949-cu ildə Dr. Enuf adı altında istehsal olunmuşdur. Yaponiyada da istehsalının Taisho firması tərəfindən 1962-ci ildən başlandığı düşünülməkdədir. Hazırda da hər kəsin rahatlıqla əldə edə biləcəyi enerji içkiləri fərqli adlarla, lakin təxminən eyni tərkiblə istehsal olunmağa davam edir.


Gəlin, zehni oyanıqlığı və fiziki dayanıqlığı artırmağı vəd edən enerji içkilərinin tərkibi ilə tanış olaq.


Enerji içkilərindəki təməl maddə kafeindir. Tərkiblərində kafeindən əlavə, taurin, quarana, jenşen, qlükoronolakton, inozitol, L-karnitin, bəzi B qrupu vitaminləri, şəkər, rəngverici və duzluluğu tənzimləyici və s. maddələr olur. Enerji içkilərinin əksəriyyətində iki fincan dəmlənmiş qəhvədə olan, yəni təxminən 200 mq kafein mövcuddur. Bu içkilərin adındakı “enerjininˮ qaynağı tərkibindəki yüksək miqdarda olan şəkər və kafeindən gəlir. Lakin tərkibindəki karnitin, inozitol, taurin kimi maddələr kifayət qədər araşdırılmamışdır. Həmçinin, enerji içkilərinin üzərində qeyd olunandan daha çox kafein tərkibli olduğunu qeyd edə bilərik. Çünki, məsələn, tərkibindəki Cənubi Amerika bitkisi olan quarana dənələrində olduqca yüksək miqdarda kafein mövcuddur. Bir qram quarananın tərkibində 40-80 mq kafein var.


Bəs, enerji içkisi içdikdən sonra orqanizmdə nələr baş verir?


Təxminən 10 dəqiqə sonra kafein qan dövranımıza daxil olur, ürək döyüntülərimizi və qan təzyiqimizi artırır. 15 ilə 45 dəqiqə arasında isə qanımızdakı səviyyəsi ən yüksək həddində olur. İnsan özünü daha oyanıq və konsentrasiyasının daha güclü olduğunu hiss edir. Çünki, kafein beyində keçici olaraq adenozinin (bu kimyəvi maddə bizim nə qədər yorğun olduğumuzu göstərir) yollarını bloklayır. Həmçinin, enerji içkiləri aludəçilik yaradan dərmanlar kimi dopamin, serotonin, noradrenalin və adrenalinin həddindən artıq ifrazına və daha uzun müddətli təsir göstərmələrinə səbəb olur. Və enerji içkilərinin tərkibindəki dopamin yaradılmasının öncül maddəsi olan L-tirozin kimi maddələr, daha artıq neyrotransmitter ifrazına səbəb olaraq, orqanizmdəki neyrotransmitter ehtiyatının tükənməsinə və orqanizmdə mənfi tarazlığın formalaşmasına səbəb olur. Xüsusilə enerji içkisi istehlakından 5 saat sonrakı intensiv yorğunluğun səbəblərindən biri də bu mənfi tarazlıqdır.


Enerji içkilərinin sağlamlığa ziyanları


Enerji içkilərinin istehlakı ilə əlaqədar sağlamlıq riskləri öncəliklə yüksək kafein tərkibli olmaları ilə əlaqədardır. Tərkibindəki maddələr uzun müddət və həddindən artıq istifadə olunduqda çox ciddi zərərlər verə bilər. İnsanların günlük 400 mq-dan artıq kafein alması məsləhət görülmür, bu da təxminən 4-5 fincan qəhvəyə bərabərdir.


Professor, həkim Türker Şahiner həddindən artıq kafeinin REM yuxusunun müddətini qısaltdığını və bunun nəticəsində də insanların yuxudan daha yorğun oyandıqlarını qeyd edir.


Kardioloq Jhon Higgins enerji içkilərinin bilinən digər təsirləri ilə yanaşı qanı bir az qatılaşdırdığını da qeyd edir. Həmçinin, yüksək dozda enerji içkisi qəbulu nəticəsində ürək infarktı keçirən insanların qanında yüksək miqdarda kafein və taurindən başqa digər fərqli anormallığın qeydə alınmadığını bildirir.


Şəkər və kafein - ikisi də yüksək səviyyədə aludəçilik yarada biləcək maddələrdir. Həmçinin yüksək səviyyədə şəkər və süni dadlandırıcılar iştahınızı artıra bilər və qida seçiminizi zəiflədə bilər. Nəticədə də çəkiniz arta bilər.


Enerji içkilərindən davamlı istifadənin yan təsirləri;


  • İnsomniya
  • Diş xəstəlikləri
  • Ürək ritminin nizamsızlıqları
  • Qan təzyiqinin artması
  • Mədə muzokasının irritasiyası, həzm problemləri
  • Dehidratasiya
  • Böyrək xəstəlikləri
  • Piylənmə
  • Şəkər xəstəliyi

Xüsusilə inkişaf etməkdə olan gənc orqanizm üçün enerji içkilərinin istifadəsi qətiyyən məsləhət deyil. Yetişkinlərlə müqayisədə uşaqlarda və gənclərdə qan dövranında kafein daha uzun müddət və yüksək səviyyədə qalır. Kafein uşaqların hələ inkişaf etməkdə olan ürək-damar və sinir sistemlərinə ciddi zərər vura bilər. Bundan əlavə davamlı istifadəsi diş, həzm sistemi, artıq çəki problemlərinə və yuxu rejiminin pozulmasına səbəb ola bilər. Həmçinin, yeniyetmələrdə və uşaqlarda davranış pozuntularına da gətirib çıxara bilər. Amerika Pediatriya Akademiyası 12 ilə 18 yaş arasında gənclərə günlük olaraq 100 mq-dan artıq kafein verməməyi tövsiyə edir. Sadəcə 2007-ci ildə ABŞ-da 5448 ədəd kafeindən həddindən artıq istifadə nəticəsində zəhərlənmə hadisəsi qeydə alınmışdır. Qeydə alınanların əksəriyyəti isə 19 yaş altı gənclərdir.


2017-ci ildə Amerika Ürək Assosiasiyasının jurnalında yayımlanan və gənc yetişkinlər üzərində aparılan araşdırmada enerji içkisi ilə eyni miqdarda olan, ancaq sadəcə kafein tərkibli içki qarşılaşdırılır. Nəticədə enerji içkisi istehlak edən iştirakçılarda qan təzyiqindəki artışın daha uzun müddət sonra normala döndüyü və ürək ritmindəki nizamsızlığın sadəcə kafein tərkibli içki istehlak edən iştirakçılara görə yüksək olduğu qeydə alındı. Ancaq enerji içkilərinin uzun müddətli təsirlərinin müəyyənləşdirilməsi üçün daha artıq araşdırmağa ehtiyac olduğunu qeyd edə bilərik.