facemark.az-ın biznesdə qərarsızlıq və doğru qərar vermək ilə bağlı “Brandup” agentliyinin və Savadly layihəsinin həmtəsisçisi Tamerlan İsmayılov ilə müsahibəsi
- Dünyanın qabaqcıl konsaltinq şirkəti Bain&Company-nin mütəxəssisləri Marcia Blenko, Michael Mankins və Paul Rogers 5 qitədən 750-dən çox şirkət arasında biznes dünyasında doğru qərar almaqla bağlı araşdırma aparıb. Nəticələr isə maraqlı idi. Şirkət rəhbərlərinin vaxtlarının 50%-dən çoxu iclaslarda keçir. Hamısı da bu deyil. Top menecerlərin 85%-i iclasların faydasız keçdiyinə inanır və doğru qərar almaqda çətinlik çəkdiklərindən şikayətlənirlər. Sizcə, biznes dünyasında doğru qərar almaq üçün ilk beş addım hansıdır?
Həqiqətən də, bir rəhbərin zamanının əksər hissəsi qərar verməklə keçir, bu qərarlar kiçik, gündəlik və ya böyük, strateji məsələlərlə bağlı ola bilər. Mənə görə, burda əsas 2 faktor var: hədəflər və dəyərlər. Əgər biz hər ikisini yaxşı bilsək və özümüzə, komandamıza tez-tez xatırlatsaq, qərarvermə prosesi xeyli asanlaşacaq. Fikrimi bir qədər açım, qərarlar verərkən bizim üçün əsas olan nədir? Hədəfimizə çatmaq, lakin bunu etibarımızı zədələmədən, insani prinsipləri pozmadan etmək. Buna görə də qarşımıza istənilən ölçüdə qərar anı çıxanda, dərhal yadımıza hədəflərimizi salıb sual verməliyik ki, hansı qərar bizi hədəflərimizə doğru aparır? Sonra isə sual verməliyik ki, bu qərarlardan hansı dəyərlərimizə zidd deyil? Mütləq ki, buradan nəticə ala biləcəyik.
- Bəzi şirkətlərin yeni məhsulları rəflərə illər, aylar ilə deyil, həftələr içində çıxır. Bəzən sürətlə dəyişən biznes sahələrində qərarları bir neçə günə deyil, bir neçə saat içində almaq labüd olur. Siz nə düşünürsüz?
Bəli, getdikcə həyatımızın sürəti artır və 24 saat bizə kifayət etməməyə başlayır. Bir çox məsələlərdə qərarlar ani verilir, çünki fürsətlər gözləmir. Düşünürəm ki, ümumi strateji xəttimiz olmasa, bu sürət bizi uda bilər. İmkan verməməliyik ki, bu dinamika bizi yolumuzdan sapdırsın.
- Xiaomi-nin qurucusu, rəhbəri və CEO-su Lei Jun deyib ki, ağıllı, elektrik mühərrikli nəqliyyat vasitələrinə qarşıdakı 10 il ərzində 10 milyard dollar investisiya edəcək. O, əlavə edib ki, “Bu, həyatımın son böyük investisiya layihəsi olacaq!”. Bazarda markanın Tesla kimi rəqibinin olduğunu nəzərə aldıqda, belə sual vermək istərdim bəzən top menecerlər də qərarlarında yanıla bilərlər?
Səhv etmək insana xasdır, nə qədər həyat təcrübəli biri olsa da, ələlxüsus biznes dünyasında, bu sürətin və risklərin içində səhv etməmək mümkün deyil. Tanıdığımız və çox uğurlu saydığımız biznesmenlər, rəhbərlər belə öz bioqrafiyalarında nə böyük səhvlər etdiklərini paylaşırlar, bu gün Forbes siyahısında olan insanları məhz səhvləri ora gətirib. Sırf bu keysə gəldikdə isə, düşünürəm ki, Lei Jun çox düzgün addım atır. Bazarda Tesla kimi bir rəqib olsa da, heç bir şirkət bütün dünyanı təmin edə və özünü sevdirə bilməz. Nə Apple, nə Mercedes nə də digər sahələrdə olan markalar buna nail ola bilməyib, əslində, heç nail olmaq da istəmir. Alternativlərin olması bazarın iqtisadiyyatının olmazsa-olmazıdır. Seçimlərin olması əslində alış həcmini artırır. Seçimlər olmazsa heç kim əlavə pul xərcləməz.
- İlk mobil telefon markaları ilə tanış olduğumuz zaman Nokia brendi bazarda birinci idi. 1998-ci ilin oktyabrında Nokia dünyanın ən çox satılan mobil telefon markası oldu. 2007-ci ilə qədər mobil telefon bazarı payının 50%-nə sahib idi. 2013-cü ildə vaxtilə bazarda 50% paya sahib olan həmin Nokia şirkəti ümumi bazardakı payı 5%-dən aza düşdü. Bu nümunə üzərindən getsək, biznesdə yanlış qərar vermək bağışlanır?
Əvvəlki sualda da dediyimiz kimi, səhvlər insana xasdır və bunu hər kəs, hər şirkət edir. Əsas odur ki, davamında proses necə idarə olunacaq, nələr ediləcək. Səhvləri unutdurmaq mümkündür, o şərtlə ki, səhvdən daha böyük düzlər olsun. Nokia keysində biz sadəcə üzdə olanı görürük, əminəm ki, arxa planda bu sadəcə 1-2 səhv qərarın yox, zəncirvari gedən yanlış proseslərin nəticəsidir.
- İstər biznes, istərsə də həyatımızın bütün sahələrində qərar vermək məcburiyyətində qalırıq. Bəs, siz doğru qərar ala bilirsinizmi?
Əlbəttə, həmişə alınmır. Xüsusilə də belə qeyri-müəyyən dönəmlərdə gələcəyi proqnozlaşdırmaq çox çətindir. Çalışıram ki, ötən səhvlərimdən nəticə çıxarım. Bir də sevdiyim bir söz var: “Həyat bütün səhvləri özümüzün etməyimiz üçün çox qısadır.” Uğurlu insanların həyat hekayələrini, keçdikləri yolları öyrənib, onların da səhvlərindən nəticə çıxarmağa çalışıram.
- Necə qərarsızlıqdan xilas olmaq və doğru qərarı vermək olar. Bu istiqamətdə tətbiq etdiyiniz bir üsul varmı? Bizimlə bölüşsəniz, oxucularımız üçün də faydalı olacağına inanırıq.
Adətən bir məsələ üzərində qərarsız qalıramsa, başa düşürəm ki, burda nə isə düz deyil. Zaman ayırıb özümə bir neçə sual verirəm, problemin nədə olduğunu anladıqdan sonra hərəkətə keçirəm. Bəzən başa düşürəm ki, burda heç bir qərar vermək lazım deyil, məsələni zamana buraxmaq daha yaxşıdır. Qısası, özümüzlə söhbət etməliyik, bəzən bu gündəlik həyatın sürəti bu sadə görünən neməti əlimizdən alır. Meditasiyanın biznes dünyasında bu qədər məşhurlaşmasının səbəblərindən başlıcası da budur, məncə. Beynimizi təmizləmək, soyuq başla qərarlar vermək üçün buna ehtiyac var.
Təşəkkür edirik!