Aydın, açıq və dostyana ünsiyyət, dəstəkverici ətraf və dostluqlar iş mühitində ciddi dəyişikliklərə yol aça bilər, komandanın dinamikasını tamamilə dəyişə bilər.


"Konsensus heç kimin ayrı-ayrılıqda razılaşmadığı məsələlərdə kollektiv şəkildə razılığa gəlməkdir,” - bunu keçmiş İsrail Xarici İşlər naziri Abba Eban deyib. Münaqişə yaxın münasibətlərin ayrılmaz hissəsidir. Hər hansı bir komanda, təşkilat, siyasi partiya və ya müəssisə qarşıdurma və fikir ayrılıqları yaşaya bilər.


Münaqişə yaranmazdan əvvəl şirkətin bütün üzvləri məhsuldarlığın sirlərini və qızıl qaydalarını yerinə yetirməlidirlər: münaqişədən ya mümkün qədər uzaq qaçın, ya da onu minimuma endirin. Münaqişələrin əsasını anlamaq, onlara necə reaksiya verəcəyini bilmək və həll yolu axtarmaq şirkətə/təşkilata xeyli kömək edə bilər. Dava-dalaşların olduğu yerdə komandanın potensialı görünməz ola bilər və ya komanda arasında qruplaşmalar yarana bilər.


Facemark.az “Business to Community” saytına istinadən münaqişələrin həlli üçün əsas strategiyaları sizinlə bölüşür:


Münaqişələrin həlli strategiyası


Konsensus qurmağı, komanda üzvlərinin fikir və hisslərinə hörmət göstərməyi və komanda daxilində effektiv ünsiyyət və dinləmə bacarıqlarını nümayiş etdirmək, münaqişə vəziyyətini asan yolla həll etmək üçün bəzi addımlar:


  • Ortaq maraqlara çatmağa kömək edən və layihənin vaxtında başa çatdırılması üçün kollektiv iş tələb edən ortaq layihələri müəyyənləşdirin;
  • Hər bir komanda üzvünə, onun fikir və şəxsiyyətinə ünsiyyət zamanı və istənilən növ kommunikasiyada hörmət göstərin;


  • Komanda uğurunun hər üzv tərəfindən mənimsənilməsi və məsuliyyətlə qorunması açar addımlardan biridir;


  • Hədəfimizə çatmaq üçün yeni fikirlər və yenilikçi yollar üçün üzvləri ruhlandırmaq mütləqdir(bu ideyalar qeyri-ənənəvi belə olsa);


  • Komanda tərəfindən qaldırılan sual və iradları cavablandırmaq mütləqdir. Komanda müzakirəsində ortaya çıxan istənilən geri dönüşü öz xeyrinizə çevirə bilərsiniz;


  • Layihələrin məqsədlərini, vaxtlarını, əsas nüanslarını və iş bölgüsünü dəqiqliklə işçilərinizə bildirin. Eyni zamanda istər uğurlu, istər uğursuz anlarda daim bir-birilərinə kömək və dəstək olmalı olduqlarını xatırladın;


  • Kiçik mükafatlar və üzvlərin işlərini dəyərləndirmək onları həm individual işlərində, həm də komanda işlərində ruhlandıracaq.


Oxuduğunuz kimi, əsas məqamlar individualları və onların kommunikasiya stillərini anlamaq, iş bölgüsünü detallı etmək, işi mənimsəmək və komanda ruhu yaratmaq idi.


Bunu da qeyd etmək lazımdır ki, münaqişə tamamilə neqativ fenomen deyil. Çünki münaqişə özü də yeni fikirlərə, ideyalara yol açır və birlikdə daha məhsuldar işləmək üçün mövcud olan problemlərə diqqət çəkir. Önəmli olan bu münaqişələrdən düzgün üsulla çıxmaq və kommunikasiya üsulu ilə münaqişələri pozitiv həllərə çevirməkdir.


Hazırladı: Pəri Abbaslı