bazar ertəsi, 25 oktyabr 2021

Yaradıcı media #2 - Qrafik dizayn - Fatimə Tacibova

1629

Sosial media menecerliyinin inkişaf etdiyi dövrdə bu anlayışı yaşadan, iş halına çevirən insanların rolu da önəmlidir. Onların rəqəmsal alətlər, mediada baş verənlər, istifadə etdikləri üslub və stillər bu gün marketinq sektoruna, eyni zamanda işlədikləri vəzifələrə ciddi təsir edir.

Məhz buna görə Facemark “Yaradıcı media” adı altında yeni müsahibə rubrikasına başlayır. Rubrikamız tərkibində 1 ay ərzində eyni vəzifəni icra edən müxtəlif şəxslərdən müsahibələr alacağıq.

Bu aykı hədəfimiz qrafik dizaynerlərdir. Ən çox “edit” sözünü eşidən, gecəsi-gündüzü olmayan işçilərdən biri elə onlardır. Bəs görəsən, rəqəmsallığın düz mərkəzində inkişaf edən bu sahə işçiləri öz peşələrini necə təsvir edirlər?

Beləliklə, “Yaradıcı media” rubrikasının bu dəfəki qonağı “Rabitəbank”ın art direktoru Fatimə Tacibovadır.

Rəqəmsal dünyanın mərkəzində bir nöqtə: qrafik dizayn

"Hazırda dizaynerlər analoji alətlərin rəqəmsal alətlərə keçidi ilə xarakerizə olunan rəqəmsal dövrdə yaşayırlar. İnternetdə dizayn haqqında yetərincə bilik və yeni fikir yarada biləcək dərsliklər tapmaq mümkündür. Rəqəmsal alətlərin, dərsliklərin, öyrədici videoroliklərin mövcudluğu bu sahəyə öz təsirini yetərincə göstərir. Əvvəllər lazımi biliklərə yiyələnmək üçün universitetlərdə, kolleclərdə, kurslarda vaxtımızı keçirməli olurduqsa, indi qrafik dizaynerə sadəcə internet bağlantısı və şəxsi kompüter kifayət edir. Buna görə də qrafik dizayn sənətinin son illərdə heç olmadığı qədər populyar olması təəccüblü deyil.

Əlbəttə ki, rəqəmsal alətlərin, proqramların dizaynerlərə təsir edən mənfi tərəfləri də var. İşə götürən və rəhbərlərin dizaynerdən qeyri-real gözləntiləri olur, dedlaynlar ədalətsiz olur və sairə.

Sosial media “engagement” artıran, reklamı daha da təsirli edən vizual qrafik dizaynerdən asılıdır. Qrafik dizaynerlər yalnız müştəri işləri üçün deyil, özlərini tanıtmaq, müştərilər tapmaq, şəbəkə qurmaq və bacarıqlarını artırmaq üçün sosial media ilə işləməyi bacarmalıdırlar".

Facebook qruplarında inkişaf edən qrafik dizayn anlayışı

"Düşünürəm ki, dizayn forumları tez-tez təşkil olunmalıdır. Forumlar olmasa belə, kiçik görüşlər təşkil etmək, dizayn söhbətləri aparmaq, sahəyə yeni başlayanların şəbəkə qurmağına kömək etmək olar. Həmçinin mükafatlı müsabiqələr keçirmək, qrupları daha da maraqlı etmək vacibdir. Son zamanlar dizayn qruplarında monotonluq müşahidə edirəm. Xüsusən, qrup üzvlərini yeni başlayanlara qarşı irad bildirdikləri zaman daha professional tənqid bildirməyə çağırardım. Paylaşılan işlərdəki səhvləri dilə gətirərkən yaxşı tərəflərini də vurğulamaq lazımdır".

Yaradıcı cütlüklər - art direktor və dizayner / “account manager” və dizayner

"Qrafik dizaynerlərin iş yükü yetərincə çox olur, buna görə də əmək bazarında dizaynerə tələbat yüksəkdir. Dizaynerin işi kontent menecer, əsas isə art direktoru ilədir. Art direktor və dizayner yaradıcı cütlükdür. Art direktorun dizayneri sadəcə “işləyən əllərə” çevirdiyi və dizaynerin ondan işi ilə bağlı heç bir geridönüş almadığı zaman ortaya səmərəsizlik çıxır. Art direktor dizaynerə sərbəstlik verməlidir, kömək etməkdən, istiqamət verməkdən çəkinməməlidir. Art direktor bütün son mərhələləri təsdiqləyir, buna görə də layihə üzərində “junior” dizayner işləsə belə, müştəri həmişə yüksək keyfiyyətli məhsul alır. Dizaynerlərin çoxu müştəri ilə birbaşa ünsiyyətdə olmur. Müştəri bütün istəklərini və tələblərini layihəni idarə edən vasitəçiyə bildirir. Bu vasitəçilər də “account manager”lərdir ki, müştəri ilə dizaynerin arasında körpü rolunu oynayır".

Düzgün portfolionun sirləri

"Onu nəzərə almaq lazımdır ki, işə götürənlərin önünə sizin CV və portfolionuzdan əlavə rəqibləriniz də portfoliosu toplu şəkildə gəlir. Bundan əlavə hələ poçt ünvanları da dolub-daşır. Təxmin etdiyiniz kimi, işə götürənlər rezümelərə gözucu baxır, çoxları heç rezümenizi oxumadan birbaşa portfolioya keçid linkini axtarır. Əgər portfolio bəyənilsə, o zaman CV-nizi oxumaq və sizinlə tanış olmaq işə götürənə maraqlı olacaq. Ona görə də xüsusilə portfolionun hazırlanmasına köklənmək lazımdır. Porfolioya keçid linkinin meylin ən görünən hissəsinə əlavə etməyə diqqət edin. Əgər portfolionuz PDF fayl halındadırsa, onu aktiv tək linkə cəmləşdirin və onun təqdimat halında olmasına diqqət göstərin. Bununla da işə götürən sizin kreativ yanaşmanızın və entuziazmınızın fərqinə varacaq. Portfolioda işə götürənin güvənini qazanmaq üçün güclü brendlərlə əməkdaşlıq etdiyini göstərəcək işlərə yer verilməlidir. Həmçinin portfolioda texniki bacarıqlarını göstərəcək işlər, ictimai layihələr, işin prosesini izah etdiyiniz layihələr olarsa, portfolionuz işəgötürənlərin mütləq şəkildə diqqətini çəkəcək".

Kreativ platformaların işə təsiri

"Əlbəttə ki, bu platformaların dizayner zövqünün formalaşmasında yeri danılmazdır. Xüsusən, bir işə başlamazdan əvvəl önaraşdırma üçün ən uğurlu platformalardan biri kimi “Behance”ı nümunə gətirə bilərəm. İstər-istəməz araşdırma edərkən fərqli işlərə baxdıqda yeni ideyalar formalaşır. Baxdığımız hər işdəki fərqli ideyaların toplanması bir maraqlı işin ərsəyə gəlməsinə kömək olacaqdır. Trendlərdən xəbərdar olmaq, yenilikləri daim izləmək üçün bu kimi platformaları izləmədə qalmaq lazımdır. Həmçinin awwwards.com, designspiration.net, onepagelove.com kimi saytları da kreativ platformalar siyahısına əlavə edərdim".

“Freepik”, “Shutterstock” kimi stok saytlarının mənfi və müsbət cəhətləri

"Dizaynerlərin çoxu iş prosesində material çatışmazlığı ilə və ya keyfiyyətli material qıtlığı ilə üzləşirlər. 10-15 il əvvələ baxsaq, demək olar ki, bu, həll olunmaz problem olaraq qalırdı. İndiki dövrdə isə rahatlıqla broşur, jurnal, sayt dizaynı və s. hazırlanması üçün fotoşəkillər və illustrasiyaları bir neçə dollar ödəməklə almaq mümkündür. “Freepik”, “Shutterstock” kimi fotobankların üstünlüyü burada nəhəng illsutrasiya və foto seçimi olmasıdır ki, bu sizin bazanızı dolduracaq. Bu üstünlüklərə yüklənilən materialların keyfiyyətini də daxil etmək olar: satıcı tərəfindən yüklənilən materiallar keyfiyyətinə görə fotobankların inspektorları tərəfindən tək-tək yoxlanılır və təsdiqlənir. Həmçinin dizaynerlər satıcı olaraq Shutterstock və Freepik kimi platformalara işlərini yükləyib qazanc əldə edə bilərlər. Stok saytların mənfi cəhətlərindən danışsaq, onu deyə bilərəm ki, buradan əldə etdiyiniz materiallar foto və illustrasiyalar, digərləri tərəfindən də müxtəlif proyektərdə istifadə olunmuş ola bilər".

Müsahibə üçün təşəkkürlər!

Hazırladı: Pəri Abbaslı

Əziz oxucularımız, siz isə gözdə-qulaqda olun ki, yeni “Yaradıcı media” müsahibələrindən xəbərdar olasınız.

Bizi Instagram, Facebook, Instagram, Telegram, YouTube və Twitter-də izləməyi unutmayın!

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik