Marketoloq Sabit Məmmədovla marketinq və Azərbaycanın marketinq bazarı haqqında söhbət etdik.


Sabit bəy, suallarımıza təməldən başlayaq. Universitetlər marketoloqları bazarın ehtiyacına görə öyrədərək, onları iş dünyasına hazırlaya bilirmi?


Məncə, təhsil o qədər də zəif deyil. Öz sahəsində mütəxəssislərimiz, yaxşı dosentlerimiz, professorlarımız var. Amma təbii ki, universitet təhsili tək başına yetərli deyil. Bildiyiniz kimi, reklamçılıq çox dinamik bir sektordur. Reklamçılıq sektorunda çalışan hər bir insan özünü inkişaf etdirməli, yeniliyə açıq olmalıdır. Bu sahədə iş görən insanlar universitet təhsili ilə yanaşı öz sahəsinə uyğun olaraq kurslara qatılmalı və dəyişikliyə açıq olmalıdırlar.


Sizcə, bir marketoloqda olması gərəkən ən önəmli özəllik nədir?


Hər işdə olduğu kimi, ilk öncə işinizi çox sevəcəksiniz. İctimaiyyəti də yaxşı analiz edib bazarın reallıqlarını da çox yaxşı bir şəkildə öyrəndikdən sonra strategiyanızı qursanız, bu sektorda müvəffəqiyyətli olma şansınız artar. Bundan başqa, bir marketoloqun sektorun içində olan rəqibləri çox yaxşı tanıması lazımdır.


Rəqib dediniz… Yaxşı, bəs sizcə, Azərbaycan da bazar rəqabətçi sırasına çatdımı?


Əvvəllər rəqabət yox idi. Amma indiki vaxtda bu rəqabət gün keçdikcə artır və hətta, bəzi sektorlar arasında çox ciddi bir rəqabət var. Hətta, eyni sektora aid bir kiçik, bir də böyük şirkətin rəqabət etmə vəziyyətləri əsas məsələdir. Böyük şirkət əlindəki reklam büdcəsini doğru istifadə etmədiyində, kiçik şirkət xırda reklamlar edərək bir anda böyük şirkətlə rəqabət edəcək vəziyyətə gəlir. Burada əhəmiyyətli olan cəhət reklam büdcəsinin doğru istifadə edilməsidir.


Bir şirkəti bir maşına bənzətsək, şirkətin marketinq bölümü maşının harasıdır?


Maşının qaz pedalıdır.


Şirkətlər marketinq direktorlarını seçərkən peşəkar davranırlarmı?


Artıq bir çox şirkət marketing direktorlarını peşəkar bir şəkildə seçir. Hətta, bəzi şirkətlərdə direktorun ardından ən səlahiyyətli adam marketinq direktoru ola bilir. Əgər şirkətlər bu önəmli vəzifəni ona verirlərsə, marketing direktorlarını da peşəkar olaraq seçməlidirlər.


Bir marketoloq, içində yaşadığı cəmiyyəti çox yaxşı anlamaq, onun sosioloji psixoloji tərəflərini çox yaxşı bilmək məcburiyyətindədir. Təbii ki, bunu çox yaxşı analiz etməsi üçün də cəmiyyətin sosioloq psixoloqlarının araşdırmalarından yararlanmalasi lazımdır. Sizcə, yaşadığımız cəmiyyətdə sosioloq psixoloqlar öz araşdırmalarıyla, siz - marketinq işi görənlərə yardımçı olurlarmı?


Əslində, aparılan araşdırmalardan çıxan nəticələri düzgün şərh etmə vəzifəsi sosioloqlara aiddir. Əgər edilən araşdırmalardan çıxan nəticələr sosioloqlar tərəfindən doğru yorumlanarsa, təbii ki, bizim işimiz də asanlaşar və biz də marketinq strategiyasını yeridərkən bunlardan yararlanarıq.


Azərbaycanda media yerli şirkətlərin markalaşması prosesində şirkətlərə necə faydalı ola bilər?


Çox gözəl bir sualdır və mənim çalışdığım yerlə də tamamilə, əlaqəlidir. Mənim işlədiyim ANS şirkətlər qrupunun hər cür reklam orqanı yerli şirkətlərin reklamlarını daha ucuz qiymətə nəşr edərək onların daha çox tanınması mövzusunda yardımçı olur. Bu, ölkənin iqtisadi inkişafına çox faydalı təsir göstərir. Bundan başqa, yerli şirkətlərin bu şəkildə dəstəklənməsi ümumi işsizliyin də azalmasına gətirib çıxarır. Yerli istehsal edən firmalar bu şəkildə dəstəklənərək onların markalarının, ya da məhsullarının daha çox insan tərəfindən tanınmasını təmin edir.


Bəs reklam agentliklərinin vəziyyətini necə qiymətləndirirsiniz?


Bu işlə maraqlanan hər kəsin bildiyi kimi, işini çox peşəkar görən reklam agentlikləri var. Bir şirkətin 0-dan başlayıb çox önəmli yerlərə gəlməsində köməkçi olan reklam agentliklərimizin sayı az deyil. ümid edirəm ki, gələcəkdə bu reklam agentliklərinin sayı çoxalacaq.


Reklam verən şirkətlər reklamını verəcəyi media orqanının reytinqinə baxır. Televiziyadırsa izlənmə nisbəti, radiodursa dinlənmə nisbəti, yazılı qəzet və ya jurnaldırsa tirajı ... Məsələn, bir şirkət TV-ə reklam vermək istəyir təbii olaraq izlənilmə nisbətlərinə baxaraq verəcək reklamını. Bu reytinqləri doğru ölçən bir araşdırma təşkilatları varmı?


Azərbaycanda televiziyaların radioların reytinqini ölçən 2-3 təşkilat var. Amma o təşkilatların fəaliyyəti məni heç qane etmir. Bu isə ayrı bir mövzudur.


EcoLife