Facemark.az “Digital Marketing Conference (DMC)”nin növbəti spikeri Onneks Lab, Head of Digital Kamal Allazovla müsahibəni təqdim edir:



1. Pandemiya Rəqəmal Marketinqə necə təsir etdi?


Pandemiya dövrü online satışları ciddi şəkildə artırdığı üçün rəqəmsal marketinq fəaliyyəti əvvəlki illərə nisbətən xeyli genişləndi. Daha çox məzmun, reklam büdcəsi və daha çox insan əməyi bu fəaliyyətə cəlb olundu. Nəticədə effektivliyi qoruyaraq onlayn marketinq gəlirlərini artırmaq üçün iş saatlarında, eləcə də əməkdaşların iş yükündə artım hiss olundu. Mənim işlədiyim layihələrin bəzilərində güclü komanda işi, bəzilərində isə bazar təcrübəsi və operativliyə görə bu yükün öhdəsindən uğurla gələ bildik. Ona görə deyə bilərəm ki, təsir olduqca müsbət oldu. Böhranı fürsətə çevirməyi bacardıq və bu bizim üçün faydalı təcrübə idi.



2. Rəqəmsal marketinqin gələcək istiqamətləri və perspektivləri haqqında nə deyə bilərsiz?


Rəqəmsal marketinqin gələcəyi avtomatlaşdırma, data analizi və analitik düşüncədən keçir. Rutin və təkrarlanan proseslərin avtomatlaşdırılması şirkətlərə külli miqdarda qənaət etmə imkanı yaradır. Digər önəmli məqam isə istifadəçilərin vebsayt fəaliyyətlərinin izlənilməsini təmin etmək, ortaya çıxan məlumatların analizi və bu analizlərin biznes hədəfləri əsasında strateji qərarlara çevirməkdir. Bu hissədə isə data analizi və analitik düşünmə işə daxil olur. Bu prosesləri icra etmək üçün reklam platformaların alqoritmlərini düzgün anlamaq, veb izləmə metodlarını tətbiq etmək, veb trafik datalarını düzgün analiz edə bilmək və səhvlərdən nəticə çıxararaq təcrübə formalaşdırmaq mütləqdir.



3. Google display reklamları yaradarkən nələrə diqqət etmək lazımdır?


Bu reklam növündə diqqət edilməli məqam auditoriya, məzmun və reklam yerləşimlərini düzgün seçməkdir. Sistemdə bu "audience", "topic" və "placement" olaraq adlanır. Daha sonra fərqli məzmunları hazırlayıb sistemə yükləmək lazımdır. Animasiya və bannerlərdə istifadəçinin diqqətini cəlb edəcək elementlər olmalıdır. Digər bir məsələ isə kompaniyanın məqsədidir. Biz daha çox insana çatmaq istəyiriksə "Google Ads" reklam alqoritminə verəcəyimiz təklif "CPM" üzərindən olmalıdır. Əgər trafik istəyiriksə "Maximize Clicks", geri dönüşüm (conversion, yəni satış və ya qeydiyyat) istəyiriksə "Maximize Conversions" və ya "Target CPA" təklifindən istifadə etməliyik. Bu məqamlar bizi uğura apara bilər.



4. Online platformada auditoriyanın düzgün seçilməsi kifayətdir mi ?


Bu bəzi hallarda kifayət edir. Lakin unutmamaq lazımdır ki, vebsaytımız istifadəçi gözləntilərini doğrultmalıdır. Yəni məhsul və ya xidmət haqqında düzgün və faydalı məlumat, istifadəçini satışa aparacaq bütün vasitələr orada yerləşdirilməlidir. Reklam platfotmasında isə təklif strategiyası, məzmun strategiyası düzgün seçilməlidir. Digər önəmli məsələ isə brendin kommunikasiyasıdır. Sadəcə "Google" görüntülü reklam ilə satış gətirmək ancaq tanınmış və etibarlı brendlər üçün keçərlidir. Bunun arxasında brend kommunikasiyası, məhsul və ya xidmət haqqında müsbət alıcı təcrübəsi dayanır.



5. DMC–nin sizə nələr qatacağını düşünürsünüz?


Məqsədim qatılacaq şirkət sahibləri və mütəxəssislərlə təcrübəmi bölüşmək, bazara yeni bir vizyon qatmaqdır. Ümid edirəm pandemiya və sərt karantin sonrası rəqəmsallaşma istiqamətində maariflənmədə müəyyən rolum olacaq. İxtisasa yeni gəlmiş şəxslərin düzgün istiqamət alması və mövcud şirkətlərin rəqəmsala düzgün investisiya etmələri üçün paylaşacağım məlumatların faydalı olacağını düşünürəm. Ən əsası isə iştirak etdiyim "Google Ekspert" sammitləri və "Google Partner" fəaliyyətimdən öyrəndiyim və ictimaiyyətlə paylaşa biləcəyim məlumatları bölüşəcəm. İdarə etdiyim milyon dolları ötmüş büdcələrin qazandırdığı təcrübə bu sahəyə ediləcək yatırımları öncədən dəyərləndirmək üçün çox əhəmiyyətlidir.