Facemark.az “Digital Marketing Conference (DMC)”nin moderatoru, Adviad şirkətinin təsisçisi və icraçı direktoru Rasim Davudov ilə müsahibəni təqdim edir:
1. Azərbaycanda reklam bazarını necə dəyərələndirə bilərik?
Bildiyiniz kimi, reklam sektoru pandemiyadan əziyyət çəkən sahələrdən biridir və reklam büdcələri biznesin inkişafından birbaşa aslıdır. Post pandemiya dövründə reklam bazarında da digər sahələrdə olduğu kimi durğunluq hiss olunur.
Pandemiya dövründə televiziya, radio, açıq və qapalı məkanda reklam büdcələri xeyli dərəcədə azalsa da, hazırda bərpa mərhələsindədir. Digital reklam büdcələrində isə artım olmuşdur və bu tendensiya davam etməkdədir. Xüsusi ilə reklam bazarının inkişaf etməsi üçün dövlət tərəfindən də tədbirlər görülməkdədir. Bu yaxında Milli Televiziya və Radio Şurası tərəfindən təqdim olunan yeni ölçüm platforması televiziya kanallarının reytinqlərinin yeni texnologiya üzrə ölçülməsi nəticəsində yeni imkanlar yaradacağına və eyni zamanda digər media kanalların da reytinqlərinin ölçülməsi üçün təşəbbüsün olacagına inanıram.
2. Reklam yerləşdirərkən hansı amillər nəzərə alınmalıdır?
Bildiyiniz kimi, Azərbaycanda ancaq televiziya üzrə ölçüm mövcuddur və reklam yerləşdirdikdə əsas amil reytinqlər əsasında formalaşır. Çox təəssüflər olsun ki, digər medialar üzrə (radio, internet, açıq və qapalı məkanda reklam) heç bir ölçüm olmadığından reklam yerləşdirilməsi zamanı effektiv planlama etmək mümkün deyil.
Televiziya reklamında əsas amillərdən biri hədəf auditoriyası üzrə televiziya kanallarının reytinqi və qiymətinə əsasən büdcənin effektiv bölüşdürülməsi, həmçinin media planlama zamanı reytinqlərə əsasən hədəf kütləsinə uyğun verilişlərin seçilməsidir. İnternet reklamda isə əsas amil reklam büdcəsinin müxtəlif digital platformalarda effektiv bölüşdürülməsidir.
Digər amillər isə bunlardır:
CPM - min görüntünün qiyməti
CTR - klikin görüntüyə nisbəti
CPC - klik qiyməti
CPA və ya CPL - nəticə qiyməti
3. Hazırda reklamları daha çox sosial şəbəkə üzərindən görürük, bunun başlıca səbəbi nədir?
Məlumdur ki, ölkə üzrə 4.3 milyon aktiv sosial şəbəkə istifadəçisi var və təbii ki, reklam verənlərə görə bu platforma hədəf auditoriyasına çatmaq üçün çox böyük imkanlar verir. Pandemiya dövründə bir çox şirkətlər online satışı İnstaqram səhifələri üzərindən edirdilər və nəticədə bu satış kanalları böyüməkdədir.
4. Bir məhsul və ya xidmətin tanıtımı hansı platformalarda daha uğurlu alınar?
Hədəf kütləsinin media kanallar üzrə payına əsasən bölünməsi daha məqsədə uyğundur. Hazırda Adviad platforması bu işdə reklam agentlikləri üçün çox effektiv planlama platforması hazırlayır və növbəti ildən istifadəyə verəcəkdir.