Azərbaycanda texnologiyanın qadınlar arasında aktuallığı önəmli məsələlərdən biridir. Sahə ölkəmizdə inkişaf etdikcə gender bərabərliyinin qorunmasına da xüsusi ehtiyac yaranır.
Bəs texnologiya sahəsi qadınlarımızın diqqətini nə qədər çəkir? Facemark mövzu ilə əlaqədar texnologiya sahəsində çalışan 4 xanımın fikirlərini öyrənib.
Texnologiya sahəsinin ölkəmizdə yeni anlayış olmağını “FemTech” platformasının təsisçisi və icraçı direktoru Nəzrin Quluzadə belə analiz edir: “Texnologiya mövzusu çoxluq üçün, xüsusən də, Azərbaycanda qadınlar üçün yeni anlayışdır. Buna baxmayaraq, biz gündən-günə bu sahəyə marağı artan qadınlar görürük. UI/UX dizayner, data analitik, maşın öyrənməsi (machine learning) kimi sahələrdə işləyən gənc qızlarımızı görmək mümkündür. Bu sahədə hansısa işlərin getməsi sevindirici haldır.
Peşə seçimində qadınlara texnologiya sahələrinə yönəlməkdə necə kömək edə bilərik, bununla bağlı müsahibimiz qeyd edir ki, bu, yalnız Azərbaycana aid problem deyil: "Bu ixtisasların qadınlar tərəfindən seçilməməsinin əsas səbəbi məktəb vaxtı şagirdlərin düzgün yönləndirilməməsidir. Mentorların olmamasının problemləri burada özünü göstərir. Sadəcə qızlar arasında həkimlik və müəllimlik kimi iki seçim verilir. Çünki bəzən valideynlər özü də texnoloji sahələrin olduğunu bilmirlər. Platformalar, dövlət qurumları olaraq, bizim üzərimizə düşən isə qadın liderləri, startap təsisçilərini rol model olaraq göstərməkdir. Bununla da, bu işin yalnız kişi işi olmadığını, bu ixtisaslar üzərindən uğurlu qadınların yetişdiyini başa sala bilərik. Texnologiyada lider olmaq yalnız kişi işi deyil. Yalnız Bakıda deyil, rayonlarda yaşayan qızlarımıza da bunu göstərməliyik".
“Bank Respublika” şirkətində mobil tətbiqlər üzrə proqram təminatçısı Aytac Dadaşovabildirir ki, “texnologiyada qadınların yeri" kimi bir anlayışı qeyd etməyə ehtiyac yoxdur: Bu, fərdə görə dəyişən məsələdir. Xüsusilə, zehni bilik və bacarıqların önəm kəsb etdiyi IT sahəsində insan zehninə, bilik-bacarıqlarına görə fərqlənir. Qadınlarımızın bəylərimizdən fərqli yer tutduqlarını düşünmürəm. Və ümumiyyətlə, belə fərq qoymaq, xanımları vurğulamaq onları bu sahədə geri salacaq. Hər iki cinsə eyni gözlə baxılsa və eyni qədər dəyər verilsə, bu sektorda qadınlar önə gedə bilərlər”.
“Gamepons” şirkətinin biznes inkişafı üzrə meneceri Fidan Rüstəmli qeyd edir ki, texnologiya sahəsi nəinki Azərbaycanda, dünyada qadınların az təmsil olunduğu sahələrdən biridir: “Qadınlar proqram mühəndisliyi sahəsi üzrə işçi qüvvəsinin 14%-ni, kompüter elmi ilə əlaqəli işlərdə isə ümumi işçi qüvvəsinin 25%-ni təşkil edirlər. Bu tendensiyanın da öz səbəbləri var. Azərbaycanda da bu, fərqli deyil. Azərbaycanda olan datalar ümumdünya statistikasından aşağıdır. Bu nöqteyi-nəzərdən oyun sektoru da çox fərqli halda deyil. Təəssüf ki, bu sektorda azərbaycanlı qadınların sayı aşağı səviyyədədir”.
“Texnologiya dünyasında nəinki azərbaycanlı qadınlar, ümumiyyətlə, qadınların yerini hər zaman yadırğayıblar. Bir çox cəmiyyətlərdə bu hal hələ də davam edir, hansı ki o cəmiyyətlər içinə biz də daxiliq. Sevindirici tərəf isə budur ki, qadınlarımız yaranan çətinliklərə və var olan stereotiplərə qarşı çıxıb texnologiya və mühəndislik kimi peşələrdə kişilərlə yanaşı öz sözlərini deməyi bacarırlar. Hansı sahə haqqında danışdığımızdan asılı olmayaraq, heç bir sahənin kişisi və qadını olmamalıdır - cinsiyyətçiliyə yol verməməliyik. Bu cürə stereotipləri qırsaq, inkişaf edə bilərik. Bununla da qadınlarımız artıq həm iş görüb, həm də stereotiplərlə mübarizə aparmaq məcburiyyətində qalmayacaqlar", - bunu “Synapline” startapında pilotsuz uçuş aparatları üzrə hardware inteqrasiya və test mühəndisi Zəhra İmanova qeyd edib.
Müsahibimiz eyni zamanda qeyd edir ki, gələcəkdə də sahənin qadınlar üçün perspektivli olması üçün maarifləndirmə prosesi davamlı olaraq aparılmalıdır.
Müsahibə üçün təşəkkürlər!
Hazırladı: Pəri Abbaslı
Ətraflı: PODKAST - Qadınların texnologiyada yeri varmı