Facemark.az “Digital Marketing Conference (DMC)”nin növbəti spikeri Azercell - Head of Digital Solutions Partnership Nərgiz Tağızadə ilə müsahibəni təqdim edir:



1. Rəqəmsal marketinq nədir?


Rəqəmsal marketinq - marketinqin ən son və ən effektiv komponentlərindən biridir. Hazırda ən aktual, həm satış, həm də gəlir baxımından birbaşa effekti hesablanıla bilən əsas kommunikasiya kanalıdır. Onu da qeyd edim ki, rəqəmsal marketinq sadəcə bir reklam və kommunikasiya deyil, birbaşa satış kanalıdır.



2. Ənənəvi və digital marketinqdə auditoriya hədəfləri necə fərqlənir?


Ənənəvi marketinq adətən tək istiqamətli, eyni zamanda daha geniş hədəf auditoriyasına sahib olur. Bu da özü ilə daha böyük xərclər və bir çox hallarda dəqiq ölçülə bilinməyən nəticələr gətirir. Rəqəmsal marketinqdə isə ənənəvi marketinqdən fərqli olaraq müxtəlif hədəf kütlələri yaratmaq mümkün olur. Orta, kiçik, mikro, hətta nano seqmentlər müəyyənləşdirərək onlara özəl fərdiləşdirilmiş reklamlar və ya məhsul satışlarını gərçəkləşdirmək olur. Rəqəmsal marketinqdə mikro səviyyədə seqmentlərə çıxış əldə edə bildiyimiz üçün məhsulun dizaynını, məhsul və xidmət təklifini müvafiq seqmentlərə uyğun dəyişmək və fərdiləşdirmək mümkün olurki, buda rəqəmsal marketing ən önəmli fərqləndirici amillərindəndir.



3. İnnovasiya yönümlü inkişafın təmin edilməsində yaranan çətinliklər hansılardır?


İnnovasiya yönümlü inkişafın təmin edilməsində əsas faktor insandır, innovasiyanı tətbiq edən və təmin edən fərdlər insanlardır. Bu baxımdan komandanızda innovasiyaya və transformasiyaya açıq olan, texnologiya və texnoloji yeniliklərə tolerant insanların olması vacibdir. Eyni zamanda müəssisənizin innovasiya ilə bağlı qısa və uzun vədəli yol xəritəsinin və məqsədinin, strategiyasının olmamasıda, innovasiya yönümlü inkişafın təmin edilməsində çətinlik yaradacaq məqamlardandır.



4. Biznes mühitinin davamlı inkişafına nail olmaq üçün hansı tədbirlər görülməlidir?


Hər bir müəssisə istər mikro istərsədə makro səviyyədə müvafiq biznes mühitinin inkişafına təsir göstərə bilmə iqtidarındadır. Siz öz daxili proseslərinizi rəqəmsal həllərin tətbiq edilməsi vasitəsilə optimallaşdırdığınızda, öz müəssisənizdə mütamadi şəkildə "Tədqiqat və İnkişaf (R&D/Research and Development)" üzrə daxili proseslərinizin son istehlakçı üçün hazırladığınız məhsul və ya xidmətin mütəmadi təkmilləşdirilməsini təmin etdiyinizdə bütün bu prosesin təmin edilməsi həm sizin inkişafınıza, həm də fəaliyyət göstərdiyiniz bazarın və biznes mühitinin inkişafına müsbət təsir göstərəcəkdir. Biznes mühitinin inkişafında həmin ekosistemin hər bir üzvü mütləq şəkildə aktiv iştirak etməli və öz töhvəsini verməlidir. Bu halda biznes mühitinin davamlı inkişafının təmin edilməsi mümkündür.



5. Azərbaycanda rəqəmsal xidmətlər hansı inkişaf mərhələlərindən keçir?


Ölkəmizdə rəqəmsal həllərdən istifadə getdikcə genişlənir. İstər şirkətlər, biznes, istərsə də fərdi şəxslər səviyyəsində rəqəmsal həllərin sayı artdıqca insanların onlardan istifadəsi də artır. Fərdlər qismində isə müxtəlif rəqəmsal həllərin qlobal bazarda təqdim olunması, vətəndaşlarımızın əksəriyyətinin smartfon cihazı istifadəçisi olması və internetə çıxışının təmin olunması onların gündəlik həyat tərzinin dəyişməsinə gətirib çıxarır, məsələn, daha az televizora baxaraq, daha çox smarfonlardan video kontent həllərini istehlak etməyə başlamışıq. Eyni zamanda artıq musiqini ənənəvi vasitələr vəya cihazlarla deyil müxtəlif tətbiqetmələr vasitəsilə dinləyirik. Reklam sahəsinə diqqət yetirsək, bu özünü rəqəmsal marketinq vasitələrində istifadənin artmasında göstərir və ümümiyyətlə reklama yanaşmanın dəyişməsində göstərir. Əvvəllər şirkətlərin reklam büdcələrinin mütləq əksəriyyəti ənənəvi kommunikasiya kanallarına xərclənirdisə hazırda bu faiz nisbəti dəyişərək rəqəmsal kommunikasiya kanallarına da olan investisiyanı artırıb. Eyni zamanda şirkətlərin daxili proseslərinin avtomatikləşdirilməsi baxımından da demək olar bütün industriyalarda rəqəmsal həllərdən istifadə artıb və artmağa davam edir.