24 avqust 2011-ci ildə - on il əvvəl - “Apple”ın qurucusu Stiv Cobs CEO olaraq istefa verdi və dünyanın ən qiymətli brendlərindən birini varisi Tim Kuka həvalə etdi. Yalnız altı həftə sonra Cobs dünyasını dəyişdi. Yəqin ki, deməyə ehtiyac yoxdur, Kuk, doğrudan da, ciddi və məsuliyyətli iş yükü yüklənmişdi: Cobs vəfatından əvvəl Mac, iPhone, iPad, iPod, iTunes və App Store-un arxasında duran uzaqgörən CEO və marketoloq kimi xatırlanırdı.
On il sonra Tim Kuk nələrə nail oldu, nələrə yiyələndi? Facemark “The Verge”ə istinadən araşdırma yazısını təqdim edir.
“Apple” neftdən daha önəmlidir deyə bilərik, görəsən?
Mürəkkəb komponentlər şəbəkəsini effektiv hesablama cihazlarına çevirən bir şirkət hazırda barelləri pullara çevirənlərdən daha çox pul qazanır. Tim Kuk bunu etmək üçün, əvvəlcə, xaricdəki tədarük zəncirlərini diqqətlə hazırladı. “Apple”ın istehsal xətləri üçün yüz minlərlə çinli insanı işlə təmin edən “Foxconn” kimi istehsalçılar illərlə sabit ümumi gəlir əldə edir. 2011-ci ilin avqustunda Cobs vəzifədən getməmişdən bir qədər əvvəl - Tim Kukun COO və müvəqqəti baş icraçı direktor olduğu dövrdə “Apple” “Exxon”u keçərək dünyanın ən dəyərli səhmdar şirkəti oldu. Hətta 2019-cu ildə Səudiyyə Ərəbistanı dövlətə məxsus “Saudi Aramco” adlı neft şirkətinin əsasını qoysa da, şirkət bazarda hökmranlığını çox qoruya bilmədi. “Apple” keçən ilin iyul ayında bazar dəyərini 2 trilyon dollara çatdırdı. Hazırda şirkətin bazar dəyəri 2,5 trilyon dollara yaxınlaşır. Bu qiymət “Saudi Aramco”dan da sərfəlidir.
Bir sözlə, Tim Kuk “Apple”ı son on ildə hegemon şirkət halına gətirdi. Ya da belə deyək, böyük şirkətdən nəhəng yaratdı. Bu ilin birinci rübündə şirkətin gəliri 2011-ci ilin eyni rübündə qazandığını qat-qat keçərək 111 milyard dollara çatdı. 2011-ci ilin birinci rübündə 6 milyard dollar olan mənfəət 2021-ci ilin birinci rübündə 28.8 milyarda çataraq dörd qat artıb. Şirkət təxminən 200 milyard dollar nağd pula sahibdir. 2011-ci ildə 76 milyard dollara sahib olan “Apple” 147.000 full-time işləyən işçisi ilə diqqət çəkir. Cobsun istefa verdiyi il 60.400 işçi var idi.
2021-ci ilin iyun ayından etibarən “Apple” indi hər saniyədə orta hesabla 10.000 dollar qazanır və bunun 3600 dolları xalis mənfəətdir. Bu məqaləni neçə dəqiqədir oxumağa başlamısınız? Güman ki, siz bu cümləni bitirənə qədər “Apple” yarım milyon dollar qazandı.
Bütün bu rəqəmlər Cobsun vaxtında “Apple”ın edə bilmədiyi şeylərin: istehlakçıların ürəyinə yağ kimi yayılan premium məhsulların satılmasının və ilbəil şirkətin öz rekordlarını qırmasının əsas nəticələridir. Yəqin, yenə bunu da deməyə ehtiyac yoxdur ki, Cobsun edə bilmədiyi, reallaşdırmadığı xəyalları Kukun başçılığı altında bir-bir həyata keçir. Hələ yalnız 2013-2018-ci illər arasında “Apple” Cobsun CEO olduğu zamanlardan daha çox iPhone sata bildi.
Bəziləri üçün yalnız dollar işarəsi belə Kukun tam uğur qazandığının sübutudur. Stiv Cobsun istefa verdiyi həftə “Apple” səhmlərinə 1000 dollar xərcləmisinizsə, həmin məbləğ bu gün dividendlər daxil olmaqla təxminən 11.000 dollar dəyərində olardı.
“Apple”ın maliyyə dəyərlərini təhlil etmək hekayənin yarısıdır. Bununla Stiv Cobs və Tim Kuk rəhbərliyini tamamilə müqayisə etmək ədalətsiz olar. Öz aramızdır, əgər Tim Kukun Cobsvari uzaqgörənliyi (məhsullar barədə) olduğunu düşünürsünüzsə, bir az məyus olacaqsınız.