“Panda Security” şirkətinin hesabatına görə, 2012-ci ilin 2-ci rübündə ziyanverici proqramların təxminən 1-ci rübdə olduğu qədər - 6 milyondan çox yeni nümunələri hazırlanıb. Dünyada viruslara yoluxma üzrə fərdi kompyuterlərin orta göstəricisi 31,63% təşkil edib ki, bu da 1-ci rübün göstəriciləri ilə müqayisədə təxminən 4% aşağı nəticədir. Ən çox yoluxmuş ölkələrin (57,30%) siyahısına 1-ci rüblə müqayisədə göstəricilərini 3% artıraraq ilk dəfə Cənubi Koreya başçılıq edib. 

51,94%-lə Çin 2-ci, Tayvan və Boliviya isə sonrakı yerləri bölüşdürüblər. 1-ci rübdə 4-cü pillədə olan Rusiya bu siyahıda 8-ci yerdə qərarlaşıb. Avropa ölkələrinin əksəriyyəti və Latın Amerikasından Uruqvay ən az yoluxmuş ölkələr siyahısındadır. Belə ölkələrdən olan İsveçrə və İsveçin (müvafiq olaraq 18,40 % və 19,07 %) viruslara yoluxma səviyyəsi 20%-dən az olmuşdur. Bu siyahıya həmçinin Norveç, Böyük Britaniya, Almaniya, İrlandiya, Finlandiya, Macarıstan Hollandiya daxildir.

2-ci rübdə hazırlanmış yeni virusların (78,92%) əksəriyyəti əvvəlki kimi troyana aiddir. Soxulcan virusları 10,78%-lə ikinci yeri tuturlar. Sonuncu yerləri 2,69% göstərici ilə reklam və casusluq üzrə proqram təminatları bölüşürlər .