Rusiyaya məxsus “Yandex” İnternet şirkəti World Wide Web Consortium (Ümumdünya hörümçək toru konsorsiumu) təşkilatına üzv olub.
lenta.ru saytının məlumatına görə, konsorsium Ümumdünya hörümçək toru üçün texnoloji standartların hazırlanması ilə məşğul olur. Hazırda təşkilatın “Adobe”, “Google”, “eBay”, “Microsoft”, “Mozilla Foundation” və “Twitter” şirkətləri də daxil olmaqla 377 üzvü var. 1994-cü ildə əsası qoyulmuş təşkilatın yaradıcısı və əvəzolunmaz rəhbəri Ümumdünya hörümçək torunun müəllifi olan cənab Tim Bernes-Lidir.
Konsorsiumun əsas hədəfi şəbəkənin uzunmüddətli inkişafını təmin etmək üçün protokol və tövsiyələrin hazırlanması yolu ilə Ümumdünya hörümçək torunun potensialını tam aşkar etməkdir. Qeyd edək ki, təşkilat qrant, ianə və üzvlük ödəmələri hesabına maliyələşdirilir.