Facemark.az Teymur Məmmədovun ''Həyatı öz ritminlə yaşa'' mövzusunda köşə yazısını təqdim edir.
Reklam məhsullarının istər bədii, istərsə də marketinq baxımından effektiv olması üçün bu sahədə fəaliyyət göstərənlər müxtəlif alətlərə və məqbul vasitələrə əl atırlar. Bu gün satışın həlledici amil olduğunu hər kəs bilir. Əslində hər şeyin, hətta fikrin özünün belə satılmasının vacib olduğunu da hər birimiz yaxşı başa düşürük və bu da bizdən istedad, kreativ yanaşma və yorulmadan resurslar axtarışı tələb edir.
Uzun illər reklam sahəsində çalışdığımdan çox detallara diqqət yetirirəm. Yeni minilliyin əvvəlində mobil rabitə opreatorlarının birinin əvvəlcədən ödəniş xidməti üçün uğurlu reklam çarxı üzərində çalışmışdıq. Ölkə tarixində kino lentinə ilk (məncə, həm də yeganə olmaqla) çəkilən həmin reklam çarxına özəl və oynaq cinql də yazılmışdı.
Həmin cinql sonralar bir mahnı kimi də sevilirdi. Amma məqsədim burada tarixə ekskursiya etmək deyil. Sadəcə xatırlamağa çalışdım ki, deyəsən, bu cinql da bir ilk olmuşdu. Gözəl ritmə dayanıqlı olduğundan ciddi qarşılandı və kütləvi sevildi. Hətta uşaqlar ad günlərində belə bu cinql sədaları altında rəqs edirdilər.
Əslində bu sətirləri yazmaqda da mənim əsas məqsədim məhz rəqs və reklam bağlantısı mövzusudur. Bəhs etdiyim 70 saniyəlik reklam çarxında bütün görüntülər orijinal rəqs elementləri üzərində qurulub. Rejissor Əzəl Okay da əslində peşəkar rəqqas olmuşdur, 10 ildən çox zaman kəsiyində Kanadada peşəkar səhnədə uğurla çıxış etmişdir. Yeri gəlmişkən, Okay, eləcə də, GƏL, EY SƏHƏR mahınısına çəkilən klipin də rejissorudur.
Müasir reklamda rəqsdən fəal istifadənin tarixi qədim olmasa da, hər halda, az da deyil. İlk dəfə rəqs reklamda ötən əsrin 30-cu illərində müşahidə olundu. Bu bir ilk, həm də uğurlu ilk olaraq diqqəti cəlb etməkdədir. O zaman İsveçdə şəkərsiz konfetlər istehsal olunurdu. Lökerel kimi məşhurlaşan bu konfetlərin bazarda irəlilədilməsində rəqslər bir nümayiş aləti kimi ciddi dəstəkçi, sonralar isə motivator rolunda daha faydalı təsir bağışladı.
50-ci illərdən etibarən rəqslər reklama üzvi element kimi həmişəlik daxil oldu. İnanmaq istərdik ki, bu oynaq və işlək resursdan müasir reklamda bizim ölkəmizdə də daha geniş istifadənin zamanı gəlib çatmşdır. Üstəlik, bu günün rəqəmsal kontent imkanları və sosial media məcraları bunu təsdiq etməyə real imkan verir.
Müşahidələr göstərir ki, rəqslərdən avtomobillərin reklamında daha tez-tez istifadə olunur. Bu da təsadüfi deyildir. Avtomobil müasir həyatın ayrılmaz parçası olmaqla bərabər, həm də dimamikliyin, uğurun, sürətin və sərbəstliyin mücəssiməsi kimi aktuallaşır. İndi daha çox insan üçün daha çox avtomobil ersıdır, daha sürətli zaman, daha böyük hədəflər zamanıdır.
60-cı illərdə reklamda rəqsin rolu ərzaq mallarının, xüsusilə də sərinləşdirici içkilərin təşviqində daha intensiv istifadə olunurdu. Rəqs insanlarda enerjini coşdurur, özünüifadə hissini və əyləncə meylini gücləndirirdi, gənclik ruhunu və aktiv həyat tərzini daha da doğmalaşdırır və kütləviləşdirirdi.
Reklam çarxlarında rəqsdən istifadə heç də bütün hallarda uğurlu olmayıb. Əgər 1984-cü ildə Maykl Ceksonun Pepsi reklamında rolu möhtəşəm qarşılandı və markaya faydası böyük oldusa, sonralar Britni Spirsin iştirak etdiyi və ən bahalı Pepsi reklam çarxında böyük fiasko yaşandı. Əlbəttə, sonralar bu ibrətamiz dərs çxları üçün çiddi örnək oldu.
Qeyd edək ki, reklamda ifaçı, məşhurlar, habelə rəqsin və mahnı ifasının iştiraksı olan şəxsiyyətə dayanıqlı irəlilətmə məqamlarında çox diqqətli yanaşmaq və ona münasibətdə uzaqgörən olmaq tələb olunur. Əks halda, qaş düzəltdiyin yerdə vurub göz çıxararsan. Məsələn, Evian sularının reklam çarxı ciddi örnək ola bilər. Baxış sayı 80 milyona yaxınlaşan bu çarxda rolikli uşaqların enerjisi və inanımaz nikbinlik bəxş edən rəqsi insana müsbət aura aşılayır və hətta bu reklam çarxı Ginnesin rekordlar kitabında da özünə yer alır.
Rəqslər minilliklərin ruhunu, ətrini, energetikasını bu günə daşıyır. Reklam isə bu günü qırılmaz zəncir bütövlüyü ilə sabaha aparır. Reklam insanların dünyagörüşünü, zövqünü, həyat tərzini yeniləyir, istehlak ehtiyaclarını qarşılayır, daha mənalı və dərindən yaşamanın zəruriliyini təkrar-təkrar vurğulayır.
Reklam adi günlərin cansığıcı yükünü azaldır, mühafizəkarların kirəc bağlayan həyat tərzinin üstündən zamanın tozunu silir, insanın təşəbbüskarlığını, hərəkətliliyini yüksəldir. Rəqsin və reklamın agəngdar və üzvi vəhdəti isə həyata yeni rənglər, yeni boyalar qatır, yaşanan yeni günün ömrünü uzadır, qəddimizin məişət məngənəsində saxılıb-bükülməsinə imkan vermir, insanları aktivliyə səsləyir, həyata daha nikbin baxmağa, həyatı fərqli yaşamağa ruhlandırır.
Teymur Məmmədov