Facemark.az təlimçi və sosial araşdırmaçı Orxan Şahbaz ilə ''İş mühitində effektiv nitq'' haqqında müsahibəni təqdim edir.



1. Bildiyimiz kimi biznes və iş mühitində kommunikasiya bacarıqları vacib rol oynayır. Sizcə effektiv nitq niyə bu qədər əhəmiyyətlidir?


Nitqi doğru və effektiv şəkildə qura bilmiriksə, qarşıdaki insan bizim nə bildiyimizi bilmir. Bizim nitqimiz necədirsə, qarşıdaki insan da ona uyğun cavab verəcək. Buna görə də xüsusi ilə biznes mühitində insanlarla ünsiyyətdə necə danışmaq lazım olduğunu təxmin etməli və buna uyğun nitq qurmağı bacarmalısan.


2. Özünü ifadə və təqdimat bacarığını təkminləşdirmək üçün nələr edilməlidir?


Qeyd etdiyim kimi nitqimizi qarşımızdaki insana uyğunlaşdırmalıyıq. Unutmayaq ki, bizim qarşımızda olan şəxsin kimliyi və onun nə istəməsi çox önəmli məqamdır. Digər əsas məsələ isə insanlarla çoxlu kommunikasiya qurmaqdır. Müxtəlif insanlarla müxtəlif mövzularda ünsiyyət qurmaq düşünürəm ki, çox faydalıdır. Eyni zamanda öz sahəni mükəmməl bilməklə yanaşı, digər sahələr haqqında da baza biliklərə sahib olmaq, insanlarla müzakirə edərək təkmilləşdirmək nitqimizi və təqdimat bacarıqlarımızı daha da inkişaf etdirəcək.


3. İşgüzar danışıqların uğurlu nəticəsi üçün müştəri ilə davranış qaydaları necə olmalıdır?


Bu mövzuya toxunmağımız əslində çox maraqlıdır. Burada xüsusi bir məqam var - MPD qaydası. Yəni maraq, problem və duyğu. Qarşıdaki bütün insanlar və müştərilər maraqlarına uyğun olaraq hərəkət edirlər. Müştərilərin maraqlarına uyğun nitq qurub, onların problemlərini öyrənib, bu problemə həll təklif edib, təklif olunan həlli duyğusallaşdırdıqda qarşıdaki müştəri ilə daha effektiv davranış prosesi olmuş olur.


4. Auditoriyanın idarə edilməsi üçün hansı bacarıqlar olmalıdır insanda?


Əvvəla onu bilmək lazımdır ki, auditoriyada kimlər əyləşib. İlk dəqiqələrdən bəlli etmək olur ki, tələbədir, məktəblidir və s. Daha sonra auditoriyanın ümumi ortaq maraqları olur. Bizlər də o maraqlara uyğun olaraq nitq səsləndiririk. Çoxlu hekayələr danışmaq, yumor bacarıqları, ritorika, düşüncənin sadə şəkildə insanlara çatdırılması bu bacarıqlar arasındadır.


5. Danışarkən biz adətən qarşımızdaki insanın təsdiq və ya narazılıq mesajını həmin şəxsin üz ifadələri vasitəsilə alırıq. İş mühitində bədən dilinin rolu nədir və necə istifadə olunmalıdır?


Bədən dili çox vacibdir, çünki o qeyri-iradi, şüuraltı baş verir. Və biz bunu çox zaman idarə edə bilmirik. Danışıq prosesində pozitiv, müsbət, qarşı tərəfi incitməyən bədən formasını almaq qarşı tərəf üçün daha effektiv olacaq. Həm daha güvənli dayanmalı, həm də qarşı tərəfi əzməməliyik. Bu balansı qoruyaraq bədən dilimizdən doğru istifadə edə bilərik.


6. Nitqimizi necə inkişaf etdirə bilərik?


Nitq psixoloji bir prosesdir. Burda qaydalar və kiçik texnikalar var. Qarşıdaki insanın psixologiyasına uyğun danışılan hər nitq uğurlu alınır. Bir insan səlis danışa bilər, amma effektiv alınmaya bilər.