facemark.az-ın baş redaktoru Ülviyyə Əlizadə ilə müsahibə


- Bu yaxınlarda eşitdik ki, Bu günün marketinqi 4 kitabı işıq üzü görəcək. Öncə marketinqə qatacağınız fayda üçün təşkilatçılara təşəkkür edirəm. Ülviyyə xanım, yeni kitabın ərsəyə gətirilməsi ideyası necə yarandı?


Özündə biznes, marketinq, reklam və əlaqəli sahələri əhatə edən, bütövlükdə yerli mütəxəssislərin fikirlərindən ibarət olan kitabın ərsəyə gətirilməsi ideyası bu gün üçün yeni deyil. Biz bu işə hələ 2011-ci ildən başlamışıq, həmin vaxt Bu günün Marketinqi 1 kitabını ərsəyə gətirmişdik. Kitab, həmin dövrdə marketinq əhli arasında böyük səs-küy doğurmuşdu. 2 və 3-cü seriyalar da facemark.az onlayn marketinq portalında yayımlanan müəllif yazıları və müsahibələrdən təşkil edilmişdi. Bu günün Marketinqi seriyası 4-cü nəşrilə 2011-ci ildən 2021-ci ilədək 10 il müddətində Azərbaycan biznes və marketinq mühitinə dair praktik, real keyslərlə zəngin olan, bu sahədə çalışan mütəxəssislərin yazılarını özündə birləşdirir. Bir sözlə, Bugünün Marketinqi son 10 ilin Azərbaycan Marketinq Tarixidir də deyə bilərik.


Bu günün marketinqi 4 kitabını ərsəyə gətirmək haqqında qərara isə təşkilatçılar ilə müzakirədən sonra gəldik. Biznes platformamızdan yayımlanan yazıları təhlil etdikdə, bu qənaətə gəldik ki, artıq 4-cü nəşrin də yayımlanmasının vaxtıdır. Beləcə hazırlıqlara başladıq. Kitabın yayımlanması ilə bağlı xəbərimizdən sonra isə, xeyli xoş geridönüş almışıq. Qiymətləndirməmizə görə, kitab satışa çıxarılanda da, həm müəlliflər, həm də oxucularımız arasında eyni həyəcanı müşahidə edəcəyik.


- Bizə hazırki hazırlıqlar prosesi haqqında danışa bilərsinizmi?


Əlbəttə, Nigar xanım. İlkin mərhələdə platformada yayımlanan müsahibə və müəllif yazılarını təhlil etdik, 300-ə yaxın məqalə və müsahibələrin olduğunu gördük. Yazılar son 2 ilin biznes, marketinq mənzərəsini nümayiş etdirir. Onlar arasından seçimlərimizlə hazırda məqalə+müsahibə daxil 65 müəllifdən 250-yə yaxın yazı kitabda yer alacaq. Mart ayında Bu günün Marketinqi seriyasının 4-cü kitabını çapa verməyə hazırlaşırıq. Bu haqda birinci dəfə bu müsahibədə demək istəyirəm ki, facemark.az-ın davamlı olaraq hazırladığı 130-a yaxın fmr videoları da disk formatında kitab ilə birgə oxuculara təqdim ediləcək. Artıq fmr videolara baxış sayı 1 000 000 keçib.


- Ülviyyə xanım, kitab müəlliflərinə (hazırki və potensial) tövsiyələriniz nələr olardı? Yeni müəlliflərin kitabda yer alması ehtimalı varmı?


Öncə onu vurğulayım ki, daim müzakirə edirlər ki, internetin inkişafı ilə ənənəvi mətbuat, eyni zamanda TV yox olacaq, reklamverənlər bu sahədən geri çəkiləcək. Amma bir yazı oxudum, orda mütəxəssislərin əksəriyyəti bu fikirdə idi ki, insanlar TV-ni rahat, komfort mühitdə izləyirlər. Ona görə də bu amil müştərinin yeni məhsul almaq duyğusunu artırır. Nəticədə, TV yenə də reklamverənlər üçün əsas məcralardan biri olmağa davam edəcək. Bu yuxarıda dediyim nümunəni kitaba da adaptasiya edə bilərik. Bu gün YouTube striminq platformasında davamlı kontent paylaşan və milyondan çox abunəçisi olan bloggerlərin platformada olan videolar əsasında kitab ərsəyə gətirdiyinin şahidi oluruq. Ona görə də təşkilatçılar ilə müzakirəmizdən sonra belə qərara gəldik ki, martın 1-dək kitabda yer almaq istəyən müəlliflərə vaxt verək. Odur ki, martın 1-dək müəlliflər öz yazılarını bizə göndərə bilərlər.


- Oxucular kitabda hansı mövzuları görə biləcəklər?


2020-ci ildə insanlıq olaraq çox çətin (virusa yoluxma riski, maliyyə sıxıntısı, ölüm halları, II Qarabağ müharibəsi və s.) dövrlər yaşadıq. Kitabda koronavirus pandemiyası və onun biznesə təsirləri, şirkətlərin adaptasiya prosesləri ilə bağlı da yazıları görə biləcəksiniz. Eləcə də II Qarabağ müharibəsi zamanı imiclərini məhv edən və ya əksinə böhrandan üzüağ çıxan və yadda qalan şirkətlər haqqında da maraqlı müəllif məqalələri ilə tanış olacaqlar. Pandemiya, Qarabağ müharibəsi ətrafında hazırlanan müsahibələr də kitabda yer alacaq. Onu da qeyd edim ki, Bu günün Marketinqi 4 demək olar ki, indiyədək olan seriyalardan səhifə sayına görə ən çox olan buraxılış olacaq. Təxminlərimizə görə, kitab 700 səhifəni keçə bilər.


- Ülviyyə xanım, əldə etdiyimiz məlumata görə, kitabdan əldə edilən gəlirləri YAŞAT Fonduna ianə ediləcək?


Bəli, Nigar xanım, doğru vurğulayırsınız. Bugünün Marketinqi 4 seriyası “Vətən Müharibəsi” şəhidlərinin əziz xatirəsinə ithaf olunacaq və kitabın satışından əldə edilən gəlirlər şəhid və qazilərimizin təminatının yaxşılaşdırılması üçün TAMAMİLƏ YAŞAT Fonduna ianə ediləcək. Həm oxuyub faydalana, həm də az da olsa borcumuzdan çıxma imkanımız ola bilər.


- Ülviyyə xanım, bəs növbəti dəfə kitaba necə düşmək olar?


Bu sualı tez-tez mənə ünvanlayırlar. Əksinə burada çətin heç bir şey yoxdur. Etməli olduğunuz facemark.az saytının müəlliflərindən biri olmaqdır. Kitab il ərzində sizin göndərdiyiniz müəllif yazıları və bizə verdiyiniz müsahibələrdən formalaşır.


- Müsahibə üçün çox sağ olun, işlərinizdə uğurlar!


- Mən təşəkkür edirəm!