Facemark.az “Digital Marketing Conference (DMC)”nin növbəti spikeri Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarovla müsahibəni təqdim edir:
1. Tədrisin rəqəmsallaşmasının ölkəmizdə təhsil sistemində hansı mənfi və müsbət tərəfəri var?
Azərbaycanda rəqəmsal transformasiya uğurla həyata keçirilir. Belə ki, İKT sahəsində yeni infrastruktur quruculuğu, müasir texnologiyaların tətbiqi və modernizasiyası sahəsində mühüm işlər görülməkdədir. Ölkədə gedən rəqəmsallaşma tədbirlərin tərkib hissəsi kimi, son illər təhsilin rəqəmsal transformasiyası üzrə də ardıcıl islahatlar həyata keçirilir. Bu rəqəmsallaşma prosesləri təhsil sisteminin bütün pillələrini əhatə edir.
COVID-19 pandemiyası dövründə təhsilin davamlılığını təmin etmək məqsədi ölkədə ən iri milli onlayn platforma olan “Virtual məktəb” fəaliyyətə başlamışdır. 2020-2021-ci tədris ilinin sonlarına doğru platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 426 721, müəllimlərin sayı 128 186, aktiv istifadəçi sayı 1 123 126 təşkil etmişdir.
2. Təhsilin rəqəmsal transformasiyası dövründə ölkəmiz dünya təcrübəsindən geri qalır mi?
İKT infrastrukturu ilə təminat üzrə qeyd edək ki, hazırda cari il üzrə nəzərdə tutulan 19 min kompüter avadanlığının təhsil müəssisələrinə paylanılması istiqamətində işlər davam etdirilir. Bununla yanaşı, ölkədə mövcud olan ümumi təhsil müəssisələrinin 92%-i Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub, vahid və təhlükəsiz şəbəkə infrastrukturu ilə təmin edilib. Hazırda Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində təhsil müəssisələrinin sürətli fiber-optik bağlantıya keçidi istiqamətində işlər aparılır. 2021-ci ilin sonunadək ölkə üzrə 50 şəhər və regiondan 435 mindən çox şagirdi və 34 mindən çox müəllim heyətini əhatə edən 478 yeni təhsil müəssisənin şəbəkəyə sürətli fiber-optik bağlantı ilə qoşulması nəzərdə tutulur.
3. Bu sahədə olan boşluqları hansı tədbirlərlə doldurmaq olar?
Hazırda Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində təhsil müəssisələrinin sürətli fiber-optik bağlantıya keçidi istiqamətində işlər aparılır. 2021-ci ilin sonunadək ölkə üzrə 50 şəhər və regiondan 435 mindən çox şagirdi və 34 mindən çox müəllim heyətini əhatə edən 478 yeni təhsil müəssisənin şəbəkəyə sürətli fiber-optik bağlantı ilə qoşulması nəzərdə tutulur. Onu da qeyd edək ki, 2020-ci ilədək ölkə üzrə 277 373 şagirdi və 18 919 müəllim heyətini əhatə edən 203 təhsil müəssisəsi sürətli fiber-optik bağlantı ilə şəbəkəyə qoşulmuşdur.
4. Son illər təhsil sisteminin informasiyalaşdırılması üzrə uğurla həyata keçirilən layihələrdən hansını missal göstərmək olar?
Ayrı-ayrılıqda təhsil pillələri üzrə görülən işlərlə yanaşı, bütün təhsil sistemini əhatə edən innovativ yanaşmalar da tətbiq edilir. Belə ki, cari ildə vətəndaş müraciətlərinin operativ və çevik həlli məqsədi ilə Təhsil Nazirliyinin vahid elektron xidmətlər portalında (portal.edu.az) “Vətəndaş müraciətləri” xidməti istifadəyə verilib. Bu xidmət vasitəsi ilə göndərilən müraciətlər tətbiq olunmuş “Müraciətlərin İdarəedilməsi Sistemi” (MİS) hesabına daha qısa zaman çərçivəsində cavablandırılır. Yazılı müraciətlərin icrası ilə müqayisədə elektron şəkildə daxil olan müraciətlər icra müddətini 2 dəfədən çox qısaltmış olur.
Peşə təhsili üzrə yaradılan innovativ məzmun üzrə hazırda video.edu.az portalında 338 video dərs mövcuddur, il sonuna kimi isə bu rəqəmin 368-ə çatdırılması nəzərdə tutulur. Həmçinin, e-derslik.edu.az portalında peşə təhsili üzrə 288 elektron dərslik vardır.
5. Daha keyfiyyətli təhsil üçün hansı platformalara ehtiyac var?
“Virtual Məktəb” platformasında qeydiyyat və istifadəlilik göstəricilərinin yüksək olması, pandemiya dövründə bütün ölkə üzrə tədris prosesini cəlb etdiyi üçün paltformada şagirdlərin tədris prosesi və fəaliyyətləri üzrə kifayət qədər məlumat toplanmışdır. Belə bir məlumat bazasının olması virelənlər arasında asılılığı araşdıraraq süni intellekt və avtomatlaşdırılmış proqnoz modellərindən istifadə etməklə əhəmiyyətli məlumatların əldə edilməsinə şərait yaratmışdır. Belə ki, şagirdlərin distant təhsil müddətində Virtual Məktəb platformasında keçirdiyi vaxt və həmin şagirdlərin imtahan nəticələri analiz edilərək asılılıq alqoritminin hazırlanması mümkün olmuşdur. Bu alqoritm şagirdlərin tədris fəaliyyətlərinin rəqəmsal izlənməsi və analiz edilməsini, potensial gələcək təhsilin, əmək bazarında tələb-təklif dəyişiminin proqnozlaşdırılmasına imkan verir.