“Google” şirkəti ilk pilotsuz avtomobili 2010-cu ildə təqdim etmişdir. İstehsalçının sözlərinə görə, bu avtomobil idarəetmə zamanı sürücünün iştirakını tələb etməməklə yanaşı, onun sükan arxasında həm rahat, həm də təhlükəsiz əyləşməsini təmin edir. Yaxın günlərdə Stiv Mahan adlı şəxs tamamilə kompyuterlə idarə olunan avtomobili sürməklə bunu öz şəxsi nümunəsində sınaqdan keçirmişdir.

Stivin görmə qabiliyyətini itirdiyini nəzərə alsaq, bu doğrudan da valehedici avtomobil yarışıdır. YouTube videoxidmətində texniki sınağın 3 dəqiqəlik videosuna baxışların sayı bir neçə gün ərzində yarım milyonu ötmüşdür. Qeyd olunur ki, eksperiment tamamilə qanunauyğun olaraq həyata keçirilmişdir. Marşrut yerli polis departamenti ilə əməkdaşlıq əsasında dəqiqliklə düşünülmüşdür. Avtoyarışda sərnişin qismində isə təhlükə və ya gözlənilməyən hadisə zamanı maşının hərəkətini dayandırmaq üçün şirkət mütəxəssisləri iştirak etmişlər.


“Avtopilot maşınlar”ın yaxın vaxtlarda satışa çıxarılacağı istisna olunmur. Belə ki, artıq Nevada ştatında, qanuna müvafiq dəyişikliklər işlənib hazırlanmışdır. Google isə “özü hərəkət edən” maşınların təhlükəsizliyinə əmin olduğunu bildirmişdir.