facemark.az-ın Vətən Müharibəsindən sonra, Azərbaycanda biznes mühitinin mənzərəsi ilə bağlı iqtisadiyyat üzrə fəlsəfə doktoru Cəbrayıl Vəliyev ilə müsahibə aparıb. Müsahibə çərçivəsində son dövrlərdə ölkəmizdə biznes mühitində baş verən bir sıra maraqlı məqamlara toxunulub. Eləcə də, boykotdan sonra ölkəmizdəki fast-food restoranlarının aqibətinin necə olacağına dair gözləntisini də bizimlə bölüşüb. Cəbrayıl bəylə, apardığımız həmin müsahibəni təqdim edirik.


- Cəbrayıl bəy, II Qarabağ Müharibəsi odlar yurdu Azərbaycanın qələbəsi ilə başa çatdı. Ancaq müharibənin getdiyi dövrdə yerli bizneslərə zərər dəydimi?


Bəli müzəffər ordumuzun, əsgərlərimizin böyük qəhrəmanlıqlarıyla II Qarabağ müharibəsində böyük zəfər əldə etdik. Topaqlarımızın işğaldan azad olunması zamanı şəhid düşmüş əsgər və zabitlərimizin, eləcə də mülki vətəndaşlarımızın ruhu qarşısında baş əyir, Allahdan rəhmət diləyirəm. Yaralılarımıza şəfa diləyirəm. Düşmən layiqli cavabını almışdır.


Əlbəttə, bu müharibənin təsirləri arasında yerli biznes də mütləq vardır. Çünki müharibənin sərhədi, ancaq müharibə zonası ilə qalmadı, müharibə zonasına yaxın ətraf rayonlarımız – Tərtər, Bərdə, Ağcabədi rayonları, Naftalan şəhərinin bəzi əraizləri, hətta zonadan xeyli aralı olan ölkəmizin ikinci böyük şəhəri Gəncəyə atılan raketlər, ağır artilleriya silahları mülki əhalimizə vurduqları zərərlə bərabər, infrastruktura, həmin rayonlarda yerləşən məişət-iaşə obyektlərinə, biznes vahidlərinə də önəmli ölçüdə zərər vurmuşdur. Tərtərdə raket zərbəsindən sonra yanan pambıq zavodu, Bərdədə raketlərdən açılan mərmilərin şəhər mərkəzində yerləşən biznes və məişət-iaşə obyektlərini, Gəncədə ticarət obyektlərinə düşən raketlər, həm həmin obyektləri və yaxındakı biznes obyektlərini zərərə uğratmışdır. Gəncəyə ikinci dəfə raket atılan günü həmin şəhərdə oldum və gördüm ki ilk raket zərbəsi və ikinci zərbə zamanı şəhərdəki demək olar ki əksər ticarət obyektlərinin şüşələri çilik-çilik olmuş şəkildəydi. Xüsusilə bölgələrimizdə kiçik və orta biznes vahidləri daha çox olduğu üçün onlara dəymiş zərərlər həmin bizneslərə təsir edə bilər.


Ancaq xüsusilə yerli şirkətlərimizin müharibə vaxtında ordumuza maddi və mənəvi dəstəklərini də vurğulamaq istərdim və bunu yüksək qiymətləndirirəm. Bu cür gözəl davranış nümunələri yerli şirkətlərimizə qarşı xalqın rəğbətini və bağlılığını artıracaqdır əlbəttə.


- Bu gün sanki yerli şirkətlərin böhrana qarşı bir vaksini yaranıb? İstənilən böhran vəziyyətində ayaqda qala bilirlər?


Düzgün təsbit və sualdır. İstənilən böhran zamanı, xüsusilə daha uzun müddət davam edən böhranlarda özünü qoruyaraq ayaqda qala bilmiş şirkətlərdə böhrana qarşı sizin deyiminizlə vaksin yaranmış olur. Böhran zamanı şirkətlər normal zamanlarda rastlaşmadıqları şərtlərlə üzləşir və bu şərtlər onları bu cür zamanlarda necə fəaliyyət göstərilməsini öyrədir, təcrübə qazandırır və ayaqda qala bilən şirkətlər öz fəaliyyətlərini dəyişən şərtlərə görə düzənləyir, optimallaşdırır, lazım olarsa qısamüddətli strategiyalar müəyyənləşdirərək böhran şərtlərinə uyğunlaşır və hətta böhrandan faydalana bilirlər. Bu cür böhran şərtləri qeyri-müəyyənliklərlə də dolu olduğu üçün şirkətlərdə qəraralma çevikliyini artırır, bu da çevik idarəetmə qabiliyyəti yaradır. Maddi və insan resurslarının bu cür şərtlərdə düzgün və effektiv idarə olunması təcrübəsi də yaranır ki növbəti böhranlar zamanı bu təcrübə bizneslərə kömək edir.


- Rusiya biznesində optimizm 2009-cu ildən bəri ən aşağı səviyyəyə düşüb. Yəni, şirkətlər xərclərdən dolayı istehsal etdikləri məhsulun dəyərini artırır, istehlak azalıb və s. İstehsal və istehlakdakı dəyər aşağı düşüb. Bəs, Azərbaycan biznesində optimizimi necə qiymətləndirmək olar?


Cəmiyyətdə baş verən xoş ab-hava, qələbə və qələbə sonrası müsbət dəyişikliklərin baş verəcəyi gözləntisi, cəmiyyətin bir vahidi olan biznesləri də müsbət gözlənti içinə salır. Azərbaycanda biznesdə optimizmə bu gözləntilərin gerçəkləşməsi təsir edəcəkdir. Ortaya çıxan potensial iqtisadi dirçəlişdə yer almaq, iştirak etmək biznesdə optimizmə müsbət təsir etməlidir və edəcəkdir. Burada da yenə şəffaflığın və iştirakçılığın təmin edilməsi vacibdir. Təbii ki biznesdə optimizmə təsir edəcək digər faktor içində bulunduğumuz pandemiya şərtlərinin gətirdiyi qapanmaların, iqtisadi aktivliyin azalması seyrinin durması və normallaşması prosesi olacaqdır.


- Cəbrayıl bəy, II Qarabağ Müharibəsi bizneslərə nəyi öyrətdi?


II Qarabağ Müharibəsi cəmiyyətin bir parçası olan bizneslərə də əslində əldə edilməyəcək şeyin olmadığını, məqsəd və hədəflərin düzgün müəyyənləşdirdiyi və bu istiqamətdə milli ruh və güc birliyinin təsirini şirkətlər üçün korporativ ruh və strateji məqsəd və hədəflər istiqamətində iştirakçılığına nümunə göstərmək və yansıtmaq, əks etdirmək mümkündür. Eyni zamanda müharibə dövründə baş verən bəzi bazar iştirakçıları tərəfindən xoş olmayan addımların cəmiyyətin müəyyən kəsimi tərəfindən etirazla qarşılanması bizneslərə cəmiyyətin ruhunu tuta bilməsinin vacibliyini də öyrətmiş oldu.


- Ekspertlərin ilkin hesablamalarına görə, Qarabağın yenidən bərpasına milyardlarla vəsait lazımdır. Ehtimallara görə, bu əraziyə investisiya edəcək, xarici investorlar arasında elə birinci yerdə Müharibə zamanı Azərbaycanın yanında olan Türkiyənin investorları olacaq.


Bəli, əlbəttə, Qarabağın yenidən bərpasına milyardlarla vəsait lazımdır. Ümumiyyətlə, mənim fikrimcə, regionun bərpası zamanı yeni yanaşmalar etmək vacibdir. Ənənəvi sahələr olan kənd təsərrüfatı-aqrar sektor, heyvandarlıq, emal sənaye ilə yanaşı, xidmət sektoruna xüsusi diqqət edilməsi, sadaladığım ənənəvi sektorlarda belə yeni yanaşmalar qoyulması tərəfdarıyam. Bitkiçiliyə yeni yanaşmalar, orqanik k/t məhsullarının istehsalı, ərazinin coğrafi, torpağın məhsuldarlıq xüsusiyyətlərinə görə tamamilə yeni yanaşmaların edilməsi vacibdir. İnvestisiya olaraq isə, əlbəttə, yerli investorlarla yanaşı xarici investorların cəlb edilməsi vacibdir. Naxçıvan-Zəngilan dəhlizinin gerçəkləşməsi ilə həmin region eyni zamanda logistik hub-a da çevrilə bilər. Xüsusilə bu dəhlizin rolu bölgə üçün xüsusi əhəmiyyət kəsb edir. Burada Türkiyənin iqtisadi marağı da bariz olaraq təmin olunur. Daha az maliyyətlə logistika şərtləri meydana çıxır. İnvestisiya layihələrində Türk şirkətlərinin iştirakı da yüksək səviyyədə təmin olunmalıdır və fikrimcə belə də olacaqdır.


- Qarabağda hansı sahələri inkişaf etdirmək və hansı sektorlar üzrə yeni iş yerləri yaratmaq olar?


Qarabağda bölgənin coğrafi-iqtisadi relyefinə və quruluşuna müvafiq ənənəvi sahələrə yeni yanaşmalar gətirməklə daha mütərəqqi istisadi fəaliyyətlər ortaya qoymaq mümkündür. Bölgə, əsasən, kənd təsərrüfatı (üzümçülük, taxıl), k/t emal sahələri şərabçılıq, heyvandarlıq, arıcılıq ənənəvi sahələr olaraq inkişaf etdirilə bilər. Bununla yanaşı, kənd təsərrüfatında yeni texnologiyaların tədbiqi, relyefə və torpağın xüsusiyyətlərinə uyğun və innovativ yanaşmalarla bitkiçiliyin və emal sənayenin inkişafına əhəmiyyət verilməsi yaxşı olardı.


Bölgə, eyni zamanda turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi üçün uyğundur. Termal otellərin inşası, müxtəlif müalicəvi istirahət ocaqlarının qurulması, kənd və dağ turizminin inkişaf etdirilməsi mümkündür.


Ümumiyyətlə, ənənəvi sahələrə yeni yanaşmalarla və xidmət sektorunun da inkişaf etdirilməsi bölgənin potensialının düzgün dəyərləndirilməsi şərtdir.


- Öz doğma yurdlarına qayıdacaq milyonlarla qaçqın və məcburi köçkündən sonra, Bakının sosial-iqtisadi mənzərəsini necə görürsünüz?


Təbii ki öncə işğaldan azad edilmiş yurdlarımıza vətəndaşlarımızın qayıtması və yurdlarımıza insan əlinin dəyməsi, canlandırılması gözəl səslənir və vacibdir. Bölgənin infrastrukturunun və dağılmış yaşayış yerlərinin bərpasından sonra düzgün planlaşdırılmış siyasətlə bunun həyata keçəcəyini görəcəyik. Bununla, həm o gözəl yurdlarımız nəfəs alacaq, həm də vətəndaşlarımızın daha çox paytaxtda məskunlaşmasından yaranan sosial-iqtisadi mənzərədə də dəyişikliklər baş verəcəkdir. Bakı da, eyni zamanda əhalinin seyrəkləşməsilə müəyyən qədər rahat nəfəs ala biləcək, hazırda sıxlıq yaranan şəhərə giriş-çıxış yolları və şəhər içi yollar da müəyyən qədər yəqin ki rahat olacaqdır. Ancaq bunun üçün işğaldan azad edilmiş bölgələrdə sosial-mədəni, təhsil ocaqlarının qurulması, bundan sonra əksər istehsal layihələrinin həmin regiona yönləndirilməsi vacibdir.


- Fast-food restoranları şəbəkələrini azərbaycanlı müştərilər boykot etdilər. Sizcə, onların aqibəti necə olacaq?


Bu şəbəkələrin davranışını düzgün hesab etmirəm. Yer aldığın, fəaliyyət göstərdiyin cəmiyyətin ruhunu yaxalamaq və cəmiyyətdə özünə qarşı mənfi tutum yaratmaq düzgün deyildi. Fikrimcə, bu həmin şəbəkələrin yerli təmsilçilərin gücsüzlüyünü də göstərdi, yəqin ki bundan sonra bu cür qlobal şəbəkələrlə anlaşmalarda buna bənzər nüanslara diqqət ediləcəkdir. Boykot olsa da çərçivəsi çox geniş olmadığı üçün fikrimcə böyük zərərə uğramasalar fəaliyyətlərini davam etdirəcəklər. Çünki bazar uyğun və inkişaf edən bazardır. Ancaq bu yəqin ki onlar və digərləri üçün müəyyən dərs və təcrübə oldu.


Müsahibə üçün təşəkkürlər!