Hələ ötən əsrdə M.K.Atatürk yazırdı ki, “Biz milli varlığın təməlini milli şüurda və milli birlikdə görürük”. Dahilər səssizlikdə gələcək üçün işləyir fikrini əsas tutsaq, rahatlıqla deyə bilərik ki, bu dahi Atatürkün bizə göstərmək istədiyi gələcək nicat və xilas yoludur. Bəs biz buna necə əməl edirik? Sual özlüyündə geniş düşünmə tələb edir. Lakin mən bu yazıda necə əməl edib-etməməyimizi qiymətləndirməkdən daha çox bu fikrin mahiyyətinə varmaq və vardıqca onun nə qədər önəmli olduğunu çatdırmaq istərdim. Gündəlik həyatımızda elə şeylər var ki, biz heç fərqinə varmadan ondan istifadə edirik. Onlar bizə çox adi görünsələr də, bir sıra problemlərin kökü çox zaman məhz onlardan başlayır.
Bu qəbildən olan dilimiz buna ən açıq nümunədir. Yəqin siz də mənimlə razılaşarsınız ki, son zamanlar dilimiz, nitqimiz daha çox deformasiyaya uğrayıb. Bu yaxınlarda qardaş Türkiyə Respublikasında dünyanın müxtəlif ölkələrindən, müxtəlif din və millətdən olan gənclərin iştirakı ilə Beynəlxalq Türkcə Olimpiadası keçirildi. Tədbirə heyrət etməmək mümkün belə deyildi. İngilis, rus, ərəb, afrikalı və daha neçə millətdən olan gənclər böyük coşğu ilə şerlər oxuyur, mahnılar ifa edirdilər. Orada belə bir fikir səsləndi ki, dünyanın harasında olursa-olsun türkcənin danışıldığı hər yerdə bir Türkiyə vardır. Gözyaşları ilə alqışlanan bu ifadəni yazarkən belə nələr hiss etdiyimi, necə qürur duyduğumu söyləmək mənə çətindir. Heyrət etdiyim digər bir məsələ isə tədbirin keçirildiyi yerin adının belə təşkilatçıların xahişi ilə dəyişdirilib türkcələşdirilməsi oldu. Bax, budur milli şüur, milli varlıq!!!
Bəs bizdə necə??? Qarşımıza çıxan hər 10 obyektdən 9-nun adı əcnəbi dildə. Restoranlar, istirahət ocaqları, ticarət mərkəzləri, firmalar, televiziya verilişləri və daha nələr-nələr əksərən əcnəbi dildə. Bir vaxt reklamların azərbaycanca qarşılığının yazılması haqqında qərar da qəbul edilmişdi. Ancaq görürük ki, dəyişən çox az şey vardır. Rus mütəfəkkiri Uşinski deyirdi ki, “bir milləti məhv etmək istəyirsənsə, ilk öncə onun dilini əlindən al”. Axı, bu söz bizə çox şey deyir və ya deməlidir, ən azı düşündürməlidir. Keçən dəfə ölkəmizə qonaq kimi təşrif buyuran bir gürcü xanım ona rusca ünvanlanmış suala cavab verməkdən imtina etdi. Hətta bizim jurnalistlərə belə irad tutaraq “bura Azərbaycandır və siz də sualı azərbaycanca verin” – dedi. Nə qədər ağrılıdır elə deyilmi? Kim hansı dildə danışırsa, o dildə də düşünür deyirlər. Axı, düşüncələrdə belə əcnəbiləşmək fəlakətdir, əzizlərim. Dil uğrunda mübarizə ölməmək uğrunda mübarizədir.Bəli, ölməmək uğrunda mübarizə. Bunun sübuta ehtiyacı varmı görəsən??? Dil və tarix bir milləti millət edən ən başlıca ünsürdür. Bu yolda babalarımız əsrlərlə düşmənlərə qarşı mübarizə aparıb, hər şeylərini və ən sonda özlərini belə sevə-sevə fəda ediblər. Kimin xatirinə? Nə üçün?!! Biz gələcəyə öz adımızla, öz dilimizlə, öz tariximizlə çıxaq deyə!!! Bu gün bizim üzərimizə düşən ən böyük vəzifələrdən biri də bu əmanəti bizdən sonrakılara ən sağlam şəkildə çatdırmaqdır. Ötən əsrdə İsmayıl bəy Qaspıralı “Dildə,fikirdə, işdə birlik” deyərək göstərdi gələcəyə yolu və özünü də ideyası uğrunda mübarizəyə qurban verdi. Dünyada bəlkə də elə bir xalq yoxdur ki, bir əsrdə bir-neçə dəfə adını və dilini dəyişiblər. Hər vəchlə düşmənlərimiz bizi öz kökümüzdən qoparmağa çalışıblar. Deyir bir dilin qüdrəti əcnəbi sözləri özündən çıxarıb atmaqda deyil, onu özününküləşdirməyi bacarmaqdadır. Ona görə də elə anlaşılmamalıdır ki, mən digər dillərin öyrənilməsi və istifadəsinin əleyhinəyəm. Əsla !!! Ancaq ilk öncə gəlin öz dilimizi öyrənək və öyrədək, öz tariximizi öyrənək və öyrədək. Bax, o zaman müstəqil Azərbaycan Respublikası və xalqımız adına daha çox uğurlar əldə edəcəyimizə inamım şübhəsizdir. Həqiqətən də hara getdiyini bilən adama bütün aləm yol verir. Yolumuz açıq olsun !!!