Video marketinq məhsulları və ya xidmətləri hədəf auditoriyasına çatdırmaq üçün markanın tanıtım prosesini hazırlayan güclü marketinq kampaniyalarından biridir. Facemark bildirir ki, pandemiya dövrü ilə birlikdə insan davranışında və mədəniyyətindəki dəyişikliklər video marketinqdə maraqlı şəkildə əks olunub.


Azərbaycanda da video marketinq dedikdə ağlımıza ilk növbədə “YouTube” və “Instagram” gəlir. Bu iki platformada yerləşdirilən video kontentlər gün getdikcə daha çox insanın sevgisini qazanır.


Rəqəmsal marketinqdə pandemiya sonrasında yaranan səmimi onlayn kommunikasiya sayəsində bəhs etdiyimiz tətbiqlərdə markaların satışları gücləndi. Onlayn məhsullar əvvəlkindən daha ciddi diqqət görməyə başladı.


Onlayn təqdimatlar nəyə görə asanlıqla diqqət cəlb edir?


Yaradıcı kontent istehsalçıları dəyişən trendlərə uyğunlaşmaq üçün tədbirləri və təqdimatları izləyiciləri ilə birgə həyata keçirməyə başladılar. Markalar isə bu periodu YouTube köməyi ilə canlı yayım təqdimatları və ya promo məqsədli yayımlarla dəyərləndirdi.


İstehlakçıların bu qədər maraqlı olmasının ilkin səbəbi canlı izləmə şansıdır ki, bu da izləyicilərdə hansısa böyük qrupun tərkib hissəsi olmaq hissi yaradır. Pandemiya və sərt karantin rejimi dövründə insanlar evdə daha çox vaxt keçirərək hansısa qrupun, icmanın parçası olduqlarını unutdular. Buna görə də özü ilə birgə, tanımadığı insanlarla bərabər hansısa icmanın hissəsi olmaq və onlayn da olsa, birgə vaxt keçirmək, eyni şeylərlə məşğul olmaq onların münasibətlər baxımından yaranan ehtiyaclarını ödəməyə başladı.