Facemark.az “Digital Marketing Conference (DMC)”nin növbəti spikeri “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktor müavini Soltan Bayramovla müsahibəni təqdim edir:



1. Rəqəmsal hökumətin strateji məqsədi nədir?


Rəqəmsal hökumətin strateji məqsədləri dövlət xidmətlərinin rəqəmsal mühitdə vətəndaş, biznes və dövlət qurumlarının istifadəsinə təqdim edərək, xidmətlərdən istifadəni daha da asanlaşdırmaq və optimallaşdırmaqla yanaşı, səmərəliliyin təmin edilməsinə hədəflənib. Rəqəmsal hökumətin yekun məqsədi ölkədə vətəndaş məmnuniyyətinin təmin edilməsinə, çevik idarəetmə və ağıllı cəmiyyətin formalaşmasına töhfə verməkdən ibarətdir.



2. Rəqəmsal hökumət quruculuğunda cari vəziyyət necədir?


Dövlət xidmətləri reyestrinə istinad etsək, hazırda ümumilikdə 999 xidmət təqdim olunur ki, bunlardan da 492 elektronlaşıb. Bu sahədə dünya ölkələrinin fəaliyyətini qiymətləndirən Birləşmiş Millətlər Təşkilatının Elektron Hökumətin İnkişafı İndeksinin son hesabatında 20 prioritet rəqəmsal dövlət xidmətləri bəyan edilib. Bu siyahı üzrə Azərbaycanda 13 xidmət rəqəmsal formatda, 4 xidmət isə “one-stop-shop” modeli üzrə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində vətəndaşlara təqdim edilir.



3. Azərbaycan hazırda rəqəmsal hökumətə keçidin hansı mərhələsindədir?


Hazırda Azərbaycan reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçid mərhələsindədir. Reaktiv xidmətləri vətəndaşlar özü aşkarlayıb, müraciət edir. Proaktiv xidmətlər isə özləri vətəndaşları tapıb, onları xəbərdar edir. Rəqəmsal portfel rolunu oynayan “myGov” portalı vasitəsilə vətəndaşlara ümumvətəndaşlıq pasportlarının və şəxsiyyət vəsiqəsinin vaxtının bitməsi, habelə ödənilməyən cərimələr və digər istiqamətlər üzrə bildirişlər göndərilir ki, bu da vətəndaşa işini daha yaxşı planlamaq üçün şərait yaradır.



4. Hazırda rəqəmsal hökumət həllərinə maraq necədir?


Rəqəmsal dövlət xidmətlərinə vahid giriş qapısı rolunu oynayan “ASAN Login”də 2,2 milyon istifadəçi var. “myGov”da istifadəçi sayı 726 min təşkil edir. Pandemiya dönəmində əhalinin rəqəmsal xidmətlərdən istifadə vərdişləri daha da yüksəlib və bu yüksəliş yuxarıda qeyd edilən sistemlərdə istifadəçi sayının kəskin artımında öz əksini tapıb.



5. Elektron Hökumətin İnkişafı Mərkəzi üçün strateji əhəmiyyət kəsb edən hansı layihələr icra edilir?


Elektron Hökumətin İnkişafı Mərkəzi dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsindən məsuldur. Bu fəaliyyət çərçivəsində elektron kənd təsərrüfatı informasiya sistemi, dövlət satınalmalarının vahid elektron portalı, “ASAN Finans”, “ASAN ödəniş”, “ASAN Viza”, pilot layihə olaraq fəaliyyət göstərən “ASAN müraciət”, milli məlumat mübadiləsi sistemi “ASAN Bridge” həyata keçirdiyimiz layihələrin bir hissəsidir. Əsas məqsədimiz “non-stop-shop” konsepsiyası əsasında fasiləsiz xidmətlər və yeni texnologiyaları tətbiq etməklə rəqəmsal hökumətə tam keçidi təmin etməkdir.


Onu da əlavə edim ki, sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 illik strateji planı ictimaiyyətə təqdim olunub. Plan çərçivəsində rəqəmsal dövlət xidmətləri üzrə növbəti 3 il üçün strateji hədəflər müəyyən edilib.