Sosial media menecerliyinin inkişaf etdiyi dövrdə bu anlayışı yaşadan, iş halına çevirən insanların rolu da önəmlidir. Onların rəqəmsal alətlər, mediada baş verənlər, istifadə etdikləri üslub və stillər bu gün marketinq sektoruna, eyni zamanda işlədikləri vəzifələrə ciddi təsir edir.


Məhz buna görə Facemark “Yaradıcı media” adı altında yeni müsahibə rubrikasına başlayır. Rubrikamız tərkibində 1 ay ərzində eyni vəzifəni icra edən müxtəlif şəxslərdən müsahibələr alacağıq.


Bu aykı hədəfimiz qrafik dizaynerlərdir. Ən çox “edit” sözünü eşidən, gecəsi-gündüzü olmayan işçilərdən biri elə onlardır. Bəs görəsən, rəqəmsallığın düz mərkəzində inkişaf edən bu sahə işçiləri öz peşələrini necə təsvir edirlər?


Beləliklə, “Yaradıcı media” rubrikasının bu dəfəki qonağı dizayner Rüstəm Süleymanovdur.



Facebook qruplarının da son dövrlər Azərbaycanda dizaynerlərin fəaliyyətinə verdiyi töhfə danılmazdır. Orada gedən müzakirələr, tənqidlər, təkliflər, doğrudan da, güclü inkişafa yol açır. Bəs bu inkişafdan əlavə, həmin qruplarda, səhifələrdə dizaynerlər üçün başqa hansı təklif və imkanlar olmalıdır?


Ümumiyyətlə, inkişaf etmək üçün əsas şərt rəqabətdi. Olduğunuz qurupda nə qədər sizdən üstün dizaynerlər varsa, bu fürsətdən düzgün istifadə etsəniz, bir o qədər tez və məhsuldar inkişaf edərsiniz. Ona görə qruplarda kiçik yarışlar keçirilsə, bu inkişafa müsbət təsir edəcəyini düşünürəm.


Reklam agentliklərində işləyən qrafik dizaynerlərin əsas işi SMM və Account Managerlərlədir, bu aydın məsələdir. Bəs bu ikili iş sistemində hansı çətinliklər yaranır?


Əsas çətinlik art direktor olmadığı halda baş verir. Dizayner sahəsinin tələbi ilə Azərbaycanda mövcud müştərilər arasında böyük fərqlər var. Halbuki bu, olmalı deyil.


Biz potensial müştərilərin psixologiyasın düzgün analiz edib bunu dizayn qaydaları ilə birləşdirib ümumi vizual bir həll tapmalıyıq. Lakin "müştəri bəyənməz", "bizim bazara uyğun deyil” deyərək işin müştəriyə göstərilməməsinə görə artıq bazarı bir növ təyin etmiş oluruq. Sürü psixologiyası nəticisində "bizim bazara uyğun" işlər çoxalır. (P.S. İşlədiyim yerdə belə hallarla rastlaşmadığım üçün xoşbəxtəm).



SMM-lərin verdiyi briflərdə "Pinterest", "Behance" və "Devianart" kimi saytlardan nümunələr də yer alır. Bu kimi platformaların qrafik dizayn sahəsinə təsiri nədən ibarətdir?


Əslində, yaxşı təsir edir. İnsan beyni mövcud nümunə görmədiyi halda heç nəyi tam dəqiqliklə yarada bilməz. Bu səbəbdə davamlı fərqli işlərlə tanış olub bir növ rezerv etmək lazımdır. Çox işlə tanış olduqda bir o qədər xəyal gücün genişlənir və yeni stillər ilə tanış olub mənimsəyirsən. Bu da zaman keçdikcə işinə təsir edir. Uğura gedən yolda bu, vacib amildir.


Yuxarıda qeyd etdiyimiz platformalar eyni zamanda qrafik dizaynerlər üçün portfolio əhəmiyyəti daşıyır. İşə götürənlər bu kimi platformalardakı portfoliolara nə dərəcədə maraq göstərirlər?


Portfolio saytları işə götürənlər ilə dizaynerlər arasında körpü rolu oynuyur. Dizaynerin əsas potensialın portfolioya baxaraq daha yaxşı qavramalarına yardım edir.



Portfoliolar qrafik dizaynerlər üçün çox önəmlidir. Bəs səliqəli, detallı portfolio iş həyatında qrafik dizaynerə necə kömək edir?


Bizim peşəmizdə əsas gəlirlərdən biri də frilans işlərdir ki, burada müştərilər əsasən portfolio saytlarından gəlir və həmçinin yeni iş təkliflərinin gəlidiyi yer - "çörək ağacımızdı".


Rəqəmsal alətlərdən danışmışkən, “Freepik”, “Shutterstock” və bu kimi stok saytlarından istifadənin hansı müsbət və mənfi cəhətləri var?


Dizaynerlərin əsas vaxtı axtarışa gedir. Burada stok saytlar bizim köməyimizə gəlir. Müsbət cəhəti bizə zaman qazandırır və istədiyimiz resursu rahat tapa bilirik. Mənfi cəhəti ödənişinin çox olmasıdır.


Rüstəm Süleymanovu Behance-da izləyə bilərsiniz!


Müsahibə üçün təşəkkürlər!


Hazırladı: Pəri Abbaslı


Əziz oxucularımız, siz isə gözdə-qulaqda olun ki, yeni “Yaradıcı media” müsahibələrindən xəbərdar olasınız.


Bizi Instagram, Facebook, Instagram, Telegram, YouTube və Twitter-də izləməyi unutmayın!