Bakı Dövlət Sirkinin yeni direktoru Elmir Hüseynovla müsahibə


Hər il aprelin üçüncü şənbə gününü (bu il aprelin 17-ə təsadüf edib) dünya sirk ictimaiyyəti Ümumdünya Sirk Günü kimi qeyd edir. Bu əlamətdar günün təşəbbüskarları Avropa Sirk Birliyi və Beynəlxalq Sirk Federasiyası olub. İlk dəfə bu əlamətdar tarix 2010-cu ildə qeyd olunub. Elə həmin ildən də Ümumdünya Sirk Gününün keçirilməsi fikri 30-dan çox ölkə tərəfindən dəstəklənib və sonrakı illərdə bu təşəbbüsə qoşulanların sayı artıb. Bakı Dövlət Sirki də bu təşəbbüsü dəstəkləyənlər sırasında olub. Təəssüflər olsun ki, artıq iki ildir koronavirus pandemiyası səbəbindən bu əlamətdar gün qeyd edilmir.


Bakı Dövlət Sirkinin yeni direktoru Elmir Hüseynov, sirkdə görüləcək gələcək işlərlə bağlı öz fikirlərini bölüşüb.


Əvvəlcə Azərbaycanda milli sirk sənətinin tarixinə toxunan Elmir Hüseynov deyib ki, bu sənətin tarixi çox qədimdir. Hələ qədim zamanlardan “Çövkən”, “Zorxana” kimi milli xalq oyunlarında, cıdır yarışlarında, kəndirbazların və pəhləvanların çıxışlarında bugünkü peşəkar sirkin güc jonqlyorluğu, kəndirbazlıq, akrobatika və digər janrların elementləri mövcud olmuşdur. İlk peşəkar sirk Azərbaycanda XIX əsrin 90-cı illərində məşhur Nikitin qardaşları tərəfindən tikilmişdi. Taxtadan tikilmiş həmin sirk binası az sonra yanır. 1905-ci ildə isə şəhərin başqa ərazisində yeni sirk binası tikilərək istifadəyə verilir. 1945-ci ildə ilk dəfə olaraq Azərbaycanın milli sirk truppası yaradılıb. Truppa yalnız sirk nömrələrindən ibarət olmayıb, tərkibinə estrada və balet artistlərinin çıxışları da salınmışdı. 1946-cı il iyunun 12-də Bakı Dövlət Sirkində Azərbaycanın peşəkar sirk artistlərindən ibarət ilk milli sirk tamaşasının premyerası oynanılıb. Bütün çətinliklərə baxmayaraq, azərbaycanlı sirk artistlərinin əzmkarlığı və ustalığı sayəsində milli sirk proqramı çox möhtəşəm alınmışdı. “Azərbaycan toyu” adlanan bu proqram təkcə sirk sənətinin deyil, bütövlükdə Azərbaycanın milli mədəniyyətinin zənginliyini, rəngarəngliyini və gözəlliyini əks etdirirdi. 1967-ci ildə Bakı Dövlət Sirkinin hazırkı binası istifadəyə verilib. Həmin dövr üçün texniki imkanlarına görə müasir sayılan bina memarlıq baxımından əksər dünya sirkləri ilə rəqabət aparmağa qadir idi.


Bakı Dövlət Sirkinin direktoru daha sonra deyib: “Bakı sirki bu gün də paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının ən çox üz tutduqları mədəni məkanlardandır. Tamaşaçılar buraya dünya sirk sənətinin parlaq nümunələrini, məşhur sirk artistlərinin çıxışlarını izləmək üçün gəlirlər. Son illər Bakı Dövlət Sirkində əsasən Rusiya və Ukrayna sirk kollektivləri çıxış ediblər və paytaxt tamaşaçıları onların proqramlarını maraqla izləyiblər. 2019-cu ildə Bakıya gətirilən ağ pələnglər xüsusilə möhtəşəm olub. “Talisman” adlı sirk-şou həyəcanverici və təbəssüm gətirən rəngarəng nömrələrlə tamaşaçıları əyləndirib.


İndi müasir sirk tamaşalarının səs, işıq tərtibatı prinsipləri, tamaşaların quruluşuna olan estetik tələblər də əsaslı şəkildə dəyişmişdir. Bu çatışmazlığı aradan qaldırmaq üçün sirkdə icarəyə götürməklə müxtəlif əlavə səs avadanlığından, effektli işıq-lazer sistemlərindən, müxtəlif müasir qurğulardan istifadə olunur. Ancaq bina kənardan nə qədər orijinal görünsə də, əsaslı şəkildə təmirə ehtiyacı var. Köhnə tikili olduğundan müasir standartlara cavab vermir. Belə ki, binada havalandırma, isitmə sistemi olmadığından uşaqlar əziyyət çəkir. Onlar nümayiş olunan tamaşaları nə qədər sevsələr də, çıxışları rahat şəkildə izləyə bilmirlər. Son illər ölkəmizdə bir çox mədəniyyət müəssisələri ən müasir tələblərə uyğun olaraq təmir edilir və ya yenidən qurulur. Bu mənada möhtəşəm memarlıq nümunəsi olan Bakı Dövlət Sirkinin funksional xüsusiyyətlərinin genişləndirilməsi, müasir vasitələrlə təchiz olunması, təbii ki, Azərbaycanda milli sirk sənətinin inkişafına öz təsirini göstərəcək.


Ümumiyyətlə, biz sirkə yeni nəfəs gətirmək niyyətindəyik. Heç kimə sirr deyil ki, Avropanın əksər ölkələrində heyvanlar daha sirkdə iştirak etmir. Onları bu cür istismar etmək cəmiyyət tərəfindən qəbul olunmur. Hazırda dünyada yeni növ sirk yaranıb ki, bizim tutduğumuz istiqamət də belə tendensiyalara cavab verməkdir. Bu gün dünya sirklərində yeni trendlər mövcuddur. Kanadanın “Dyu Soley” sirki dünyanın aparıcı ölkələrində nümayəndəlikləri olduğundan öz tamaşaları ilə bütün dünyanı dolaşır. “Mümkün deyil – sadəcə sözdür” devizi ilə fəaliyyət göstərən sirkin əyləncəli tamaşaları şou ilə zəngin, dramaturji yükü kimi özəlliklərə malikdir. Dünyaca məşhur olan digər sirk – Amerikanın “Böyük alma”sı klassik sirk tamaşaları çərçivəsində fəaliyyət göstərir. Onun hər bir tamaşası teatr quruluşuna malikdir. Avstriyanın nisbətən cavan, lakin dünya şöhrətli “Oz” sirki akrobatik nömrələri, müasir musiqi və teatr quruluşunun uğurlu sintez nümunəsi hesab edilir. İstəyirik, sirkimiz də digər sirklərdən milli koloritinə görə seçilsin. Biz milli ənənələrimizi müasir sintezdə yaratmaq niyyətindəyik. Bunun üçün Azərbaycan sirkinin milli truppa ənənələri bərpa olunmalı və milli sirk nümunələri yaradılmalıdır. Əlbəttə, tamaşalarımızı kəndirbazlar, pəhləvanlar müşayiət edəcək, sirkin öz orkestri olacaq. Bizim fikrimiz indi sirkin kollektivini formalaşdırmaqdır. Artıq iş strukturumuz təsdiq olunub, inzibati heyəti kiçiltmişik, yaradıcı heyətin sayını artırmışıq, orkestr yaratmışıq. Janrlar üzrə artistlər də bəllidir. Burada illüziya, akrobatika, hava və parter gimnastikası, jonqlyorluq, bir sözlə, janrın bütün növləri olacaq.


Klounlar müasir sirk proqramlarının ayrılmaz və əvəzolunmaz hissəsidir. Onlar proqramlar arasında tamaşaçıları maraqlı səhnələrlə əyləndirir, fasiləni daha da maraqlı edirlər. Digər tərəfdən, tamaşaçıların daim dəyişən zövqünü oxşamaq üçüm müasir sirklər repertuarın janr müxtəlifliyini genişləndirir və mütəmadi olaraq yeni proqramlar hazırlayır. Bu səbəbdən janrlardan proqramda istifadə olunması dövrün tələbidir”.


Tezlikdə dünyanın çənginə alan koronavirus bəlasının sona çatacağına inamını ifadə edən Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov bildirib ki, pospandemiya dövrü üçün Bakının və bölgələrimizin idman-konsert salonlarında konsert proqramları, səhnələşdirilmiş küçə paradları təşkil etmək fikrindədirlər: “Pandemiya şəraitində kütləvi tədbirlərə qadağalar qoyulduğundan sirkdə heç bir tamaşa təşkil olunmur. Bu səbəbdən sirkin arenasında yalnız müvafiq icazələrlə proqram və klip çəkilişləri aparılır”.


Qeyd edək ki, Ümumdünya Sirk Günü (aprelin 17-də) ilə əlaqədar Bakı Dövlət Sirkində qocaman sirk ustaları ilə görüş keçirilib, sirkin müasir durumu və gələcəkdə görüləcək işlər müzakirə olunub.