Facemark influenser marketinqlə bağlı bu işin bilənlərindən müsahibə almağa davam edir. İnfluenserlərin sayı çoxaldıqca bu sahəyə olan tələbat, menecerlərə olan ehtiyac artır. Bu gün Azərbaycanda bir çox gənc qızın və oğlanın gələcəklə bağlı planlarında influenser olmaq varsa, demək ki, influenserlər, doğrudan da, "influence" (təsir) etməyi bacarırlar.
Bu dəfəki qonağımız "Keepface" influenser marketinq platformasında layihə və satış meneceri Leyla Cəfərovadır.
Uğur anlayışı insanları çaşdırmağa davam edir. Hansı influenseri uğurlu hesab etməliyik? Şirkətlər lazım olduqda hansı influenseri seçməli olduqlarına necə qərar versinlər?
“Öz kütləsinə ən yaxşı kontenti təqdim edən influenser uğurludur”
"İnfluenserlik özü də bir peşədir - hətta ən trenddə olan peşələrdən biri. Necə ki başqa peşəyə sahib insanlar üçün uğurun formulu öz üstündə çalışıb məsuliyyətli olmaqdırsa, eləcə də, influenserlər üçün eyni formul uğurlu olmağın açarıdır. Nəzərə alsaq ki, öz kütləsinə daha yaxşı kontent təqdim etmək üçün əlindən gələni edən, yaradıcı kontentlərlə onlara təsir etməyi bacaran influenserlər mövcuddur, o zaman tam əminliklə "uğurlu influenser"in var olduğunu söyləyə bilərik".
“Bəzən çox izləyiciyə sahib olan influenserdən ala bilmədiyimiz nəticəni az izləyici sayına sahib influenserlərdən ala bilirik”
"İnfluenseri izləyənlərin sayı, onların paylaşımlarına gələn bəyənmə sayı, şərh, paylaşma sayı kimi göstəricilər müştərilər üçün önəm kəsb etdiyindən, təbii ki, bu sahədə çalışanlardan biri olaraq influenser seçimi zamanı bu meyarlara önəm veririk, ancaq "keyfiyyət həmişə kəmiyyətdə öndə gəlir" prinsipi özünü burda da göstərir. Çox izləyiciyə sahib olan influenserdən ala bilmədiyimiz nəticəni az izləyici sayına sahib başqa influenserlərdən ala bilirik, bu da paylaşılan kontentin nə dərəcədə təsirliliyə sahib olması, influenserin işini sadəcə mənfəət güdməyərək "mən öz izləyicilərimi hamıdan yaxşı tanıyıram və onların məhz bu məhsulu seçmələri üçün kontentimdə hansı nüanslara toxunacağımı və bunu necə təqdim edəcəyimi çox yaxşı bilirəm" kimi fikirləşməsindən irəli gəlir".
“Lazım olanda influenser öz kütləsi üçün reklamdan imtina etməlidir”
"İnfluenserlərlə həyata keçirilən layihələr marketinq sahəsinin bir parçası olduğundan, özəlliklə də, marketinqin ən öndə gedən strategiyalarından biri olduğundan markaların öz məhsullarını insanlara tanıtması və onların məhsullarına olan münasibətini daha yaxşı anlaya bilməsi üçün influenser marketinqə yönəlməsindən daha normal bir şey yoxdu. İnfluenser öz kütləsini marka təmsilçisindən daha yaxşı tanıdığından məhsulun özəlliklərini qeyd edəcək paylaşım etməlidir. Bu yolla öz kütləsinin maraqlarını da düşünüb izləyicilərinin diqqətini cəlb edəcək nüanslara toxunmalıdır. Yeri gəldikdə isə izləyiciləri üçün uyğun olmadığını düşündüyü məhsulla bağlı reklam yerləşdirməkdən imtina etməyi də bacarmalıdır".
Sosial media bir çoxlarına çörək ağacı olsa da, bəzən onun da sədaqətsizliyi özünüzü göstərə bilir. Belə ki, bu sahədə bəzən reklam kampaniyasına bəyənmə sayı gözlənilən kimi gəlmir, bəzən 6-da işdən çıxandan sonra sosial mediada gəzən izləyici kütləsi həmin an məşğul olur, başları qarışır və sizin postunuz lazım olan dəyəri görmür. Bu kimi çətinliklər və nisbi reallıqlar isə influenseri yanlış tanımağa, yaxud şirkətlə influenser arasında narazılığın yaranmasına səbəb ola bilər. Bu durumda nə etməli?
“Markaların öz strategiyalarında da yanlış nüanslar olur”
"Bəzən influenserin layihənin nə dərəcədə ciddi olduğunu dərk etməyərək layihədə yer almaq istəməsi və istədiyimiz nəticəni verməməsi, ümidlərimizi doğrultmamasına da şahid oluruq. Bəzən isə bu, tamamilə, bizim strategiyamızla da bağlı ola bilir, fikirləşirik ki, bəlkə də, markanın bizə göndərdiyi "brief" fərqli olsaydı, başqa nəticə əldə edə bilərdik. Uğursuzluq olduqda burada məhz influenseri günahlandırmırıq. Markaların öz strategiyalarında da yanlış nüanslar olur".
Şablon ifadələr və mətnlər, yoxsa öz yaradıcılığını və təbiiliyini ortaya qoya bilən şəxslər seçilir? Bəs, ümumiyyətlə, izləyiciyə hansı lazımdır?
“Uğur qazanmağın yolu kreativliyimizdən keçir”
"Bəzən müştərilərimiz influenserlərə hazır kontent təqdim edir və sadəcə bu kontenti - videonu və ya fotonu paylaşaraq açıqlama qismində öz yaradıcılıqlarını işə salmasını istəyir. Bir neçə influenserdən "açıqlama hissəsini siz yazın, mən onu olduğu kimi paylaşaram" cümlələrini eşitdiyimdə bu, mənə pis təsir edir, çünki işimizdə uğur qazanmağın yolu kreativliyimizdən keçirsə, kreativliyimizi maksimum səviyyədə inkişaf etdirib bunu ön plana çıxarmalıyıq. İnfluenserlik kimi maksimum kreativlik tələb edən peşənin nümayəndələri isə özəlliklə buna çox böyük önəm verməlidirlər".
Leyla Cəfərova influenser marketinqin Azərbaycandakı gələcəyini necə təsəvvür edir?
“İnfluenserlərimizdə yüksək potensial görürəm”
"İnfluenserliyin hələ bir neçə il trenddə olan sahə olacağını düşünürəm. Gələcəyimiz haqqında düşüncələrim pozitivdir. Influenserlərimizdə yüksək potensial görürəm və zamanla daha kreativ kontentlərin ortaya çıxacağını düşünürəm".
Müsahibə üçün Leyla Cəfərovaya təşəkkürlər!
Hazırladı: Pəri Abbaslı