Uşaq yaşlarımdan Şuşanı ancaq şəkillərdə, kitab və dərsliklərdə, sonralar isə internetdə görmüşdüm. Az qala hər bayramda eşitdiyim “İnşallah gələn il bayramı Şuşada qeyd edərik” cümləsi çoxu kimi mənimçün də artıq şablona çevrilmişdi. Şuşa haqda söz tapmayanda özüm belə bu şablondan istifadə edərdim. Açığı, gənc yaşımda Şuşada gəzib şəkil çəkdirəcəyimə inanmazdım.
Azad Şuşaya ilk səfərim 32 yaşımda baş tutdu. 19 dekabr 2021-ci il... Xüsusi bir tapşırıqla əlaqədar Şuşaya getməli olduq. “Həm ziyarət, həm ticarət” deyib Şuşanı gəzdim təbii ki... Təssüratlarımı sözlə ifadə etmək asan olmasa da, buna cəhd edəcəyəm.
Yol kənarındakı “Zəfər yolu, Şuşa – 70 km” tablosunu görəndə artıq həyəcanlanmağa başlamışdım. Bu gün hər kəs Şuşaya rahatlıqla gedib-gələ bilmir. Mənə belə bir şans verildiyi üçün çox xoşbəxt idim.
Şuşanın aşırımları deyildiyi qədər varmış, sanki dağa çıxırsan, ancaq üzü yuxarı – yəni zirvəyə... Şuşa nahaqdan qələbənin zirvəsi, zəfər simvolu olan Xarıbülbülün kök atdığı torpaq deyil ki... Dumanlı Şuşa dağlarını qalxdıqca, Şuşa döyüşləri canlanırdı gözümdə... Həqiqətən də bu yolları heç bir maşın qalxmazdı, onu ancaq bizim igidlərimiz qalxmış, deyildiyi kimi də əlbəyaxa döyüşərək, azad etmişdilər şəhəri. Orada olduqdan sonra bu deyilənlərə daha çox inanmağa başladım. Başqa cür mümkün deyildi.
Həmyerlilərimizin nəzarətində olan postları keçmək ürəyə rahatlıq versə də, sülhməramlıların bayrağını görmək və onları uzaqdan izləmək bir qədər kədərə bürüdü məni. Amma “Hamısı müvəqqətidir” deyə düşünüb eyni rahatlıqla düz keçdim.
Şuşa torpaqlarına girər-girməz gördüklərim - sağda-solda aparılan tikinti işləri, restavrasiya olunduğu üçün hasara alınan tarixi abidələrimiz insana necə xoş təəssüratlar, böyük ümidlər verir. Bir neçə il sonra Şuşanın paytaxt olmağa layiq bir şəhərə dönüşəcəyini anlamaq çox gözəl idi. “Kiçik Paris” artıq gözlərimdə canlanmışdı.
Amma adama elə gəlir ki, orada hələ müharibə bitməyib. Sağda-solda rast gəldiyin 5 adamdan 3-ü əli silahlı hərbçi... Dönər almaq üçün dayananlar belə silahlı hərbçilər...
Günorta orada yeni açılmış bir restoranda çay içdik, bizdən başqa digər masaların arxasında əyləşənlərin hamısı silahlı hərbçilər idi. Amma ordakı igidləri də sanki dənə-dənə seçiblər. 1 kəlməsi ilə insanların ürəyini elə rahatladırlar ki!
Şuşaya təxminən səhər saat 11-12 arası çatmışdıq. Havadan belə Şuşa torpağının qoxusu gəlirdi. Elə dərin bir səssizlik vardı ki, şəhərdə. Quşların səsi belə küy verir, qulaqbatırıcı səssizliyi ancaq biz pozurduq.
Şəhərin küçələrini gəzdikcə, adama elə gəlir ki, Şuşa 1990-cı illərdən birbaşa 2020-ci ilə keçib. Orda olduğum gün elə bilirdim ki, həmin illərə geri dönmüşəm. Ermənilər Şuşada 30 ilə yaxın bir müddət ərzində yaşasalar da, sanki özləri də şəhərin qonağı olduqlarını anlayıblar. Şəhəri öz evləri kimi qəbul etməyiblər, yaşadıqları evlərə belə baxmayıblar. Müvəqqəti köçkünmüş kimi, bir müddət yaşayıb, həyatlarını yola verib, sonra da şələ-külələrini götürüb gediblər. Şəhərdə bir dənə də müasir tikilinin olmaması, hər tərəfdə ancaq bizə aid tarixi abidələrin ucalması da bunun mesajını verdi mənə. Nə qədər çalışsalar da, tariximizi məhv edə bilməyiblər. Üzeyirin, Natəvanın heykəlini güllələdikcə, onu daha da möhkəmləndiriblər, dəyərinin nə qədər böyük olduğunu aləmə car çəkiblər istəmədən, bilmədən... Özləri öz əlləri ilə bizə aid tarixi sübutlar saxlayıblar.
Daş küçələrdəki köhnə daxmalar, onların üzərində əsgərlər tərəfindən yazılan tarixi mesajlar... Divarlara baxdıqca insan öz beynində cürbəcür hekayələr uydurur. O evlərdə yaşayan həmvətənlərimiz, onların başına gələnlər... Hər divar ayrı bir tarixi hekayədir burda. Hələ gəzdikcə yerdə, sağda-solda rast gəldiyim siqaret qutularını, köhnə əşyaları, taykeş ayaqqabıları demirəm... Hər biri bir filmə bərabər...
Şuşada içilən hər qurtum su, orda kəsilən hər tikə çörəyin dadı belə başqa gəlir adama. Elə bil ki, uzun və ağır xəstəlikdən sağalmısan, min bir ləzzətlə yemək yeyirsən, iştaha gəlmisən. Elə bil böyük bir faciədən döndüyünü anlamısan və həyatın dadını çıxarmağa başlayırsan, hər yaşadığın dəqiqəyə şükür edirsən. Şuşada axşam yeməyi yeyərkən, bunları düşünürdüm. Cümlənin gözəlliyinə baxın: Şuşada axşam yeməyi...
Şuşanın havasını ciyərlərimə çəkərkən belə, çox kədərlənirdim. Sanki şəhidlərimizin hüzndolu hekayələri havanın boğazına çöküb.
Başı bəlalı Şuşa – başı dumanlı Şuşa...
Bir gün səndən daha pozitiv notlarla bəhs edəcəyəm. Hələlik çox kədərli görünürsən... Adamı da kədərə qərq edirsən. Amma əsas odur ki, sən azadsan, əziz Şuşa! Sən Azərbaycansan!
Könül Əlibəyli