facemark.az komandası şirkət rəhbərləri ilə deadline ilə necə işləməli? mövzusunda müsahibə hazırlamışdı. Elə bu mövzunun davamı kimi, yarandığı gündən bəri deadline-lar ilə işləyən və deadline ilə işləməyi “müqəddəs” hesab edən, “FİL AGENCY”NİN gəncləri ilə söhbətləşdik. Bu gün pandemiyadan dolayı şirkətlər onlayn rejimdə çalışırlar, müştərilər isə ən kiçik bir gecikməni belə “bağışlamaq” istəmirlər. Bunu nəzərə alaraq Agentliyin əməkdaşları özlərinin uğurlu təcrübələrini bizimlə bölüşüblər. Düşünürük ki, bu müştəriləri ilə problemləri olan şəxslər və şirkətlər üçün də faydalı olacaq. Müsahibədə agentliyin savadlı, bacarıqlı, işgüzar əməkdaşları iştirak ediblər.
1. Bu gün gənc işçilərin ən çox qarşılaşdığı problemlərdən biri deadline-lar ilə işləməkdir. Bəs siz deadline-lar ilə işləmək üçün hansı faydalı üsuldan istifadə edirsiniz? Söyləyəcəkləriniz bəlkə də gənclərə faydalı və istiqamət ola bilər.
- İcraçı direktor, Aytən İsmayılzadə
Deadline-larla işləməyin faydalı üsullarından biri işləri sıralamaq və “checklist” yaratmaqdır. Təxminən 10 gün özünüzü “Checklist” yaratmağa məcbur etsəniz, bu Sizdə vərdişə çevriləcək. “Checklist” siyahı deməkdir, görəcəyiniz işləri öncədən siyahıya yazırsınız. Yalnız təcili işinizi çıxanda xüsusi hal olaraq onu edib sonra siyahınıza geri qayıdırsınız.
Qeyd edim ki, gün ərzində bizdən asılı olan və olmayan səbəblərə görə, bəzən təcili olmayan işləri də araya salıb planlarımızı pozuruq. Bunun davamlı olması bizdə xaos yaradır və bir müddət sonra heç nəyi çatdırmırıq deyə depressiyaya düşürük.
Məsələn, sosial şəbəkəyə daxil olub 1 post oxuyuruq, sonra rəyləri, daha sonra rəyə atılan linkə keçirik.. Bir də baxırıq ki, 2 saat keçib və biz hələ 1 iş bitirmişik.
Ona görə ən yaxşı üsul “checklist” yaratmaq və planlı icra etməkdir. Bu zaman Sizə ən sadə “Sticky notes” – desktopa yapışdırılan “checklist” üçün not vərəqi və ya “bitrix24” – tapşırıqları idarə etmək üçün peşəkar platformanı tövsiyə edə bilərəm.
- Account manager, Tərxan Tərlanzadə
Deadline-larla düzgün davrandığınız zaman, o sizin iş planlamanızda ən yaxın dostunuz olacaq. Yox əgər, deadline-larla düzgün davranmayıb, onları son tarixə saxlasanız o sizin üçün stress yaradacaq ünsür olmaqla yanaşı, işinizin keyfiyyətini də azaldacaq bir mövhuma çevriləcək. Deadline bitməsinə 1 gün qalmış işə başlamaq, sadəcə özünü aldatmaqdır.
- Digital marketing manager, Zamiq Əsgərzadə
Deadline elə qəliz mövzudur ki, onun haqqında sadəcə öz təcrübəmi bölüşə bilərəm. Düşünürəm ki, birbaşa tövsiyələrim o qədər də uğurlu olmaz. Dağınıq iş masamın olmasını çox sevirəm, bu mənim daha yaradıcı olmağıma kömək edir. Əslində həm də bu mənim seçimim deyil, bir INFP xarakterinin daşıyıcısı kimi Atilla İlhanın dili ilə desəm mən ona məcburam.
- Sosial media meneceri (SMM), Suğra Rzayeva
Deadline işə daha da məsuliyətli yanaşmaq üçün istifadə olunan üsullardan biridir. Bir çox insan “sabah edərəm” deyib işini sonrakı günə saxlayır və çox zaman işin dayanmasına səbəb olur. Deadline olduqda isə işçilərdə məsuliyyət yaranır, işi bacardıqları qədər zamanında bitirməyə çalışırlar.
- Sosial media menecer (SMM), Rüfət Ələkbərov
Biz öz komandamızla Bitrix24 saytından istifadə edirik, düşünürəm ki, hər bir komandanın vahid bir sistemi və idarəsi olmalıdır. Burada qoyulan deadline-lar aydın şəkildə görünməlidir.
- Sosial media meneceri (SMM), Nigar Həsənzadə
Düşünürəm ki, deadline önəmli faktordur. Hər bir işçi daha doğrusu, yeni başlayan işçi deadline görəndə işin məsuliyyətini başa düşür. Bacardığı qədər işi vaxtında çatdırmaq üçün çalışır və bu da qeyd etdiyimiz “işdə bişmək” məsələsinə gətirib çıxarır. Bir müddət sonra işin ağırlığına, komandanın sürətinə çatmaq ona çətin gəlmir.
- Ofis meneceri, Əfsanə Nəsirova
Excel-də aylıq iş cədvəlimdə görməli olduğum işlərin qarşısında başlanğıc və son tarixləri qeyd edirəm. Cari gün (qırmızı) və cari həftə (sarı) üçün olanları rəngləyirəm. Filtr funksiyasından istifadə etdikdə, qırmızı rəng məndə onların təcili olması təəssüratını gücləndirir və diqqətimi onlarda toplamağıma kömək edir.
- Art direktor, Kamil Abdullayev
Nəzarəti əlimdə saxlamaq üçün bir planlama ilə işləyirəm. Vaciblik dərəcəsinə, əsasən, işləri bitirməyi seçirəm.
- Qrafik dizayner, Hikmət Musayev
Fikrimcə, işləri planlı, ardıcıllıqla işlədikdə daha rahat çatdırmaq olur.
2. Xarici mütəxəssislər deyir ki, deadline ehkam deyil, onu alıcıya dəyişdirmək də olar?
- İcraçı direktor, Aytən İsmayılzadə
Fikrimcə, olmaz. Müştərilər disiplinli xidmət verənləri sevir. Onlar üçün deadline önəmlidir. Bəli, bəzən araya çox təcili bir hal çıxa bilər. Siz bəlkə də təcili 50 AZN qazanmaq üçün gündə 10 AZN qazandığınız müştərinin xətrinə dəyərsiniz. Bu halda 1 gün 50 AZN qazanıb aylıq 300 AZN-dən imtina etmiş olarsınız.
Ona görə də, disiplini alıcıya dəyişməyin. Alıcılarınızla disiplinli olun, bu halda Siz daha çox seçilən və tövsiyə olunan olacaqsınız. Brend vəkilləriniz Sizə daha çox alıcı gətirəcək.
- Account manager, Tərxan Tərlanzadə
Deadline - sadəcə işin düzgün şəkildə aparılması üçün bir vasitədir. Heç bir ehkam, ya da əmri təsvir etmir. Təbii ki, bu ümumi komanda işindən də asılıdır. Bizim komandamızda deadline-lar dəyişdirilə də bilər və bu belə də olmalıdır. İşin keyfiyyətini artırmaq üçün bəzi çərçivələrdən kənara çıxmaq olar.
- Sosial media meneceri (SMM), Suğra Rzayeva
İş zamanında və yerində təhvil verildiyi zaman müştəri tərəfindən hər zaman müsbət rəy alınır. Bunun üçün müştərinin məmnuniyyəti hər zaman ən vacib amildir.
- Sosial media menecer (SMM), Rüfət Ələkbərov
Mənim fikirimcə, deadline-lar düzgün qoyulmalıdır və hər ehtimala qarşı az bir müddəti ehtiyatda saxlamaq lazımdır. Bunu dəyişmək yaxşı hal deyil, buna görə də ehtiyatda vaxt saxlamaq zəruridir.
- Sosial media meneceri (SMM), Nigar Həsənzadə
Belə deyək, işi vaxtında bitirib təhvil vermək sənin peşəkarlığındır. Həmçinin müştərini qəzəbləndirmək olmaz. O, hər zaman haqlıdır! Alıcı bizim işimizin uğurudur. Əziyyətimizin, görülən bütün işlərin kökü alıcıya dayanır.
- Ofis meneceri, Əfsanə Nəsirova
Əgər deadline qoyulubsa, bu yəqin həmin fəaliyyətin təcili olmasına görədir. Fəaliyyətlər zəncirvaridir və onun vaxtında yerinə yetirilib yetirilməməsi sonrakı fəaliyyətə təsir edir. Bu halda deadline əməl etmək lazımdır. Amma əgər yaranacaq mənfi təsirləri və riskləri başqa yolla azaltmaq mümkündürsə müştərini/partnyoru buna inandırmaqla deadline dəyişdirmək olar.
- Digital marketing manager, Zamiq Əsgərzadə
Müştəri ilə ilk günlərdə vaxtından bir neçə gün öncə də işi bitirsəniz bir şübəsi, narahatlığı və narazılığı olur. Freelance təcrübəmdə bu halı yaşamışam. Hətta işi gec gördüyüm günlərdə belə müştəri özü onda bir hikmət tapardı. Halbuki mən gec qalmışdım.
- Art direktor, Kamil Abdullayev
Bu doğrudur, ancaq ki bəzi hallarda müştəri ilə anlaşılmazlıq yaşana bilər.
- Qrafik dizayner, Hikmət Musayev
Niyə də yox. Mütəxəssislər deyirsə, yəqin ki, bu fikirlərin arxasında bir araşdırma, izah dayanır.
3. Deadline ilə işləyən zaman hansı uğursuz hal sizi (alıcıya-müştəriyə) qeyri-peşəkar kimi göstərə bilər?
- İcraçı direktor, Aytən İsmayılzadə
Qeyri-dəqiq deadline qoymaq, deadline günü çatdırmadığımızı bildirmək, son anda zəngə, mesaja cavab verməmək, işin çatması üçün keyfiyyətini azaltmaq, deadline-na 1 gün qalmış brifi dəqiqləşdirmək icraçını sifarişçiyə qeyri-peşəkar göstərir. Səbəbdən asılı olmayaraq, nəticədə alınmayan hər bir işə görə səbəb bəhanədir.
Bəli, bəzən olur ki, sırf müştərinin dediyi vaxtda iş çatması üçün icraçı fədakarlıq edir və qısa vaxt götürür. İş çatmayanda və ya daha keyfiyyətsiz formada çatanda, sifarişçi tələb edəndə, icraçı küsür ki, mən fədakarlıq etmişdim. Halbuki, vaxtında reallığı bölüşmək və real deadline ilə işləmək peşəkar olaraq Sizi daha çox hörmətli edə bilər. Başqa hallarda Sizin fədakarlığınız qiymətləndirilməyəcək. Nəticə önəmlidir, qalan hər şey təfərrüatdır.
- Account manager, Tərxan Tərlanzadə
Tapşırıq aldıqdan həmən sonra deadline açılmalı, qeydlər yazılmalı və son tarix seçilməlidir. Bu bir vəddir. Üzrsüz səbəblərdən deadline gecikdirmək artıq inamsızlıq yaratmaqla yanaşı, qeyri-peşəkarlığın da göstəricisi ola bilər.
- Sosial media meneceri (SMM), Suğra Rzayeva
İşin vaxtının keçməsi və səbəbsiz yerə vaxtında müştəriyə təqdim olunmaması.
- Sosial media menecer (SMM), Rüfət Ələkbərov
Əlbəttə ki, deadline-lara uyğunlaşa bilməmək və deadline bitməmiş və ya zəif bir işi müştəriyə göstərmək. Bu halda artıq sizin edə biləcəyiniz bir şey qalmır.
- Sosial media meneceri (SMM), Nigar Həsənzadə
İşin deyilən vaxtdan gec verilməsi, gec verilən zaman hər hansısa tutarlı bir səbəbin olmaması qeyri-peşəkarlıqdır. Daha çox gecikmələrə və bəhanələrə deyil, işimizi gecikdirsək belə ən keyfiyyətli formada təqdim etməyə cəmlənməliyik. Ümumiyyətlə, müştəri bəhanə sevmir. Qəbul etmir. O ödənişinin qarşılığını ən peşəkar formada tələb edir.
- Ofis meneceri, Əfsanə Nəsirova
Fəaliyyətlərin bir çoxu kompleks xarakter daşıyır və digər həmkarların da iştirakı ilə yerinə yetirilir. Hansısa həmkarın öz deadline müddətinə əməl etməməsi nəticəsində mənsub olduğumuz qurumun işgüzar nüfuzu və komandasının peşəkarlığı zədələnə bilər.
- Digital marketing manager, Zamiq Əsgərzadə
Bəzən hələ vaxt var deyib son günlərə saxladığım işlər mənə baha başa gəlib. Fors major yaşanan problemlər, işin davam etmə müddətini yanlış hesablamam məni qeyri peşəkar vəziyyətə salıb.
- Art direktor, Kamil Abdullayev
Təbii ki işin gecikməsi.
- Qrafik dizayner, Hikmət Musayev
Deadline dəyişdirilmədən müştərinin sonradan əlavə istəkləri.
4. Müştəri obrazında deadline ilə işləyən zaman hansı uğursuz hallar ilə qarşılaşmısınız? Əsasən, onların belə demək mümkünsə bəhanələri nə olub?
- İcraçı direktor, Aytən İsmayılzadə
İngilis dili kursuna yazılmışdım. 1 aya yaxın gözlədim, axırda yorulub zəng etdim ki, xatırlayırsınız məni?
Dedilər, əlbəttə, sadəcə həmin müəllimin qrupu hələ yığılmayıb. Özümə qarşı çox hörmətsizlik hesab etdim ki, 1 ay ərzində məni xəbərdar etməliydiniz ki, alternativ həll axtarım. Nəticədə, 1 ay gecikdim öyrənməyə.
Düzü, burda tək kursu günahlandırmıram, səmimi desəm, özüm də təqib etməmişdim. Həmin vaxt prioritet başqa işlərim var idi.
- Account manager, Tərxan Tərlanzadə
İşçilər öz qeyri-peşəkarlığını ört-basdır etmək üçün, tapşırığın icrasında rol alan tanımadığım “X” adamı gecikdirən tərəf kimi göstərməsi olub. Əslində bu komanda işi üçün uğursuz bir addımdır.
- Sosial media meneceri (SMM), Suğra Rzayeva
Belə bir halla qarşılaşmamışam.
- Sosial media menecer (SMM), Rüfət Ələkbərov
Uğursuz hallardan biri deadline-ın son günü keyfiyyətsiz iş göndərmələri olub. Bəhanə isə ən çox hər-hansısa bir işçinin şəxsi problemi olması olub.
- Sosial media meneceri (SMM), Nigar Həsənzadə
Hər iki hal ilə qarşılaşmışam. Özüm bəhanə deməyək daha çox tutarlı səbəb verib, müştərinin könlünü almışam. Beləliklə, onun mənə qarşı qəzəbi yox, işimə qarşı qeyri-peşəkar düşüncəsini silib, yerinə güllər çiçəklər qoymuşam. İşimi də istədiyindən də yaxşı formada təqdim etmişəm. Demək istədiyim, müştərini qəzəbləndirməyin, özünüz əsəbi olsanız belə. Müştəri olaraq bu halları hər zaman anlayışla qarşılayıram. Çünki qarşı tərəf mənə bəhanə yox tutarlı səbəb verib.
- Ofis meneceri, Əfsanə Nəsirova
Aktual səbəb və ya bəhanə karantin rejimidir
- Digital marketing manager, Zamiq Əsgərzadə
Şəxsi işlərimiz üçün mühasibimiz vardı. Sözün əsl mənasında mənə baha başa oturdu. Sadə işləri ertələyərdi və bir gün gəldi işlərin altından çıxmaq mümkün olmadı. Vergiyə borclarımı yenicə ödəyib bitirən zaman özüm üçün yeni dərslər çıxardım. Bəhanəsi isə heç yox idi.
- Art direktor, Kamil Abdullayev
Müştəri ilə yaşanan uğursuzluqlarda müştəri hər zaman haqqlıdır məntiqi ilə özümüzdə bir səhv axtarmalıyıq, yəni müştəri ilə ən başdan razılaşan da özümüz olmuşuq.)
- Qrafik dizayner, Hikmət Musayev
Hələki özüm müştəri qismində kimləsə işləməmişəm.
5. Bizim kreativ komandada çalışan əməkdaşlarımızdan biri həmişə deyirdi ki, o yaradıcı insandır və deadline-lar ilə işləyə bilmir bu onun yaradıcılığını sıxır. Siz nə fikirdəsiniz? Yaradıcı insanlara deadline qoymaq olmaz?
- İcraçı direktor, Aytən İsmayılzadə
Əgər kreativ şəxsi iş üçündürsə, sənət əsəri, “modern art yaradırsa, bəli sıxmaq olmaz. Söhbət reklam agentliyinin kreativ komandasından gedirsə, razı deyiləm. (gülür)
Obyektiv şəkildə deadline mütləq razılaşdırılıb qoyulmalıdır. Əgər müştəri razılaşdırılan deadline-da kampaniya kreativini ala bilmirsə, satışa gecikir, rəqiblərindən geri qalır və müəyyən məbləğdə pul itirir. Biz isə müştərilərimizin zərər çəkməsini deyil, əksinə daha tez hərəkət edib tez qazanmasını istəyirik. Ona görə müdir, kreativ, art, istehsal – yəni, bütöv komandanın hər bir üzvü məsuliyyətli və çevik olmalıdır. Günün tələbi budur.
- Sosial media meneceri (SMM), Suğra Rzayeva
Düşünürəm ki hər bir insana deadline qoymaq olar. Sadəcə deadline ilə işləyə bilənlər var və bunu bacarmayanlar. Lakin bir şeyi də qeyd etmək lazımdır ki, hər deadline qoyulan iş keyfiyyətli iş sayılmır. Çünki hər bir şəxs demək olar ki deadline vaxtına kimi işini bitirməyə çalışır. Buna görə də sürətli şəkildə görülən hər iş uğurlu olmur.
- Sosial media menecer (SMM), Rüfət Ələkbərov
Əslində bu fikirlə razıyam, lakin baxır işin və şirkətin növünə. Dəqiqlik və punktuallıq tələb edən biznes sahələrində bu cür hallar yolverilməzdir. Lakin bu tipdə olan biznes sahələrində də çox kreativlik lazım olmur.
- Sosial media meneceri (SMM), Nigar Həsənzadə
Burada vəziyyət biraz fərqlidir. Bu müştəridən aslıdır. Əgər onun işinin deadline-nı qısa bir müddətdə çatdırılmalıdırsa, müştəri də bunu tələb edəcək. Yaradıcı olmaq olar, lakin sürətli işləməyi də bacarmaq lazımdır. Belə bir düşüncə bir az egolu düşüncədir və müştəri egonu sevmir. Bu düşüncə əməkdaşın daha çox müştərisinin itirilməsinə gətirib çıxaracaq. Heç bir rəhbər, heç bir müştəri uzanan işləri sevmir.
- Ofis meneceri, Əfsanə Nəsirova
Hər bir fəaliyyət müəyyən müddətdə həyata keçirilir və bu müddətə uyğun deadline müəyyən etmək olar. Yaradıcılıq ilham pərisinin gəlməyi ilə olmur, bilik və təcrübənin düzgün istifadəsi ilə müəyyən edilmiş müddətdə ortaya nəticə qoyula bilər.
- Digital marketing manager, Zamiq Əsgərzadə
Etiraf edim ki, mən ara-sıra yazılar yazıram və şəxsi dərgimi hazırlayıram. Ona qatdığım qatqılar bəzən gecə, bəzən yemək yeyərkən gəlib. Deadline məni üzər, amma etiraf edim ki, deadline bizi bir başqa mərhələyə daşıyır. Nizam və intizam formalaşdırması baxımdan düşünürəm faydalıdır. Komanda liderimiz Aytən xanım bəzən deadline-lardə bizə güzəştə gedir, bu bizi xoşbəxt edir
- Art direktor, Kamil Abdullayev
Yaradıcı insanlara deadline qoymaq böyük bir supermarketə, ancaq çörək satacaqsan demək kimidir :) potensial işçinin tam performans işləməsi üçün onun istəklərini qarşılamaq lazımdır ki, o xəyallarına çatmaq üçün daha da çox işləsin, daha da həvəslə işləsin.
- Qrafik dizayner, Hikmət Musayev
Mən bu fikirlə razıyam. Yaradıcılıq tələb edən işlərdə, fikrimcə, deadline qoyulan işin yükünə görə hesablanmalıdır. Normal vaxt intervalında ən azı bir neçə saat bəzi hallarda bir gün belə əlavə edilməlidir.
6. Əlbəttə, müasir texnologiya və alətlərin inkişafı bizə kömək edir ki, deadline-lar ilə işləmək üçün onlardan istifadə edək. Bəs, siz deadline ilə işləyən zaman hansı əlavə və platformalardan istifadə edirsiniz? Yoxsa, ajendada not almağın tərəfdarısınız?
- İcraçı direktor, Aytən İsmayılzadə
Əslində, kimə hansı üsul rahatdırsa, onu da istifadə etməlidir. İndi ajandadan əlavə yüzlərlə proqram təminatı var. Mən ajandamda hər şeyi tarixinə uyğun qeyd etdiyim üçün görüşlərin icmalına, kimə hansı tarixdə nəyi deməliyəmsə, ordan baxıram. Tapşırıqları isə bitrix24 üzərindən izləyirəm. Komandam və özüm üçün hər kəsə gün ərzində checklist açılır, oradan, həm təqib edirəm, həm də görülən işləri izləyirəm, icra edirəm.
- Sosial media meneceri (SMM), Suğra Rzayeva
Deadline ilə işlədiyim ilk yer məhz Fil Agentliyi olub. Digər çalışdığım yerlərdə dəftərə qeydlərimi yazırdım.
- Sosial media menecer (SMM), Rüfət Ələkbərov
Qeyd etdiyim kimi biz komandamız ilə Bitrix24 platformasından istifadə edirik.
- Sosial media meneceri (SMM), Nigar Həsənzadə
Hazırda işlədiyim yerdə “Bitrix24” platformasını çox bəyənirəm. Bu platforma deadline təyin edir, həmçinin, işin faizini də hesablayır. Lakin bundan əvvəlki iş yerlərində daha çox smartfonda “take note” bölməsində qeyd etməyin tərəfdar idim. Ajandalar hər zaman köməyimizə çatır.
- Ofis meneceri, Əfsanə Nəsirova
Excel və klassik üsul: ajendada qeyd yazmaq.
- Digital marketing manager, Zamiq Əsgərzadə
Etiraf edim ki iş üçün başqa, şəxsi həyatım üçün başqa tətbiq istifadə edirəm. Ancaq məni davamlı ən yaxşı bloknotları hədiyyə verən bir dostum var və mən klassik şəkildə də notlar tutmaqdayam. Amma orada deadline-lar yoxdur. (gülür)
- Art direktor, Kamil Abdullayev
Özüm Mobil telefonda, ya Note, ya da Trello istifadə edirəm.
- Qrafik dizayner, Hikmət Musayev
İkinciyə üstünlük verirəm.
7. Niyə bizdə hələ də belə fikir var ki, deadline son tarixdir, ona qədər işlərə baxmamaq da olar. Hətta Critical Path Method-una görə, bütün deadline-lar son tarixdə tamamlanır və ona daha az vaxt sərf edilir. Bu nə ilə bağlıdır?
- İcraçı direktor, Aytən İsmayılzadə
Mən də imtahana son gün hazırlaşan tələbələrdən biri olmuşam. Karyera pilləsində irəlilədikcə öyrəndim ki, planlama və təqib önəmlidir.
İşləri son günə saxlamaq səbəbi hər kəsdə eyni olur: Təcili işim çıxdı, digər işlərə görə çatmadı, bu iş üçün bu vaxt az idi onsuzda, filankəsi gözləyirdim və s.
Reallıq isə, zamanı düzgün idarə etməməyimiz və məsul olduğumuz işin nəticəsinədək təqib etməməyimizdir. Checklist ilə işləməyənə qədər mən də gün ərzində çox işləyirdim, amma gün sonu gördüyüm işləri yazanda nəticə az göstərirdi. Təhlil etdim ki, hər işi görməzdən əvvəl, görərkən fasilədə vaxtımı planlamadığım görüşlər, sosial media, telefon zəngləri, yazışmalar və s. çox alır.
Ondan sonra qərar verdim ki, hər kəslə sırf qarşımdakı məmnun qalsın deyə, həmin an həmin şəxsə uyğun vaxtda deyil, öz planlamama uyğun vaxtda görüşəcəyəm. Telefonumda hər gələn mesaja deyil, vaxt ayırdığım anda bütün mesajlara baxacağam.
Beləliklə, öhdəsindən gəldim.
- Sosial media meneceri (SMM), Suğra Rzayeva
Çünki hər bir şəxs “Əşi çatdıracam” deyib işləyir. Eynən universitet zamanlarımızda da olduğu kimi, imtahana bir-iki gün qala hazırlaşaram düşüncəsi kimi. Bu isə artıq insanın özündən asılı olan bir şeydir.
- Sosial media menecer (SMM), Rüfət Ələkbərov
Çox vaxt bu belə olsa da, işlər vaxtında tamamlanır və buna görə işçilərdə düşünür ki, bu gələn dəfə də deadline-a çatacaqlar və buna görə yenidən axrıncı günə saxlayırlar işləri.
- Sosial media meneceri (SMM), Nigar Həsənzadə
Belə deyək, bu bizim təməldir. Fikir vermişəm, çox az adamda bu məsuliyyət düşüncəsi var. Çox uzağa getməyək, universitet gənclərinə fikir verək. İmtahana 2 gün qalmış hazırlaşırlar. Az vaxt sərf edilən iş hər zaman keyfiyyətli alınmır. O həyəcan, işin çatmaması qorxusu, əsəb, gərginlik uğursuz və qeyri-peşəkar iş ortaya çıxarır. Qısası, problem ən başa gedir dayanır. İnsanlarımız əsası, qeyri-əsasdan ayıra bilmir. Ətrafımızda önəmli olmayan işləri ön plana çəkirik. Beləliklə də, əsas, qeyri-əsasın təziqi altında əzilir.
- Ofis meneceri, Əfsanə Nəsirova
Bir səbəb o ola bilər ki, tapşırığı deadline bitməmiş tamamlama nəticəsində yeni tapşırıq gələ bilər.
- Digital marketing manager, Zamiq Əsgərzadə
Biz imtahanı imtahana qalmış son gecə oxuyub keçən generation-un məzunlarıyıq. Bu yanaşmanı gördüyümüzdən bəlkə ola bilər. Şəxsən utanaraq etiraf edim ki, mən də elə edirəm. Ümid edirəm komanda liderimiz və rəhbərlik bu yazını oxumur.
Təşəkkür edirəm!
- Art direktor, Kamil Abdullayev
Deadline sadəcə insanın xatırlaması üçün yaranıb, amma bəzi marketoloqlar bunun son gün olaraq deyil də təhvil ver günü olaraq görür. Deadline-lara işi görəcək şəxs təyin edirsə problem az yaşanacaq.
- Qrafik dizayner, Hikmət Musayev
Yanaşma hər kəs də fərqlidir. İşləri sona saxlamaq mənə görə keyfiyyətdə də mənfi fərq yaradır.
TƏŞƏKKÜR EDİRİK!
MÜSAHİBƏNİ HAZIRLADI, facemark.az baş redaktor, Ülviyyə Əlizadə