Öncədən proqnozlara görə bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirusun ikinci dalğası yaranıb və artıq son rəqəmlərə görə, yoluxma sayı 3000 ötüb keçib. Cəmiyyət olaraq bir ilə yaxındır ki, koronavirus epidemiyası ilə birlikdə yaşayırıq. Ancaq səhiyyə işçilərinin də virusdan qorunmağın ən etibarlı yolu kimi tövsiyə etdikləri maskalar ilə bağlı suallar hələ də bitib tükənmir. Aşağıda belə bəzi suallara aydınlıq gətirdik.
Qoruyucu maskanı bir dəfədən çox taxmaq olar?
İstifadə edilən maskanı yenidən taxmaq olmaz. Amma təkrar istifadə edilən maskanı sağlamlıq üçün risk yaratmadığından əmin olmaq üçün ən azı 60 °C-lik isti su və antibakterial məhlulla yumaq lazımdır. Bunu maskanı istifadə etdikdən sonra, yenidən taxmamışdan öncə etmək lazımdır. Bir dəfə üçün nəzərdə tutulan maskalar isə heç bir halda ikinci dəfə istifadə edilməməlidir. Bunları istifadə edikdən sonra, dərhal ağzı bağlı olan bir zibil qutusuna atın.
Maskalar hansı sıxlıqda yuyulmalıdır?
Yenidən istifadə edilə bilən parça maskanı hər taxdıqdan sonra yumaq lazımdır. Məsələn, bütün günü maska taxmaqla keçirmisinizsə, axşam onu yaxşıca yuyun və qurudun. Yaxşı yuyulmamış və qurumamış maskadan isə təkrar istifadə etməyin. Yaxşı olar ki, 2-3 belə parça maskanız olsun, bu halda biri qurumasa da digərindən istifadə edə bilərsiniz. Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) isə tövsiyə edir ki, parça maskaları ən azı 60 °C qaynar suda və antibakterial məhlul ilə yuyulmalıdır. Bu maskanı daha yaxşı təmizləməyin yoludur.
Maskanı təhlükəsiz bir şəkildə necə atmaq olar?
ÜST tövsiyə edir ki, birdəfə üçün nəzərdə tutulan maskanı çıxarmamışdan öncə əllərinizi yuyun və ya dezinfeksiya edin. Daha sonra isə başın arxasındakı ipləri çəkin və ya maskanın ön tərəfinə toxunmadan ipləri açın. İplərdən tutaraq maskanı zibil qutusuna atın, amma ən idealı isə odur ki, iplərə belə əllərinizi toxundurmayasınız.