facemark.az-ın reklam agentliklərinin beynəlxalq festivallarda iştirakı ilə bağlı YelloAD-ın həmtəsisçisi, Azərbaycan Marketinq Peşəkarları Assosiasiyasının İdarə Heyətinin Sədri Namiq Bayramov ilə müsahibəsi
- Bu yaxınlarda yaradıcılıq və peşəkarlıq reytinqi AdAsia 2020-nin nəticələri açıqlanıb. TOP 3-ə daxil olan agentliklər arasında ilk dəfə idi ki, Azərbaycandan olan agentlik də iştirak edirdi. Zəhmət olmasa, belə festivallarda iştirakın vacibliyindən danışardınız.
Əslində AdAsia yarandığı ilk illərdə Azərbaycanda daha popular idi və ona daha ciddi yanaşırdılar. 2011-ci ildə TOP10-da 2 Azərbaycan agentliyi var idi: JIS (5-ci yer), YELLOAD (8-ci yer). Daha sonra 2013-cü ildə Genna (8-ci yer) və 2014-cü ildə Kokon (10-cu yer) da bu siyahıya düşə bildi. Sonra 6 illik bir fasilə yarandı. 2015 böhranı və ondan sonrakı dövr… Nəhayət 2019-cu ildə Endorphin Azərbaycanın sanki alnına yazılmış 8-ci yerlə TOP10-a düşdü 2020-ci ildə Endorphin 3-cülüklə TOP10-a girərək bu reytinqdə Azərbaycan üçün 2 yeni nəticə əldə etdi: həm ardıcıl 2 il dalbadal ilk onluğa düşdü, həm də TOP3-ə düşən ilk Azərbaycan agentliyi oldu.
- Agentliklər, həm müştəriləri üçün çalışıb, həm də beynəlxalq festivallarda iştirak edə bilməzmi? Burada səhv olan nədir? Zəhmət olmasa, peşəkar nöqteyi-nəzərinizdən açıqlayardınız.
Əlbəttə, bilərlər. Amma agentliklərimizdə motivasiya yoxdur. Çünki müştərilər buna önəm vermir. Üstəlik, mənasız şeylərə iri pullar xərcləyən şirkətlərimiz agentlikləri daim “endirim”lə sıxışdırır, onların marjasını davamlı olaraq aşağı salmağa çalışırlar. Belə şəraitdə necə deyərlər “survive edən”, yəni sağ qalmağa çalışan agentlikləri festivallar heç maraqlandırmır. Hazırda ölkədən 2-3 agentlik festivallara iş göndərir. O da pulları və ya vaxtları başlarından aşdığı üçün yox. Bu məsələdə prinsipial olduqları üçün. Amma 2011-2014-cü illərdə məsələn, elə AdAsia üçün (əvvəl BOCA reytinqi, sonra RedJolbors festivalı) hər il azı 5-10 agentlik iş göndərirdi. Məsələn, həmtəsisçisi olduğum YELLOAD da həmin dövrdə hər il AdAsiadan mükafat alırdı. Məşhur onlayn reklam kataloqu olan AdsOfTheWorld-a Azərbaycandan düşən ilk iş bizim agentliyin işidir. 2014-cü ildə… Amma sonralar bu həvəs öldü…
- Real biznes məqsədləri üçün hazırlanan işlərin beynəlxalq festivala çıxarılması səhvdir? Yəni, müştəri üçün hazırlanan işlər beynəlxalq festivallara çıxarılmamalıdır?
Xeyr, səhv deyil. Festivalda yüksək kreativlik nümayiş etdirmək məqsədilə məhz festival məqsədli işlər hazırlana bilər. Amma bu o demək deyil ki, real biznes işləri festivala çıxmamalıdır. Məsələn, Effie Awards real olmayan işi qəbul etmir. Çünki effektivliyi ölçməlidir. Əgər real biznes keysi olan işlər festivala çıxıb Qran Pri alırsa, bu, agentliyin ən böyük uğurudur. Yoxsa, heç yerdə tətbiq olunmayan kreativ işlərlə mükafat almağa nə var ki?! O işə vaxt ayırmaq üçün bir az “artıq” pul olsun, yetər
- Həmkarlarınızdan biri deyirdi ki, festivallar reklam bazarını əsl marketinqdən uzaqlaşdırır.. Zəhmət olmasa, bu nüansa da toxunardınız.
Burda qızıl orta vacibdir. Əgər agentliklər və onların müştərilərinin dərd-səri mükafat qazanmaqdırsa, bu fikir tam yerinə düşür. Amma əgər ana məqsəd effektiv və yaradıcı iş görməkdirsə, o zaman əksinə, festival əlavə motivasiya verir. Mən şirkətlərimizə tövsiyə edərdim ki, reallaşmış yaradıcı layihə uğurlu olduqda əlavə vəsait ayırsınlar ki, agentlik onu festivallara göndərsin. Pis olardı ki, agentlik hansısa Azərbaycan şirkətinin işi ilə Cannes Lions alsın və Kannda agentliklə birgə o şirkətin də adı qalib kimi çəkilsin. Buna görə də, şirkətlərimiz imkan daxilində illik marketinq planlarında belə şeyləri də nəzərə alsınlar. Amma bu məsələyə çox da aludə olmasınlar. Hər şey qədərində yaxşıdır...
- Namiq bəy, kreativlik dünyanı xilas edəcək?
Dünyanı düzlük xilas edəcək, başqa heç nə! Düzlük də ki, həmişə lazım olandan az olur. Kreativlik isə bütün yaxşı şeylər kimi dünyanı bir az daha yaşamalı yer edir. Kreativlik – yaradıcılıqdır. Yaradıcılıq isə Yaradanın adı ilə bağıdır. Onun adı ilə bağlı hər şey pozitivdir...
- Gəlin, qəbul edək ki, yerli agentliklərin festivallarda iştirakı, onlara yeni xarici müştərilər qazandırır. Onlar ilə əməkdaşlığınız davam edirmi? Onların briflərinin, yerli briflər ilə fərqli xüsusiyyətləri nələrdir?
Bəli, bu danılmaz faktdır. Festivallar yeni tanışlıqlar, yeni tanışlıqlar isə yeni müştərilər qazandırır. Xarici müştərilərin brifləri daha əhatəlidir. Doğrudur, bəzən həddən artıq uzun və gərəksiz briflərə də rast gəlirik. Elə yerli şirkətlərdə də bu tip briflər olur. Amma struktur baxımından xaricilər yerlilərdən daha yaxşı brif yazır. Onu da deyim ki, bu fərq ildən ilə azalır. Bizim şirkətlərimiz 5-6 il öncəkindən çox daha yaxşı brif yazırlar.
- Golden Drum, Cannes Lions (vaksinasiya prosesinin artması nəticəsində 2021-ci ildə oflayn formatda keçirilməsi nəzərdə tutulub) beynəlxalq yaradıcılıq festivalı real tapşırıqlar əsasında müsabiqə elan edir. YelloAD-nin iştirakı haqqında düşünürsüzmü?
Hələ ki, heç bir fikrim yoxdur. Bunu daxildə müzakirə etməmişik.
- Necə fikirləşirsiniz, ən yaxşı reklam satış gətirən reklamdır?
Ən yaxşı reklam o reklamdır ki, həm satış gətirir, həm yaradıcılıq səviyyəsi ilə heyran edir, həm də izləyicilərə göz zövqü yaşadır.
- Namiq bəy, hansı beynəlxalq festivalların işini ədalətli hesab edirsiniz?
Ədalət nisbi anlayışdır. Buna görə də, hamısına qarşı münasibətim eynidir. Ümumiyyətlə, işində qərəzlilik olan festival qlobal nüfuza malik ola bilməz. Tezliklə, Azərbaycanın öz reklam festivalı olacaq və çalışacağıq ki, ən ədalətlisi də elə BİZİM FESTİVAL olsun!
Sualları cavabladığınız üçün təşəkkür edirik.