Facemark Azərbaycanın təlim bazarında müsbət kefiyyətləri və dəyərləri ilə fərqlənən INNAB Group-un rəhbəri Nahid Nəsirovla müsahibəni təqdim edir:
1. INNAB Group-un əsas missiyası, hədəfləri nədən ibarətdir?!
- INNAB Group olaraq məqsədimiz beynəlxalq standartlara və etik dəyərlərə bağlı, məmnuniyyətə önəm verən şirkətlər qrupu olmaqdır. Peşəkar əməkdaşlarımız və daim yenilənən xidmətlərimiz ilə müştərilərə keyfiyyətli xidmət göstərməyə çalışırıq.
2. INNAB Groupun hansı fəaliyyət istiqamətləri mövcuddur?
- INNAB Təlim Mərkəzi, INNAB Karyera Mərkəzi və INNAB Analitika adlı üç əsas fəaliyyət istiqamətlərimiz mövcuddur. INNAB Təlim Mərkəzi və INNAB Karyera Mərkəzi olaraq hədəfimiz peşəkar inkişafla bağlı karyerasının ilk beş ilində olan və gələcəyini inamla planlayan şəxslərə təlimlər vasitəsi ilə dəstək olmaq, INNAB Analytics olaraq isə müxtəlif şirkətlərə analitika xidmətləri göstərmək, bu sahədə perspektivli şəxslərin yetişdirilməsini həyata keçirməkdir.
3. Formalaşmış şirkətin gələcək perspektivləri və prioritetləri nədən ibarətdir?
- Hədəfimiz növbəti illərdə xidmət strategiyası, korporativ quruluşu, dəyərləri və idarəetmə üsulları ilə yanaşması, həyata keçirdiyi layihələri ilə də dünya miqyasında nümunəvi bir şirkət olmaq və bu dəyəri daimi etməkdir. Eyni zamanda ekspert səviyyəsində savadlı kadrların hazırlanması, əmək bazarındakı işsizlərin mövcud vəziyyətini təhlil edib konsultasiyalar yolu ilə mənfi təsirlərini minumuma endirməklə müvafiq işlə təmininə yardım etməkdir. Xidmət sahəsində isə öncül şirkətlərlə əməkdaşlıq etmək əsas qayəmizdir.
4. INNAB Təlim mərkəzini digər təlim mərkəzlərindən fərqləndirən prinsipləri, xüsusiyyətləri nədir?
- Zənnimcə, bizi fərqləndirən əsas xüsusiyyətlər kimi müəllimlərimizin işə qəbul şərtlərinin elə də asan olmaması və bunun nəticəsndə ələnən peşəkar müəllimləri işə cəlb etməyimiz, öz sahəsində mütəxəssis təlimçilərimiz tərəfindən təlimlərimizin praktiki keçməsi, pedoqoqlarımız tərəfindən optimal dərs saatlarının müəyyən edilməsini göstərə bilərik.
5. Sizin müəllifi olduğunuz “55 Dərsə Excel” kitabı ən çox satılan kitablardan biridir. Sizcə, buna səbəb nə oldu?
- Məncə, Excel proqramının öyrənilməsinə olan yüksək tələb, bu proqramla bağlı hansısa stolüstü kitaba olan ehtiyac, kitabın ehtiva etdiyi mövzuların əhatəliliyi və çatdırılma xidmətinin mövcud olması əsas amillərdən oldu.
6. Mərkəzinizdə hansı beynəlxalq səviyyəli proqramlarından istifadə olunur?
- Mərkəzimizdə beynəlxalq əhəmiyyətli sertifikat almaq istəyən gənclər üçün ACCA F3, ACCA F7, MOSE, PMP və bir çox xüsusi individual təlimlər təşkil olunur. Beynalxalq sertifikatlı müəllimlər tərəfindən tədris edilən bu təlimlər vasitəsi ilə gənclər real iş dünyasına hazırlanıb, biliklərinin beynalxalq səviyyədə təsdiqinə nail olur, həmçinin dünyanın müxtəlif ölkələrində işləmə şansı əldə edir.
7. Daha çox hansı sahə üzrə müraciətlər daxil olur?
- INNAB komandası olaraq aktual və individual təməl üzərində qurulan, həm nəzəri həm də praktiki bacarıqları əhatə edən, bir-biri ilə əlaqəli və sistemli təlim proqramları hazırladığımızdan, hər bir sahə öz hədəf auditoriyası malikdir. Ad çəkməli olsaq Excel, VBA, SQL, Mühasibatlıq və 1C, Praktiki Vergi uçotu, Əmək məcəlləsi və kadr kargüzarlığı, Performans dəyərləndirmə, Layihələrin idarə edilməsi, Biznes statistikası, Tableau, Phyton, Power BI təlimlərimizi xüsusi qeyd etmək mümkündür. Həmçinin yeni dizayn etdiyimiz “BI mütəxəssisi” və “Data analitikası” təlimləri son dövrdə müraciət sıxlığı baxımından xüsusi rəvacdadır..
8. Maraqlıdır, təlim mərkəzi ilə yanaşı bir analitika komandasına sahib olmaq çətinlik yaratmır ki?
- Hər bir işdəki kimi bu işin də öz çətinlikləri mövcuddur. Analitika işini şirkətlərdə bu sahə üzrə ixtisaslaşmış xüsusi komanda yoldaşlarımız həyata keçirir. Düzdür, fokuslanmaq baxımından çətinlik yaratsa da, bu işdən alınan zövq bu çətinliyi kölgədə qoyur.
9. Karyera Mərkəzi olaraq gələcək planlarınızdan danışa bilərsinizmi?
Karyera Mərkəzi olaraq yeni fəaliyyətə başlamışıq. Hədəfimiz maliyyə müstəqilliyinə sahib olmayan şəxsləri kəşf edib onların peşəkar inkişafına dəstək olmaqdır.
10. Mərkəzinizdə hansı sahələr üzrə mütəxəssislərin yetişdirilməsini nəzərdə tutursunuz?
- Əsasən 5 sahə üzrə mütəxəssislərin yetişdirilməsi nəzərdə tutulub: İnsan Resursları mütəxəssisi, Mühasib, Data Analitik, ERP mütəxəssisi və Help Desk mütəxəssisi. Hətta bu sahələr üzrə ilkin işlərə artıq başlamışıq, növbəti mərhələlərdə isə digər peşələridə əlavə edilməsi gözlənilir.
11. Paytaxtda və regionda yaşayanlar namizədlər üçün prosses necə tənzimlənəcək?
- Regionlardan qoşulan tələbələrimiz üçün online təlimlər və xidmətlər göstərəcəyik. Ancaq Bakıda yaşayanlar bir mənalı olaraq bizim ofisə yaxınlaşıb saat 19:00-dan sonra təşkil olunacaq təlim və seminarlarda iştirak edib öz səriştələrini inkişaf etdirmək fürsəti əldə edəcəklər.
12. Bəs ödəniş sistemi hansı əsaslar üzərində qurulub?
- İştirakçıların layihəyə qoşulması üçün ilkin ödəniş tələb olunmur, lakin ilkin ödəniş etmək istəyən şəxslərə üçün də heç bir maneə törətməyəcəyik. Əksinə onlar bizdən 20% endirim əldə edərək layihəyə qoşula biləcəklər. Lakin namizədin ilkin ödəniş etməyə imkanı yoxdursa o zaman , o layihəyə qoşulacaq, təlimlərdə iştirak edəcək, işə düzələcək və işə düzəldikdən sonra 6 ay müddətində bizə həmin pulu geri qaytaracaq.
13. "14 günə nizamlı həyat" adlı layihəniz oldu və orda şəxsi həyatımızı sistemləşdirməkdən danışmısınız. Sizcə, gənclər niyə sistemli yaşamalıdırlar?
- Məncə, tək gənclər deyil, yaşından asılı olmayaraq istənilən şəxs nizamlı yaşamaq üçün səy göstərməlidir. Çünki, bizim sahib olduğumuz resurslar məhduddur və yalnız bu resurslardan ən optimal istifadə sayəsində insan həm özü, həm də cəmiyyət üçün faydalı ola bilər.